Həmyerlimiz, əməkdar artist, aktyor Azər Mirzəyev vəfat etdi

4
255

Azər MirzəyevAktyorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir

Əməkdar artist Azər Mirzəyev vəfat edib. Zerdab.com saytının verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov “İnstagram” səhifəsində yazıb: “Azər Mirzəyev, Allah rəhmət eləsin”.

Aktyorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. 62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Akademik Milli Dram Teatrında tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək. Teatrın direktoru İsrafil İsrafilov AzNews.az-a açıqlamasında bildirib ki, əməkdar artist ailəsinin istəyi ilə Sabirabadda, valideynlərinin yanında dəfn ediləcək:  “Artıq kollektivin üzvləri Sabirabaddadırlar. Mən isə Bakıda təşkilati məsələləri həll etməklə məşğulam. Onun üç mərasimini biz təşkil edəcəyik”.

 Qeyd edək ki, tanınmış aktyor bu gecə saat 03:00 radələrində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Zerdab.com

4 ŞƏRH

  1. Həsən bəy Zərdabi nəslinin dəyərli nümayəndələrindən biri olan və dahi mütəfəkkirin ənənələrinə sadiq olaraq onun arzu və amallarının həyata keçirilməsi yolunda böyük xidmətlər göstərən Azərbaycan Milli Dram Teatrının tanınmış,cəfakeş aktyoru, Respublikamızın əməkdar artisti Azər Mirzəyevin ölüm xəbəri məni çox sarsıtdı. Nə etmək olar… İlahinin qisməti belə imiş.
    Səhnələrdə yaratdığın gözəl obrazlarınla sən əsl sənətkar kimi daima gözlərimiz önündə canlanacaq, qəlbimizdə yaşayacaqsan.
    Allah rəhmət eləsin! Qəbrin nurla dolsun.
    Mərhumun əzizlərinə və yaxınlarına Allah Təaladan səbr diləyirəm.

Comments are closed.