Jalə Əliyeva hökumətin hesabatında Zərdabla bağlı təklifləri gündəmə gətirdi

0
136
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

Millət vəkilimiz hökumətin illik hesabatında Zərdabla bağlı təklifləri gündəmə gətirdi

Millət vəkili Jalə Əliyeva parlamentdə hökumətin növbəti illik hesabatının müzakirəsi zamanı olduqca mühüm təkliflərlə çıxış edib. Zerdab.com saytı millət vəkilimizin çıxışını olduğu kimi təqdim edir:

“Hər bir ölkənin inkişafının göstəriciləri ilk başda rəqəmlərlə ifadə olunur. Bu gün açıqlanan rəqəmlərin arxasında da təbii ki, ölkənin inkişafı durur. Bu rəqəmlər cənab prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən mükəmməl fəaliyyətin, hazırlanan möhtəşəm layihələrin, hədəflənən uğurlu strategiyanın aynasıdır. Bu uğurların nəticəsidir ki, Azərbaycan bu gün bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvünə və bu təşkilatların həyata keçirtdiyi tədbirlərin əhəmiyyətli iştirakçısına, regionun ən güclü ölkəsinə çevrilmişdir.

Son illərdə ən başlıca hədəfimiz dünyanın inkişaf etmiş ölkələri sırasına qatılmaqdır. Əminik ki, bu günkü yüksəliş tempiylə Azərbaycan ən qısa zamanda bu hədəfinə də nail olaraq iqtisadi cəhətdən yüksək inkişaf etmiş 20 dünya ölkədəsindən birinə çevriləcəkdir.

Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti də digər illərlə müqayisədə yüksələn templə davam etmişdir. Geniş və ətraflı şəkildə hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunmuş hesabatı dəstəkləyirəm və bu layihəyə səs verəcəyəm.

Mən daha əvvəlki illərdə, eyni zamanda ötən il də seçildiyim rayonlarla bağlı qaldırdığımız məsələlərin bir qisminin artıq öz həllini tapmasını xüsusi olaraq qeyd etmək istəyirəm.

Bunlardan biri Zərdab rayonunda 1987-ci ildə tikilən rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri işinin başladılması, digəri Çallı kəndində 360 şagird yerlik məktəb binasının tikilib istifadəyə verilməsi, bir digəri isə rayonun Məlikumudlu və Körpükənd kəndlərində uşaq bağçasının inşası istiqamətində tədbirlərin həyata keçirilməsidir.

Bütün bunlar üçün təşəkkür edirəm və eyni zamanda hələlik həllini gözləyən bir neçə məsələni də xatırlatmaq istəyirəm:

– Zərdab rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün 32 mənzillik binanın tikilməsi;
– 1970-ci ildə tikilən və qəzalı vəziyyətdə olan Zərdab Peşə Liseyinin, eyni zamanda həmin liseyin hazırda qaçqınların məskunlaşdığı, tamamilə yararsız vəziyyətdə olan yataqxanasının əsaslı təmiri;
– Şəhərə kanalizasiya xəttinin çəkilişi işlərinin sürətləndirilməsi;
– 1973-cü ildə tikilən və heç vaxt əsaslı təmir edilməyən Şəhər Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması;
– 1960-cı ildə tikilən, hazırda qəzalı vəziyyətdə olan Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi;
– 2012-ci ildə açılışında cənab prezident İlham Əliyevin iştirak etdiyi Gənclər Mərkəzinin fəaliyyətə başlaması üçün ştatların verilməsi;
– 32 hektar adlanan ərazidə tikilən məktəbin fəaliyyətə başlaması üçün maliyyə vəsaitinin ayrılması;
– Pensiya yaşlı insanların ehtiyaclarını nəzərə alaraq kəndlərdə bankomatların quraşdırılması;
– Eyni zamanda Ucar rayonunun seçildiyim 3 kəndində – Lək, Xələc və Bərgüşad kəndlərində də bankomatların quraşdırılması;
– Ucar rayonunun 6583 nəfər əhalisi, 3 seçki məntəqəsi olan Bərgüşad kəndində heç vaxt mövcud olmayan Mədəniyyət Evinin tikilməsi;
– Ucar rayonunun Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsi;
– Ucarın Lək kəndində Mədəniyyət Evinin əsaslı təmir edilməsi;
– Zərdab-Ucar-Zərdab-Ağcabədi magistral yolunun təmiri işlərinin başladılması məsələlərini diqqətinizə çatdırır və qarşıdakı hesabat ilində nəzərə alınmasını xahiş edirəm.

Hörmətli Hökumət üzvləri, Sizin diqqətinizi ölkə miqyaslı və daha çox mənəviyyatımızla, yeni nəslin təlim-tərbiyəsi, onlarda dünyagörüşünün formalaşması ilə bağlı bir neçə məsələyə yönəltmək istəyirəm. Toxunmaq istədiyim digər iki məsələ isə ümumrespublika xarakterlidir.

Son zamanlarda özəl televiziya kanalları tez-tez tənqidə məruz qalır. Bu kanallarda daha çox şou xarakterli verilişlərə üstünlük verildiyi, ciddi və maarifləndirici mövzuların kölgədə qaldığı, əsl sənətin arxa plana keçdiyi, bu vəziyyətin xüsusilə yetişməkdə olan nəslə mənfi təsir göstərdiyi haqqında fikirlər səslənir. Bu məsələ əslində böyük bir müzakirənin mövzusudur. Qısaca olaraq demək istədiklərimiz isə bundan ibarətdir ki, gəlin qəbul edək ki, özəl kanallar reklamdan və reklamçıdan asılıdırlar. Bundan bir neçə il əvvələ qədər Azərbaycanda televiziya seriallarının istehsalında böyük bir böhran yaşanırdı. Bu boşluq xarici serialların tərcümə edilməsi ilə doldururlurdu. Ölkə prezidentinin bu sahəyə də göstərdiyi diqqət nəticəsində özəl kanalların seriyal çəkilişi üçün ildə 6 milyon manat vəsait ayrılmağa başlandı. Bu çox əhəmiyyətli bir addım idi və ötən illərlə müqayisədə biz indi serialların çəkilişində bir sıçrayış, inkişaf hiss etməyə başlayırıq. Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, coğrafiyasının, əsl sənətin təbliğ və tədbiq edilməsinə daha münbit şəraitin yaradılması məqsədilə bu səpkili verilişlərin hazırlanması üçün özəl televiziya telekanallara büdcədən müəyyən bir vəsait ayrılmalıdır. Özəl telekanalları reytinqdən asılılığın pəncəsindən xilas etmək lazımdır. Bu məsələ milli ideologiyanın həyata keçirilməsinin ayrılmaz bir parçası kimi qəbul edilməlidir.

Toxunmaq istədiyim digər məsələ isə, bu gün küçələrə vətənin bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən oğullarımızın adlarının verilməsi ilə bağlıdır. Yaxşı olardı ki, onların adlarının qarşısına şəhid sözü yazılaydı. Qəbul eləyək ki, şəhidlərimizi lazımi səviyyədə tanıda bilmirik. Onlar belə deyək ki, incəsənət, mədəniyyət adamları qədər populyar deyillər. Heç olmazsa adlarının əbədiləşdirildiyi küçələrdə lövhələrə şəhid kəlməsi yazılsa həm gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında maarifləndirici rol oynayar, həm də ən yeni tariximizin yeni bir silinməzlik simvoluna çevrilə bilər.

Çıxışımın sonunda mən də öz növbəmdə başda ölkə prezidenti cənab İlham Əliyev və onun dəyərli ailə üzvləri olmaqla qarşıdan gələn Novruz Bayramı münasibətilə hər birinizi təbrik edir, bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayıram”.

Zerdab.com