İsaməddin Əhmədov yazır: “Bu evin sahibi hardadı, Allah”

0
47

tənhalıqÇağırdım, gəlmədi kimsənin səsi,

Bu evin sahibi hardadı, Allah,

Hardadı bu yazıq Allah bəndəsi,

Üstünü qar alan “ZAP”ı kimindi,

İlahi, bu bağlı qapı kimindi?

***

Bəlkə də bir qara gözə aldanıb,

Bəlkə də süzüblər, “yüz”ə aldanıb,

Bir gözəl sifətə, sözə aldanıb,

Bilməyib doğrusu-gopu kimindi,

İlahi, bu bağlı qapı kimindi?

 ***

Bu həsrət titrətdi qəlbimin simin,

Axı bu tənha ev kimindi, kimin,

Bu evi sahibsiz qoyan hakimin,

Tüfəngi kimindi, topu kimindi,

İlahi, bu bağlı qapı kimindi?

 ***

Bəlkə qəzəbinə gəlib sultanın,

Qaça bilməyib ki, qurtara canın,

Günahsız bu başı kəsən baltanın,

Dəmiri kimindi, sapı kimindi,

İlahi, bu bağlı qapı kimindi?

 ***

Qibləsi yoxuymuş heç bu bədbəxtin,

Bunu İsaməddin, anlamaq çətin,

Torpağı yaralı bu məmləkətin,

AMİP-i kimindi, YAP-ı kimindi,

İlahi, bu bağlı qapı kimindi?

 

İSAMƏDDİN ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru.