Zərdabini xatırlayarkən

3
77

Hesen Bey Zerdabi Akademik mərhum Fuad Qasımzadənin dahi həmyerlimizə verdiyi dəyər

Bütün həyatını xalqının qəflət yuxusundan oyanmasına , maariflənməsinə , tərəqqi və inkişafına həsr edən Həsən bəy Zərdabi əsl millət fədaisi idi. O, mahir jurnalist və pedaqoq idi , təbiətin və adamların dilini bilən əvəzsiz nəbatat alimi , insanşünas idi , xalqının milli şüurunu dərindən duyan , hünərli mütəfəkkir və filosof idi , yorulmaz maarif və işıq carçısı idi , xalqların , millətlərin sülh , dostluq , qardaşlıq nəğməkarı idi, həyatını , varlığını , fikir və düşüncələrini bu xalqın səadətinə qızırqalanmadan həsr edən böyük vətəndaş , müəllim , ictimai xadim , mübariz publisist , torpaqşünas və təbiətşünas və s. idi .

Azərbaycanın böyük ədibi Abdulla Şaiq 1907-ci il noyabrın 28-də Həsən bəyin ölümünə “Alim , mütəfəkkir Həsən bəy Zərdabi “ adlı şeirində yazırdı :

“Bu sənmisən , ey dahi , o tabut qucağında?

Sönmüşmü həyatın, belə məhsullu çağında?

Ey şanlı “Əkinçi”, sən idin gəncliyə rəhbər!

Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!

Ey adlı, şərafətli, fədakar, böyük insan,

Aləmlərə sığmaz Vətənə etdiyin ehsan…” –Nə qədər gözəl deyilib : “Aləmlərə sığmaz Vətənə etdiyin ehsan”. Hər dəfə bu barədə düşünəndə dahi həmyerlimizin parlaq ideyalarına heyran qalmamaq mümkün deyil . Hər hansı bir sahədə uğur qazanmaq və bu sahəni hərtərəfli tədqiq edərək məhz bu sahənin adamı olmaq mümkündür . Amma cəmiyyət həyatının bütün sahələrini dərindən bilmək , alim , jurnalist , bioloq , yazıçı , tədqiqatçı , xeyriyyəçi , siyasətçi olmaq ancaq Allahın sevdiyi bir bəndəsinə bəxşeyişi ola bilər . Dahi həmyerlimizin irsini tam üzə çıxartmaq üçün bu günə qədər Həsən bəy Zərdabinin elmi fəaliyyəti ilə bağlı onlarla doktorluq , namizədlik dərəcələri müdafiə olunub , monoqrafiyalar yazılıb. Lakin bu dahi şəxsiyyətin bütün yaradıcılığı bizlərə hələ də tam olaraq gəlib çatmayıb . Fəlsəfə elmləri doktoru , çox hörmətli professor İzzət Rüstəmov hazırda Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunan bir kitab üzərində işləyir. Çoxlarımız böyük ümidlə professorun bu kitabının hazırlanıb çapdan çıxmasını gözləyirik .

Adətən noyabr ayı gələndə Zərdabi haqqında daha çox düşünür , onun bizə bəxş etdiyi qürur duyğularını yenidən xatırlayırıq . Çünki Həsən bəyi zaman-zaman ölkəmizin ən məşhur akademikləri , professorları , tanınmış filosofları çox yüksək qiymətləndirib , ona dəyər veriblər. Bu dəyərlərdən söz düşürsə , istərdim bu yerdə akademik , mərhum Fuad Qasımzadəni xatırlayım. Tanınmış filosof 2008-ci ildə Zərdabda keçirilən Novruz şənliklərində iştirak edərkən Həsən bəy Zərdabi ilə bağlı fikirlərini belə ifadə etmişdir : “Mən Həsən bəy Zərdabiyə borcluyam , mənim atam Mirzə Feyzulla Qasımzadə ocağı Həsən bəy Zərdabiyə borcludur , bütün Azərbaycan ziyalıları Həsən bəy Zərdabiyə borcludur , biz ziyalılar üzü Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı tərəfə yatmalıyıq. Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı bizim qibləmizdir” (mənbə Abdulla Qurbani “Zərdabi yurdunda bir gün.” Səh: 89.)

Hər dəfə akademik , mərhum Fuad Qasımzadınin bu dəyərli fikirlərini oxuduqca düşünürəm : bu günə qədər Zərdabi haqqında oxuyub öyrəndiklərimdən hələ belə təsirlənməmişəm…

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

3 ŞƏRH

  1. Zərdab şəhər MKS-nın 39 sayli şəhər kitabxana fillialının əməkdaşı Gülxanım Vəliyeva

    Tərlan xanım, profesor İzzət Rüstəmov Zərdabi haqqında ictimai kanalın çəkdiyi filmdə belə bir cümlə işlədir: Şərq son 150 ildə hələ belə bir dahi yetişdirməyib.Mən o filmi izləyəndən bu günə qədər hörmətli professorumuzun dahi həmyerlimiz haqqında dediyi bu fikrlə qurur duymuşam.Bu gün oxuduğum sizin bu məqalənizdə akademik Fuad Qasımzadənin Zərdabi ilə bağlı fikri də məni çox təsirləndirdi.Çox sağolun ki, tanınmış filosof mərhum Fuad Qasımzadənin bu qiymətli və çox dəyərli qeydlərini bizimlə də bölüşdünüz.

  2. … 1907-ci il noyabrın 28 -də Həsən bəy Zərdabi dəfn olunarkən o vaxt 1 milyon 700 min nəfər əhalisi olan Azərbaycanın 1 milyon sakini dahi həmyerlimizin dəfn mərasimində iştirak etmişdir.
    Allah sənə rəhmət eləsin , ustad !

  3. Nəsillərə örnək olan həyat yolu keçmiş, xalqa xidməti ömrünün qayəsi bilərək genişmiqyaslı fəaliyyəti ilə təbiətşünaslıq, pedaqogika, ədəbiyyat, fəlsəfə, publisistika sahələrində zəngin irs qoymuş Həsən bəy Zərdabi Məlikov həm də xalq yaradıcılığının bilicisi olmuşdur.Ruhun şad olsun ey millətin fədaisi, mənəvi atası dahi H.B.Zərdabi.Əzizim Tərlan xanım sizə bir daha təşəkür edirəm.

Comments are closed.