Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağcabədi şəhərində Prezident təqaüdünə layiq görülmüş və qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrin valideynləri ilə görüş keçirib. Zerdab.com saytına verilən xəbərə görə, görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Zərdab, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli və Laçın rayonlarının təhsil şöbələrinin əməkdaşları, orta məktəblərin rəhbərləri və müəllimləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər. TQDK-nın Ağcabədi regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev təhsilin cəmiyyətdə mühüm rolundan danışıb, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin valideynlərini, müəllimlərini təbrik edərək, xoş arzularını bildirib. Görüşdə çıxış edənlər “Abituriyent” jurnalının xüsusi bir nömrəsinin qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərə həsr olunmasının, onların ictimaiyyətə daha yaxından tanıdılmasının, təcrübələrinin öyrənilməsinin və yayılmasının əhəmiyyətindən danışılıb. Məlumat verilib ki, Zərdab, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli və Laçın rayonlarından ümumilikdə 80 abituriyent qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb, Ağcabədi və Horadiz şəhərlərindən olan iki tələbə Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə iştirak edən valideynlər, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri görüşün təşkilinə görə TQDK-nın rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda valideynlərə və qəbul imtahanlarında məzunları yüksək nəticə göstərmiş məktəblərə hədiyyələr təqdim olunub.
Zerdab.com








