İsaməddin Əhmədov: “Bağışla Şuşam, bağışla”…

0
55

Şuşa-QarabağAldandım şirin dillərə,

Verdim səni yad əllərə,

Üz tutdum qürbət ellərə,

Bağışla Şuşam, bağışla.

 ***

Yandırdılar, sönəmmədim,

Dərd dağından enəmmədim,

Heyif, sənə dönəmmədim,

Bağışla Şuşam, bağışla.

 ***

Közüm yanıb külüm oldu,

Vaxtsız solan gülüm oldu,

Bizə yaman zülüm oldu,

Bağışla Şuşam, bağışla.

 ***

Viran oldu mülküm, yurdum,

Düşmən gəldi, geri durdum,

Özgə eldə yuva qurdum,

Bağışla Şuşam, bağışla.

 ***

Demə ki, səni anmıram,

Sən yanırsan, mən yanmıram,

Vətənsizəm, utanmıram,

Bağışla Şuşam, bağışla.

 ***

Uzaq düşdü doğmam, yadım,

Unuduldu sözüm, adım,

Nə taledi mən yaşadım?

Bağışla Şuşam, bağışla.

 ***

İsaməddin sənə qurban,

Qəlbimdəsən Vallah hər an,

Öldürmədi məni hicran,

Bağışla Şuşam, bağışla…

 

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.