Zərdabın Pərvanlı kənd sakini Samarada tanınmış biznesmendir

1
58

Rövşən Hüseynov Zərdab rayonunun Pərvanlı kəndində anadan olub. Orta məktəbi bitirib Tolyatti Ali Hərbi Komandirlər Məktəbinə daxil olanda ağlına da gəlməzdi ki, gələcəkdə onu zabit karyerası yox, fermer şöhrəti gözləyir.
Rövşən hazırda Rusiyanın Samara vilayətinin Bolşeqluşitsk rayonundakı Yujnı sovxozunda uğurla inkişaf edən “Elmir” məhdud məsuliyyətli müəssisəsinin təsisçisi və rəhbəridir. E. Hüseynov deyir ki, Zərdab rayonunun Pərvanlı kəndində pambıqçı ailəsində böyüyüb: “Atam briqadir olub. Ordudan tərxis edildikdən sonra əvvəlcə kommersiya ilə məşğul olmaq istədim. Alma satdım, sənaye mallarının ticarətinə qoşuldum. Nəhayət, əcdadlarımın “çörək ağacına” – torpağa üz tutdum”.
İlk vaxtlar bir xeyli zəhmətə qatlaşandan sonra vəsait toplayıb iki köhnə traktor alıb: “Birinci il icarəyə götürdüyüm 350 hektarda taxıl əkdim. İki ildən sonra artıq 3 min hektar torpağı becərməyə başladım. Hazırda 6000 hektarda çalışırıq. Bu gün naxırımızda 502 baş qaramal var. 300-ə yaxın qoyun saxlayırıq”. Qoyunçuluğun daha sərfəli olduğunu vurğulayan həmyerlimizin təsərrüfatında hazırda 10-a yaxın daimi işçi çalışır: “Yaz-tarla işləri zamanı mövsümi işçilər də cəlb edirik. İstehsal etdiyimiz mal ətini vilayət bazarında satır, qoyun ətini isə müqavilə əsasında Samara şəhərindəki restorana veririk. Gəlirimizdən səmərəli istifadə edirik. Qoyun ferması, örtülü xırman tikmişik, iki təzə MT3-82-M traktoru, iki toxumsəpən, günəbaxan səpmək və becərmək üçün iki texnika almışıq. Həmyerlimiz haqqında Bolşeqluşitsk rayonunda çıxan “Stepnıye izvestiya” qəzetində vaxtaşırı materiallar dərc olunur.
www.zerdab.com saytının kollektivi istedadlı, zəhmətkeş həmyerlimizə işlərində uğurlar arzulayır. Ümid edirik ki, həmyerilimizin uğurları artdıqca o rayonumuza daha çox bağlanacaq, faydası daha da çox olacaq.

www.zerdab.com

1 comment

Comments are closed.