Ağamməd əmi və Ağca xala

4
35

 

Sevil_Gültən
Sevil Gültən

Kənddə  ən yaxın qonşumuz onlardır. Çəpərin o üzü onların evidir,  bu biri üzü bizim ev… Əslində,  heç fərli çəpər də yoxdu arada… Təbii çəpər…Onların məhləsi ilə bizim məhlənin “ sərhədd xəttində”  qarğı bitib. Uzun, yoğun qarğılar…Daha çəpər çəkməyə ehtiyac da yoxdur.

Onlar evlənəndə mən uşaq idim.  9-10 yaşım olardı. Söz-söhbətdən anlayırdım ki, Ağamməd əmi Ağcanı almaq istəmir. Daha bilmirəm  o başqa qız istəyirmiş ya yox, amma almaq istəmirdi onu. Ağca onun dayısı qızıydı. Heç adına layiq deyildi. Qapqara idi. Deyirəm, görəsən onun adını qoyanda heç mənasını biliblərmi? Qapqara qız- adı Ağca! Kim bilir, bəlkə “ Qaraca qız” filminə baxandan sonra qoyublar onun adını? Ağca kimi firavan yaşamasını arzulayıblar? Bilmirəm… Elə qara qızlar var ki, suyuşirin olur. Amma Ağcada suyuşirinlikdən heç bir əsər-əlamət yox idi. Uzunsifət, gözləri bir az domba…

Bircə onu bilirdim ki, Ağamməd  əmi hətta evdən qaçıb getmək istəyirmiş. Nəhayət çar-naçar razı oldu.

…Toyları yadıma düşmür. Yadıma düşən daima onların evindən gələn səs-küydür. Hər gün dalaşırdılar. Hər gün  Ağamməd əminin qışğırığını eşidirdim. Barı işlək olaydı Ağca . Yox, eşitdiyimə görə elə əvvəldən tənbəl olub. Yazıq Ağamməd əmi məcbur olub özü görürdü qadın işlərinin çoxunu.. Elə gün olurdu ki, səs-küy gəlmirdi həyətlərindən…Bax, onda bilərdik ki, Ağamməd əmi yenə Ağcanı döyüb yollayıb dədəsi evinə. Dədəsi evi də ki uzaq deyildi. Yolun o biri üzündə. Bir- iki gün keçəndən sonra Ağca özü qayıdıb gəlirdi. Beləcə dalaşa-dalaşa yaşadılar. Üç uşaqları oldu. Daha Ağamməd əmi barışmışdı qismətinə düşənlə. Səs-küy də az gəlirdi onların evlərindən. Söz düşəndə Ağamməd əmi deyirdi ki, kişiyə arvad qocalanda gərək olur. Qocalanda qulaq  yoldaşı gərəkdir həm qadına, həm kişiyə. Ağamməd əmi Ağcanı qocalıq illərinin qulaq yoldaşı hesab edirdi daha.

…Beləcə illəri bir –bir yola verdilər. Uşaqları böyüdü, qızlarını köçürdülər,  iki oğlanlarını evləndirdilər…

Kiçik oğlu ailəsi ilə birgə onlarla yaşayırdı…50 yaşdan sonra Ağca havalandı. Həkimlərin dediyinə görə  keçid dövründə bəzi qadınlarda bu hallar baş verir. Ümid etdilər ki, keçib gedər…Amma…keçib getmədi…getdikcə havalandı Ağca…Hətta bir dəfə, qış günündə gedib özünü Kürə atdı. Tutub gətirdilər.

…Bütün günü öz-özüylə danışır, hərdən qışqıqırır. İnsanlarla  söhbət etmir, toyuq-cücəylə danışır…Kişik oğlu yaşaya bilmədi anasıyla bir yerdə. Torpaq aldı, ev tikdirib köçdü.

İndi o evdə bir Ağca xala yaşayır,  bir də Ağamməd əmi…Ağamməd əminin səsi eşidilmir həyətdən. Kiminlə danışsın axı?

…Həyət-bacada iş-gücünü qurtarıb gedib dayanır darvazanın ağzında…Ağcanın qışqırığından, öz-özünə deyinməsindən qaçıb qurtarmaq üçün yer axtarır…

Amma hara getsə də gecələr evinə gəlir….Sevmədən, sevilmədən yaşadıqları bir evə…

Qocalıb Ağamməd əmi…Ağca da qocalıb…Ölməyib Ağca…Amma Ağamməd əminin qulaq yoldaşı deyil o…

4 ŞƏRH

  1. Maraqli bir heyat hekayesidi cox saqolun Sevil xanim
    Bes bu ailenin xowbext olmamasina sebeb nedi?Mecburen uwaqlarini evlendiren valideyinlerin verdikleri qerar?ve ya iki insanin bir yerde sevgisiz yawamasi?Axi bezen sevgisiz bir birine hormet etmekle bir birini bawa duwe bilmeklede insan xowbext aile yarada bilir.Belke talehin yazisidi bu?
    Sevil xanim siz Aqamehemmed eminin yawadiqini qeleme almisiniz bizlerle paylawmisiniz.Mene maraqlidi yaziq o Aqca xala neler cekib bu heyatda.bexti qara Aqca xala …

  2. maraqli movzudu,bir az eqaistlik var, ALLAhin yaratdigi banda ag oldu qara oldu farq etmaz,sevgida onam bir-birini basa dusmak,xasiyyat uygunlugudu.Har kasda catismayan cahat var. Ela bizim kandlarda kim yasasa dali olar

  3. Mən yazmışam, onlar qapıbir qonşumuzdur. Əlbəttə, əsas xarici gözəllik deyil. Mən Ağamməd əminin münasibətini yazdım. Bu insanlar sanki bir-birinin antonimi idi. Sevmədən də xoşbəxt olanlar olur….Amma mənə görə onların birgə həyatında ən çox əzab çəkən Ağamməd əmidir..

  4. Salam sevil menem eminqizi sadegul necesen? Sevil bes qagamnan yazdigin hardadi tapmiriq … sagol opurem vaxtin olanda deyersende hara yazdigivi qagam haqqinda

Comments are closed.