Zərdabinin ömür-gün yoldaşı Hənifə xanımın doğum günüdür

1
85

Hənifə xanım MəlikovaMayın 5-də  Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Abayevanın doğum günüdür

 TARİXİ XİDMƏTLƏRİ UNUDULMAYAN XANIM

“Milli maarif  və mədəniyyətimizin inkişafında iki xanımın xidmətləri unudulmazdır . Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva , digəri Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanımdır …” – Akademik Abbas Zamanov.

Zərdabi bütün həyatını təqiblərdən , nadanlardan , açıq və gizli hədələrdən , hökumətin , çinovniklərin və yerli satqınların təhdidlərindən çəkinmədən xalq , millət , maarif işığı yolunda əritdi , millətinin savadlanması naminə hər cür təhqirlərə dözdü , lakin böyük məramından əl çəkmədi . Zərdabi öz işıqlı ideyalarını davam etdirmək üçün belə bir vəziyyətdə qəzeti ən təsirli vasitə hesab edirdi . Bilirdi ki  , onun yazdıqları , harayları , “ qapı-pəncərələrdən o iman mənzillərinə “ daxil olacaq , ətalət və qərəmət yuxusunda  olanların qolundan tutub silkələyəcək , tərpədib oyadacaqdır . Oxuya-oxuya , qana-qana ayılacaq, “ suyun qabağını kəsmiş bəndi “ nəhayət , “ uçurub aparacaqdır “ .” Bəs , qəzeti necə çıxarmalı ? Dövlər tərəfindən izin almaq böyük bir bəla. Pul yox , çapçı yoldaşı yox , kitabxana yox , hürufat yox , 1-2 yüzdən artıq oxuyan da  olmayacaq “. Oxuyanların sayını artırmaq isə elə dövlətdən  icazə alıb qəzet çıxarmağın özü qədər müşkül idi .Həyat elə gətirdi ki, Zərdabinin müşkül hesab etdiyi bu  məsələdə həmyerlimizə Hənifə xanım əqidə yoldaşı oldu .

Həsən bəyin həyatı ilə yaxından tanış olduqca  xalqının savadlanması naminə onun nələrdən keçdiyini aydın başa düşürük . Zərdabi Moskva Universitetində qalıb işləyə də bilərdi . Amma millətinə olan  sonsuz sevgisi onu bu fikirdən daşındırdı .

Həsən bəy hələ Tiflis gimnaziyasında oxuduğu müddətdə atasının dayısı  Fərəc bəy Ağayevin pessimist duyğularına şərik olur və bundan ibrət götürərək , gələcək həyatının istiqamətlərini müəyyənləşdirir . F. Ağayevdən fərqli olaraq o, rus sevgilisindən imtina edir. Solovyovun qızı ilə yox , Ter vilayətinin  Nalçik şəhərindən olan qabarda balqar türkü Hənifə xanım Abayeva ilə ailə qurur .Hənifə Məlikova 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulmuşdur.

1872-ci ildə Tiflisdə “ Müqəddəs  Nina “ məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunmuşdu və məktəbi bitirən qızlar arasında Hənifə xanım Abayevanın da adı vardı. Çoxdan bəri ziyalı bir qadınla ailə qurmaq istəyən Həsən bəy Zərdabi siyahını görüncə təhsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə yollanır. Həsən bəy Hənifə xanımla tanışlıqdan  sonra onunla həmfikir olduğunu anlayır. Bu gözəl , ziyalı , sədaqətli və vəfalı xanım millətimizin və ailəsinin yolunda əsl fədakarlıq göstərdi . Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox ,  həm də mübarizə yoldaşı oldu . O, 16 il əri ilə birlikdə  Zərdab kəndində polis nəzarəti altında yaşadı. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə  “Əkinçi “ qəzetinin nəşrində çox əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Zərdabda yaşadığı dövrdə , 1880-ci ildən başlayaraq öz  evlərində , mənzillərində pulsuz məktəb açdılar və təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan  insanlara elm , savad öyrətdilər . Maraqlıdır ki , Hənifə xanım 1904-1908-ci illərdə yaşlılara da  dərs demişdir. Bakıdakı “Nicat” cəmiyyəti qadın bölməsinin yaradıcılarından olmuşdur. 1901-1905-ci illərdə Bakıda  ilk müsəlman qız məktəbinin , 1909-1919-cu illərdə şəhər dövlət 1-ci rus-tatar qız məktəbinin müdiri işləmişdir.Hənifə xanım Məlikova 1929-cu ildə Bakıda vəfat etmişdir.

Bu gün Hənifə xanım Abayeva ilə bizi 158 illik bir zaman məsafəsi ayırır. Lakin onun sağlığındakı işıqlı ideyaları  yenə də ətrafa nur saçır. Əgər Həsən bəy Zərdabinin həyat və fəaliyyətini dərindən anlayaraq onu özünə mənəvi ata bilən  jurnalistlər varsa ,(təbii ki , çoxdur.Bizlər də onlardan biriyik-T.A.) yəqin ki , həmin jurnalistlər ,   Hənifə xanım Abayevanı da özlərinin mənəvi anası sayırlar. Allah hər iki cəfakeşə rəhmət eləsin.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

1 comment

  1. Jurnalistikamızın əsl təəssübkeşləri yaşadıqca , Hənifə xanım Abayeva-Məlikova da xatırlanacaq .

Comments are closed.