Aprel döyüşlərinin igid şəhidi Nurlan Abdullazadənin həlak olmasından 1 il keçir

0
28

Qış gedəndə həmişə özü ilə bizim dərdimizdən, kədərimizdən bir şey aparır. Sonra yazın ən gözəl ayı olan aprel gəlir. Apreldə təbiət füsunkar, titrək bir işıqla dolu olur. Göydən, buludlardan, ağaclardan, çəmənlərdən, güllərdən saçılan bu işıq birbaş insan qəlbinə axaraq onu fövqəladə bir duyğu ilə coşdurur. Nurlanın gənc qəlbindəki bu fövqəladə duyğu vətən torpaqlarının azadlığı idi. O, Azərbaycanımızı canından çox sevirdi – bu, gəlişigözəl sözlər deyil. Nurlan əməli ilə şəxsiyyətini təsdiqlədi. Allahın ona verdiyi can əmanətini Azərbaycan uğrunda fəda etdi. 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurandan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü ailənin yeganə oğul övladı gizir Abdullazadə Nurlan Rasim oğlu aprelin əvvəlində Tər-tər bölgəsində gedən döyüşlərə “atıldı”. Bu anlarda 22 yaşlı gənc vətənin azadlığı uğrunda bütün varlığı ilə “çarpışırdı”.

Aprel döyüşlərində ordumuzun şücaəti ilə Fizuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2 min hektardan çox torpaq işğalçılardan azad edildi.

Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun güclü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu döyüşlərdə şəhid olan igid Nurlanın nəşi 2016-cı il aprelin 5-də doğulduğu Böyük Dəkkə kəndinə gətirilərək Təzəkənd kənd qəbristanlığında dəfn olundu. Zərdablı şəhid gizir Nurlan Abdullazadə aprel döyüşlərindəki qəhrəmanlığına görə ölkə Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli müdalla (ölümündən sonra) təltif edildi.

… Artıq bir ildi ki Nurlan sıramızda yoxdur. Məzarının üzərindən isə ana yurdun ən gözəl gülləri əksik olmur. Aprel döyüşlərinin zərdablı şəhidinə aprel çiçəkləri “lay-lay çalır”.

Qəbrin nurla dolsun!

Allah rəhmət eləsin!

Tərlan ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.