Yaxşı ki, taleyim əlində deyil

0
85

Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.

 

 

Ay zər

Yaxşı ki, taleyim əlində deyil,
Olsaydı, verməzdin gün mənə, ay zər,
Bu puç dünyada da “mars” edib məni,
Verərdin haqqımı düşmənə, ay zər.

İxtiyar sahibi deyilsən, şükür,
Amma çox yaltaqlar “yek”indən öpür,
Nə qədər xətrindir, üzümə tüpür,
Nifrətim çoxalsın qoy sənə, ay zər.

Kimiyə bir mələk donunda qızsan,
Kiminin gözündə tamam arsızsan,
Sən də dövran kimi etibarsızsan,
Çoxları dözəmmir zərbənə, ay zər.

Verirsən, xanalar tez dolur, gedir
Vermirsən, bostanda bar solur, gedir,
Sənə bel bağlayan “mars” olur, gedir,
Yanında hazırdır məngənə, ay zər.

Zalım şahlar kimi, çox sitəmkarsan,
“Şeş” dedim, “yek” verdin, gördüm ki, karsan,
Olsa ixtiyarın, məni satarsan,
Bilirəm, hər yoldan ötənə, ay zər.

Kimə xoş baxırsan, məzə-meylidi,
“Yek”in yazıq Məcnun, “şeş”in Leylidi,
İsaməddin səndən çox gileylidi,
Salmısan dumana, gah çənə, ay zər.

İsaməddin Əhmədov, Zərdab şəhəri, “Əkinçi” qəzetinin redaktoru