Bizim “Əkinçi”nin uğurları

0
47

zerdab-İsameddin Ehmedov137 il əvvəl milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi” qəzetinin birinci sayı çapdan çıxdı. Həmyerlimiz, görkəmli alim-jurnalist Həsən bəy Zərdabi Azərbaycan dilində ilk milli qəzeti böyük çətinliklər, məşəqqətlər bahasına ərsəyə gətirdi. Düz 137 ildir ki, xalqımız ana dilində ilk milli qəzetin yarandığı günü bayram edir.
“Əkinçi” təkcə milli mətbuatımızın yaranma tarixi deyil, eyni zamanda xalqımızın milli şüurunun, azadlıq mücadiləsinin, mədəniyyətinin, milli əqidəsinin, nadanlıq və cəhalətə qarşı mübarizəsinin beşiyi başında duran canlı tariximizdir, Azərbaycanda baş verən o dövrkü ictimai-siyasi proseslərin aynasıdır, salnaməsidir. Zərdabi ideyaları və “Əkinçi” ənənələri ilə qidalanan Azərbaycan mətbuatı uzun və şərəfli, həm də mürəkkəb yol keçərək indiki inkişaf səviyyəsinə yüksəlmiş, söz və mətbuat azadlığı sahəsində qabaqcıl demokratik ölkələrlə müqayisə edilə biləcək tərəqqiyə qovuşmuşdur.
Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mətbuat dövlət qayğısı ilə əhatə edilmiş, senzura ləğv olunmuş, KİV-lərin maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə mühüm işlər görülmüşdür. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonumuzda çıxan “Əkinçi” qəzeti də Həsən Bəy Zərdabi irsini və “Əkinçi”nin ənənələrini qoruyur, yaşadır. Qəzetin kollektivi dahi həmyerlimizin ideyalarını uğurla davam etdirərək mətbu sözün gücündən daim səmərəli istifadə etməyə çalışır. Fəxr edirik ki, bu gün məhz Zərdabda “Əkinçi” adlı qəzet çıxır, Zərdabda Zərdabi muzeyi, Zərdabi parkı, Zərdabi adına orta məktəb və Zərdabi küçəsi var. Dahi Həsən bəyin tunc heykəli, büstü, xatirə abidəsi şəhərimizə gözəllik verir.
“Əkinçi”nin kollektivi qəzetin səmərəli fəaliyyətinə hər cür şərait yaradıldığına, qayğı və diqqətə görə dövlət başçısına və rayon rəhbərliyinə dərin təşəkkürünü bildirir. Bu qayğının nəticəsidir ki, “Əkinçi”nin tirajı və dövriliyi daim artır, tərtibatı yeniləşir, maddi-texniki bazası möhkəmlənir, qəzetdə müxtəlif mövzu və janrlarda oxunaqlı, rəngarəng yazılar dərc olunur. Son bir neçə ildə qəzetin abunəçilərinin sayı xeyli artıb, rayonumuzun rəhbəri redaksiyaya yeni kompüter və kondisioner hədiyyə edib, hörmətli Lütvəli Babayev redaksiyanın otaqlarının ildən-ilə azaldılması ənənəsinə son qoyaraq “Əkinçi”nin 8 nəfərlik kollektivinə əvvəlki 3 otaq əvəzinə təmirli, normal iş şəraiti olan 5 otaq verilməsini təmin edib, son illər kollektivin orta aylıq əmək haqqının bir neçə dəfə artmasına dəstək verib.
Qəzet rayonda gedən ictimai-siyasi proseslərin, çoxsaylı maraqlı və məzmunlu tədbirlərin, böyük tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işlərinin fəal iştirakçısı və təbliğatçısıdır. Regionların inkişafına dair Dövlət Proqramının (2009-2013-cü illər) uğurla həyata keçirilməsi qəzetin səhifələrində operativliklə işıqlandırılır. Qəzetin redaktoru İsaməddin Əhmədov deyir ki, “Əkinçi” ölkəmizdə, o cümlədən rayonumuzda həyata keçirilən rəngarəng tədbirləri, quruculuq və abadlıq işlərini bundan sonra da layiqincə işıqlandıracaq, işlərə yüksək nizam-intizam, dərin məsuliyyət hissi ilə yanaşacaq, cəmiyyətimizdəki obyektiv, tutarlı kəskin sözə olan ehtiyacı ödəməyə çalışacaq.