Həsən bəy Zərdabinin yorulmaz tədqiqatçısı, dəyərli alim Eldəniz Həsənovun mənalı həyat yolu barədə

4
6313
eldeniz-hesenov-zerdab
Eldəniz Həsənov, Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakultəsinin müəllimi.

Alimin, ziyalının yaradıcılığında bu günümüz və gələcəyimiz üçün önəmli olan hansısa bir tapıntı, yenilik, mütərəqqi ideya, elmi-tədqiqat əsəri ortaya qoyulursa, deməli bütün bunlar millətin, dövlətin yaşamasından, onun gələcəyinə nur saçan tarixi xidmətlərdən xəbər verir. Bütün bu xidmətlər isə alim ömrünün şam kimi əriyən canı, qanı bahasına, gecəli-gündüzlü gərgin əməyi nəticəsində ərsəyə gəlir.

Belə bir tanınmış, əsl Azərbaycan ziyalılarından, alimlərindən biri də Eldəniz Əli oğlu Həsənovdur. Bu ziyalı insanı dərindən tanıdığım və yaradıcılığına bələd olduğum üçün, həyatının ən müdrik, qaynar çağını yaşadığı bir vaxtda-anadan olmasının 55 illik yubileyi ərəfəsində  əlimə qələm götürüb onun haqqında yazmaq qərarına gəldim.

Haqqında söhbət açacağım insan, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, tədqiqatçı, zərdabişünas, əsl Azərbaycan ziyalısı olan Eldəniz müəllimin həyatı və yaradıcılığı televiziya ekranlarından, radio efirlərindən, mətbuat səhifələrindən, respublika əhəmiyyətli mötəbər tədbirlərdəki çıxışlarından Azərbaycan xalqına yaxşı bəllidir.

01 aprel 1958-ci il tarixdə Zərdab rayonunun Dəli Quşçu kəndində (keçmiş Lələ Əhmədli kəndi) dünyaya göz açan Eldəniz Həsənov 1976-1981-ci illərdə S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli  Azərbaycan  Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və Azərbaycanda “yerquruluşu ixtisası” üzrə bu təhsil ocağının ilk buraxılışının məzunu olaraq institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1981-ci ilin oktyabr ayında gənc mütəxəssis kimi təyinatla Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otlaqlar idarəsinə göndərilmiş və burada böyük yerquruluşu mühəndisi kimi əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildə keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun yüksək ixtisaslı rəhbər kadrlar hazırlayan fakültəsini bitirmişdir.

1982-1992-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Dövlət Aqrar-Sənaye Komitəsinin, Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mərkəzi aparatında Baş yerquruluşu, torpaq istifadəçiliyi və torpaq kadastrı idarəsində aparıcı mütəxəssis, baş mühəndis vəzifələrində, 1992-ci ilin iyun ayında bu idarənin bazasında yaradılan Respublika Dövlət Torpaq Komitəsində şöbə müdirinin müavini, şöbə müdiri və idarə rəisi vəzifələrində (1992-1997-ci illər) işləmişdir.

E.Həsənov respublikada həyata keçirilən torpaq islahatı ilə əlaqədar 1997-ci ildə istehsalat sahəsinə cəlb olunmuş və 15.09.1997-ci ildən 10.07.2009-cu ilədək DT və XK-nın Dövlət Yerquruluşu Layihə İnstitutunda şöbənin baş mühəndisi, İnstitutun baş mühəndisinin müavini, şöbə rəisi vəzifələrində çalışmışdır. Yerquruluşu xidməti sahəsində fasiləsiz olaraq 30 ilə yaxın bir müddət ərzində kənd təsərrüfatında yerquruluşu tədbirləri sisteminin işlənib hazırlanmasında və həyata keçirilməsində, respublikanın Torpaq Məcəlləsinin, bir sıra hüquqi-normativ aktların, əsasnamələrin hazırlanmasında böyük əməyi olmuşdur. Respublikada torpaq islahatının həyata keçirilməsində, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərinin təşkili və həyata keçirilməsində təcrübəli yerquruluşu mütəxəssisi-alim kimi onun böyük xidmətləri olmuşdur.

2009-cu ilin mayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılan zaman yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə sahəsində daşınmaz əmlak-torpaq kadastrı işinin bilicisi, tanınmış, təcrübəli mütəxəssis-alim olması nəzərə alınaraq o bu sahəyə dəvət olunmuş və 10.07.2009-cu il tarixdə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin baş mühəndisi vəzifəsinə, 26.07.2010-cu ildə isə Xidmətin Aparatında baş məsləhətçi vəzifəsinə təyin olunmuş və hazırda bu vəzifədə çalışır.

Eldəniz Həsənov Azərbaycanın bütün bölgələrini, kəndini-kəsəyini qarış-qarış gəzən tanınmış torpaq işçisi, yerquruluşu mütəxəssisi, torpaqşünas, təbiətşünas, eroziyaşünas alimdir. O, 8 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 150-dən çox elmi-publisistik məqalənin, o cümlədən müxtəlif elmi-praktik konfrans və seminarlarda, mətbuatda, radio-televiziya verilişlərində yüzlərlə çıxış, məruzə və məqalələrin müəllifidir.

Dərin elmi bilik sahibi olan alim həmkarımın tədqiqat sahəsi çoxsahəli və çoxşaxəlidir. Belə ki, onun tədqiqat sahələrini Böyük Qafqazın cənub hissəsində torpaqların ekoloji, genetik xüsusiyyətləri, antropogen gərginlik nəticəsində münbitlik parametrlərinin dəyişməsi və eroziyaya qarşı mübarizə tədbirləri sisteminin işlənib hazırlanması, Böyük Qafqazın cənub hissəsinin yay və qış otlaqlarının müasir vəziyyəti, ərazidə yayılan əsas bitkilərin geobotaniki səciyyəsi, yemlilik xüsusiyyətlərinin təyin olunması, yaxşılaşdırılması və səmərəli istifadə yollarının müəyyənləşdirilməsi, torpaqların keyfiyyətcə, iqtisadi və ekoloji cəhətdən qiymətləndirilməsi, Azərbaycan daxilində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazilər daxilində fəaliyyət göstərmiş yer-yurd, yaşayış məntəqələrinin (xüsusilə indiki Zərdab rayonunun ərazisində) adlarının dəqiqləşdirilməsi, onların tarixi, coğrafiyası, etnoqrafiyası, arxeologiyası, təbiət abidələri, təsərrüfat fəaliyyəti, tarixi şəxsiyyətləri haqqında araşdırmalar, Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsinin tədqiqi və sair təşkil edir.

Eldəniz müəllimin müdafiə şuralarında iştirakı, alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinə rəsmi opponent təyin olunması, dissertasiyaların  avtoreferatına rəy bildirməsi onun əsl elm adamı olmasından xəbər verir.

O, Azərbaycan Respublikası Torpaqşünaslar Cəmiyyətinin, Dokuçayev adına Rusiya Federasiyası Torpaqşünaslar Cəmiyyətinin, Beynəlxalq Ekoenergetika Akademiyasının, Respublika Ziyalılar  Cəmiyyətinin üzvüdür. “Muğan” media, “Qızıl qələm” mükafatı laureatıdır. Zərdabi irsinin tədqiqində və təbliğindəki əvəzsiz xidmətlərinə, onun yaradıcılığı ilə bağlı yazdığı elmi-tədqiqat işlərinə, elmi-tədqiqat əsərlərinin sayına və sanbalına görə “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Qızıl mükafatı” medalı və diplomu ilə təltif olunmuş, dəfələrlə ayrı-ayrı illərdə “İlin ən yaxşı tədqiqatçı alimi” medalı və diplomuna, “İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi” adına layiq görülmüşdür.

E.Həsənov H.B.Zərdabi irsinin tanınmış, fundamental tədqiqatçılarındandır. O, 2005-ci ildə Həsən bəy Zərdabinin tanınmış tədqiqatçısı kimi “Lider” televiziyası tərəfindən “Əkinçi”nin 130 illik yubileyi ilə əlaqədar “Əkinçidən başlanan” adlı tammetrajlı sənədli filmə, 2006-cı ildə AzTV-də Zərdabi yaradıcılığı ilə bağlı filmə çəkilmişdir.

Eldəniz müəllim əsl Azərbaycan ziyalısı, alimi olaraq dövlətin sosial inkişafında, ictimai, iqtisadi həyatında səmərəli fəaliyyət göstərmiş və hazırda da bu sahədə fəaliyyətini davam etdirir. Paytaxt Bakı şəhərində, eləcə də respublikanın müxtəlif regionlarında keçirilən elmi, mədəni, ideoloji, hərbi-vətənpərvərlik tədbirlərində, görkəmli şəxsiyyətlərin yubiley, ildönümü, abidə-büst açılışı mərasimlərində fəal iştirak edir. Xüsusilə Həsən bəy Zərdabi yaradıcılığı, onun anım günü ilə bağlı elə bir tədbir olmaz ki, Eldəniz müəllimi orada görməmiş olum.

O, H.B.Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarının tikintisini və xeyriyyəçilik fəaliyyətini əks etdirən xəritənin, eyni zamanda H.B.Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən xəritənin müəllifidir.

Eldəniz müəllimin mətbuat orqanlarında işıqlandırılan, www. zerdab. com saytı vasitəsilə yayımlanan “Həsən bəy Zərdabi yerquruluşu elminin və torpaq islahatının banisidir” (17.08.2004), “Həsən bəy Zərdabi aqrar elmlərin banisi, əkinçilik mədəniyyətinin yaradıcısıdır” (25.06.2005), “Həsən bəy Zərdabi meşəşünaslıq elminin banisidir” (16.07.2005), “Azərbaycanda bitkiçilik elminin inkişafında Həsən bəy Zərdabinin rolu” (04.08.2005), “Dahilər heç vaxt unudulmur” (25.02.2006), “O ümid edir ki, siz onun üçün yaxşı ata və ana olacaqsınız” (18.08.2007), “Milli oyanış və mədəni tərəqqi” (27.10.2007), “Həsən bəy Zərdabinin böyük dostları” (05.07.2008), “Böyük alim kəndlilərin yaxın dostu” (28.11.2008), “Hələ də çoxları Həsən bəy Zərdabinin yerquruluşu elminin banisi olduğunu bilmir” (13.06.2009), “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” (iyul, 2009), “Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı” (avqust, 2010), “Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində getmiş bəzi yazılarını olduğu kimi oxuculara təqdim edirik” (avqust, 2010 – may, 2011), “Əlimərdan bəy Topçubaşovu Həsən bəy Zərdabi ailəsinə bağlayan sevgi” (07.03.2012), ”Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı variantları, Mingəçevir su anbarı tikintisini, xeyriyyəçilik fəaliyyətini əks etdirən xəritə” (25.04.2012), “Həsən bəy Zərdabiyə məxsus torpaq sahələrinin yerini əks etdirən xəritə” (19.05.2012), “Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?- Həsən bəy Zərdabinin və onun ailə üzvlərinin keşməkeşli həyat yolları” (31.05.2012), ”Həsən bəy Zərdabi qədim Zərdab kəndini necə görmək istəyirdi?” (17.07.2012), “Həsən bəy Zərdabinin Azərbaycanda suvarma kanallarının çəkilməsi, içməli su mənbəyinin yaradılması zərurəti ilə bağlı 130-140 il bundan öncə verdiyi ideyalar, elmi təkliflər və tövsiyələr” (13.08.2012), ”Kür çayında gəmiçilik” (Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə yazdığı məqalə barədə) (09.10.2012), “Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin vurduğu ziyanlar”-Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə yazdığı məqalə barədə” (22.11.2012) və digər tədqiqat işlərini sadalamaqla bildirmək istəyirəm ki, tədqiqatçı alimin təqdim etmiş olduğu həmin materiallarda o, bizlərə məlum olmayan səhifələri üzə çıxarmış, həlli vacib olan məsələləri gündəmə gətirmiş və bu işin qlobal məsələ olmasını, aktuallıq kəsb etməsini biz alimlərin, ümumilikdə hər bir Azərbaycan ziyalısının diqqətinə çatdırmışdır.

Yuxarıda qeyd etdiyim kimi, digər sahələrlə yanaşı Zərdabi irsinin yorulmaz, cəfakeş tədqiqatçısı olan Eldəniz müəllimin bu sahədə də əməyinə daima yüksək qiymət verilir. Heç də təsadüfi deyildir ki, 2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə və onun 170 illik yubileyinə görə o, Azərbaycan Mətbuat Şurası tərəfindən “Həsən bəy Zərdabi diplomu” ilə təltif olunmuşdur.

Bu bahar günlərində torpağın, təbiətin oyandığı vaxtda, ömrünü-gününü, elmi potensialını doğma xalqına həsr etmiş Eldəniz müəllimi 55 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, ailə səadəti, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərinə götürdüyü vəzifələrin həyata keçirilməsində yaradıcılıq nailiyyətləri, müvəffəqiyyətlər arzulayıram.

P.S. Bu təbrikə www.zerdab.com saytının kollektivi də qoşulur.

 Məhərrəm Məmmədli, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

4 ŞƏRH

  1. Hörmətli həmyerlimizl və dəyərli alimimiz Eldəniz müəllim sizi qarşidaki AD GÜNÜNÜZ -yubileyiniz münasibəti ilə təbrik edirəm.Sizə hamsindan qiymətli olani Can sağliği və elmi araşdirmalarinizda uğurlar arzulayiram.

  2. axsam bir yerde toyda idik yan yana oturmusduq hec aglimada gelmez ki yanasi oturdugum insan haqqinda seher metbuatda oxuyuram….

  3. Живите так, как вы хотите сами
    Прожить восторгом утренней зари!
    И добрый жест Земли под Небесами
    Подарит вдохновение любви!

Comments are closed.