Bıçaqçılı Qədir Əfəndi

0
74

yazar-şairZərdabın Bıçaqçı kəndi zəngin tarixə malikdir. Bu kəndin adına Həsən bəy  Zərdabinin 1880-1895-ci illərdə “Zərdabdan məktublar” başlığı altında  “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Bıçaqçının ortasında  Xanlar Çələbinin məzarı var.

Erməni-türk davasında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri ermənilərin Şamaxıda törətdikləri  vəhşi qırğınlardan xəbər tutan kimi  oraya gedib Qafqaz Türk İslam Ordusunun döyüşçülərinə  qoşularaq vuruşmuşlar. Rəsul adlı bıçaqçılı igid elə orada – Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Bıçaqçılıların  igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək kəndin  cavanlarına hərbi təlim  keçilməsinə başlamışlar, türk ordusuna xeyli araba, at, cöngə, digər ərzaq məhsulları  pay verilmişdir.

Bıçaqçı kəndi Azərbaycana Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov kimi igid şəxsiyyət bəxş edib. Ümumiyyətlə isə Böyük Vətən müharibəsində bu kəndin 42 igidi həlak olub.

Bıçaqçılı Müşfiq Hacıyev Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif olunub.

Bu kəndin şair oğlu, XVIII-XIX əsrlərdə yaşamış, Şəki mədrəsəsində təhsil  almış, Şərq ədəbiyyatını dərindən bilən Qədir Əfəndi şeirləri ilə   Azərbaycanda məşhur olub. Görkəmli tədqiqatçı alim Salman Mümtaz  1935-ci ildə  nəşr olunan “El şairləri” kitabında, mərhum Əzizə Cəfərzadənin nəşr etdirdiyi bir neçə kitabda Qədir Əfəndinin  “Tatar”, “Eynək”, “Çəltik”, “Çust”, “Şahupalıd”, “Alça” şeirləri və İsmi bəy Nakamla məktublaşmaları çap olunmuşdur.

Bu gün isə Qədir Əfəndinin heç olmazsa bir şeirini oxucularımıza təqdim etməyi özümə borc bilirəm.

İSAMƏDDİN ƏHMƏDOV

Çıxdı

Qurtarmışdım bir əngəldən, yenə bir əngəlim çıxdı,

Cənabım bəxş etdi çəltik, içindən çox bəlim çıxdı.

 

Qurutduq, dingə saldıq çox, məşəqqətlə birinc etdik,

 Bişirdik aşını, ondan nə şorba, nə həlim çıxdı.

 

Qaradağlı çapıb bizi, talan edib tamam yeksər,

Belə olsa qəmu çıxdı, nəinki bir Səlim çıxdı.

 

Qonaq gəldi bizə bir gün neçə bir ləzgi mollası,

Ziyafət etdim, ortaya əcaib xəngəlim çıxdı.

 

Nizami-lütfünü gördüm əzizim və xeyli qabildir,

Mənim də bəd-əz an şairlik etməkdən əlim çıxdı.

 

Yetişdi bülbüli-nəzmin, gülüşdük qönçə güllərtək,

Mənim də təb-şüurumdan bu şeiri-gülməlim çıxdı…

 

Bu qəzəl Əzizə Cəfərzadənin 1983-cü ildə Bakıda nəşr edilən “Hər budaqdan bir yarpaq” kitabında da dərc olunmuşdur.