Susmuş gözəllik

0
17904

Nurəngiz Gün ( Nurəngiz Xudadat qızı Qulubəyova) Bakı şəhərində  ziyalı ailəsində doğulmuşdur. Azərbaycan Teatr İnstitutunda təhsil almışdır. 1960-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışmışdır. Ədəbiyyata “Tanrı” povesti ilə gəlib. “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 …Demək olar ki, Nurəngiz Günü uşaqlıqdan tanıyıram. Əlbəttə, qiyabi tanıyırdım onu. ( Nurəngiz xanımın həyat yoldaşının həmyerlimiz olduğunu bilirdim) . İlk növbədə o mənimçün diktor idi – ekranın yaraşığı olan gözəl bir diktor. Nurəngiz Günün “Yol gedirəm” kitabına yazdığı ön sözdə Sabir Rüstəmxanlı da elə beləcə yazır: “Azərbaycan televiziyasının  yaraşığı olan, peşəkarlıq səriştəsiylə yanaşı, gözəlliyilə də tamaşaçıların sevimlisinə çevrilən Nurəngiz Qulubəyova adlı xanımın ədəbi yaradıcılıqla məşğul olduğunu bilmirdik. O özü hər gün evlərimizə əziz qonaq kimi gələn bir şah əsər, Tanrının şeiriyyət nümunəsiydi..”

…Diktor Nurəngiz Qulubəyovanın yeganə övladı Jaləni kəndimizdə bir məclisdə görmüşdüm. Onda mən beşinci sinifdə oxuyurdum. Xəyalıma yaraşıqlı, koppuş bir qız kimi həkk olunmuşdu balaca Jalə… O vaxt heç ağlıma da gəlməzdi ki, neçə illər sonra, XXI əsrin başlanğıcında Nurəngiz xanımn şeirinin misraları məni yenidən o illərə qaytaracaq:

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası

Ağuşumda Jaləm və titrəyişim…

Yol gedirəm, yol olanadək…

Tale elə gətirdi ki, neçə il sonra mən yenə də Jalə ilə görüşdüm. Yenə də öz rayonumuzda. O vaxtkı balaca qız bu dəfə deputatlığa namizəd kimi gəlmişdi ata yurduna. Mən kəndimizdəki seçki məntəqəsində deputatlığa namizəd Jalə Əliyevanın müşahidəçisi oldum. Seçkinin nəticələri bəlli olandan sonra isə hədsiz kövrək, doluxsunmuş Jalənin göz yaşlarının şahidi oldum. Beləcə doğmalaşdıq şairə Nurəngiz Günün qızı Jalə ilə…

…Sonra isə… Şəhərə yolum düşəndə Nurəngiz xanımgilə getdim. Yazıçılar Birliyinə daxil olmaq üçün zəmanət almaq istəyirdim ondan. Təxminən üç il əvvəl elə bu vaxtlar idi. Hələ də onunla ilk görüşümüzü unuda bilmirəm. Çox mehriban qarşıladı məni. Balaca qızım Gültənlə elə mehriban danışırdı ki…

Sanki bizi lap çoxdan tanıyırmış. Onun otağına daxil olanda özümü lap nağıllar aləmindəki  kimi hiss etdim. Əsl şairə otağı idi. Otaqda olan hər şey onun təbiətə vurğunluğundan xəbər verirdi. Mən onun otağında billur çılçıraq, billur qab-qacaq görmədim. Özünün dediyi kimi servantında olan yeganə zərli çay dəsti atasının yadigarıdır. Servant irili–xırdalı, müxtəlif balıqqulaqları və qəribə, rəngli daşlarla dolu idi.

…Kitablar, şəkillər, təbiəti əks etdirən fiqurlar.. Mən bunları gördüm onun evində..

O vaxt onun otağında ən çox diqqətimi cəlb edən divardan asılmış bir  şəkil oldu. Bu, Nurəngiz xanımın cavanlıq şəkli idi. Elə bil ovsun var idi o şəkildə. Onunla söhbət edəndə də baxışlarım elə hey o şəklə tərəf yönəlirdi.

Necə gözəl imiş Nurəngiz xanım, İlahi! Elə bil mələk boylanırdı  o şəkildən. Şəkil adamı çağırırdı sanki…

O şəkil beynimə həkk olundu. Hər dəfə Nurəngiz xanımdan söz düşəndə o şəkil gəlir gözlərim önünə.

…Bu ilin fevral ayında məni özünün yaradıcılıq gecəsinə dəvət etdi Nurəngiz xanım. Həmin gecədə Xəzər Universitetinin tələbəsi Əzizə İsayeva da iştirak edirdi.  Nurəngiz xanımın şeirlərinin sehrinə düşmüşdü Əzizə, ona görə də mənə Nurəngiz xanımdan müsahibə almağı təklif etdi. Fikrimi şairəyə bildirəndə dedi:

“Mən hər adama müsahibə vermirəm. Amma sizə verərəm. Sizin ruhunuzda nələrin olub-olmadığını bilmək mənimçün maraqlıdır.”

…Fevralın sonuncu günündə Əzizə ilə Nurəngiz xanımgilə yollandıq. Yolumuzu gözləyirmiş. Eyvandan səslədi bizi.

Otağa girməzdən əvvəl eyvanda suya qoyulmuş neçə-neçə budaq fikrimi özünə cəlb etdi. O budaqlar söhbətə nədən başlayacağımı xatırlatdı mənə.

…Yenə həmin otaq… həmin şəkil.. Otağa girən kimi Əzizə də heyranlığını gizlədə bilməyib dedi: “Nə gözəl olmusunuz, ay Nurəngiz xanım! ”

Heç nə demədi Nurəngiz Gün. Sakitcə oturmuşdu kresloda. Ona baxdım. Həmin  gözlər… Həmin qaşlar… Həmin saçlar..

Cavanlıqda gözəllik elə bil adamı çağırır. İllər keçəndən sonra isə gözəllik susur. Nurəngiz xanımın da bu yaşında olan gözəlliyi susmuş, lal gözəllik idi.

Əzizə ilə birlikdə o şəklin önündə şəkil çəkdirmək istədik. Alınmadı. Fotoaparat xarab oldu.

O şəklə baxa-baxa, gözəlliyi artıq susmuş şairə Nurəngiz Günlə söhbətə başlayırıq.

Günəşi daradım tellərimnən

Gördüm darağın ucundan

Leyləklər uçdular,

qanadları alovlu…

Buraxdım günəşi

yüyürdüm…

ağacları qucaqladım,

ağladım tellərim arası.

Leyləklərin boş qalmış

Yuvaları boyunca…

Ağacları qucaqlayan, boş qalmış leylək yuvalarına ağlayan Nurəngiz xanım, eyvanda bayaq gördüyümüz o budaqları nə üçün suya qoyursunuz?

– Bilmirsiniz bəyəm? Ömürlərini uzadıram o budaqların. Nəvəm Müjganla o gün dənizdən gələndə yola atılmış çiçəkləri də  götürdüm. Gətirib suya qoydum. Qoy bir az ömürləri uzansın. Mən də beləyəm – enerjimi təbiətdən alıram. Pəncərənin önündə gördükləriniz elə bilirsiniz ki, dibçək gülləridir? Yoox…Xurma tumlarını əkmişəm. Hamısı da bitib. Görün necə də yekəliblər!

– Nurəngiz xanım, bayaqdan sizə qulaq asıram. Düşünürəm ki, siz bu əsrin adamı deyilsiniz. Bəlkə də siz XXII- XXIII əsrdə doğulsaydınız daha xoşbəxt olardınız. Bu əsrlərdə yaşamaq istərdinizmi?

 – Siz nə danışırsnız? Gör o vaxtacan nələri kəşf edəcəklər? Çox yenilikləri qəbul etmirəm mən. Əksinə, istərdim ki, orta əsrlərdə yaşayım. Əllərində əlcək, başında enli şlyapa olan xanımın əllərindən öpüb karetaya minməsinə kömək edən, xanımlığa hörmət bəsləyən insanlar əhatəsində yaşamağı üstün tutardım.

 – Nurəngiz xanım , şairə olduğunuzu nə zaman hiss etdiniz?

 – 8-9 yaşım olardı. Evimizdə akvarium vardı. Bir gün yuxudan durub gördüm ki, nisbətən iri balıqlar ölüblər. Növbəti gün isə balıqların balacaları öldü. Anam məndən balıqların ölməsinin səbəbini soruşdu. Ona demədim ki, balaca balıqlara südlü sıyıq, böyük balıqlara da fındıqlı şokalad vermişəm. Nə edəcəyimi bilmirdim. Birdən yadıma düşdü ki, qonşumuzdakı kşi öləndə arvadlar ağlaşırdılar. Mən də başladım ağlamağa. Gedib qonşu arvaddan soruşdum ki, ölən kişini hara apardılar? Məni başa saldı ki, torpağa basdırıblar. Mən də öz balıqlarımı aparıb basdırdım torpağa. İlk şeirimi də elə o balıqlara həsr etmişəm..

 Balıqlar, ey balıqlar,

Qırmızıgöz balıqlar

Əlbəttə, bu misralara şeir demək olmaz. Amma sözsüz ki, içimdə nəsə varmış ki, sonralar şairə oldum.

– Nurəngiz xanım, yataq otağınızda, çarpayınızın baş tərəfində bir şəkil gördüm, kimin şəklidir o?

– Anamdır. Hər səhər yuxudan oyananda ona “sabahın xeyir, ana” – deyirəm. Gecələr isə “gecən xeyrə qalsın, ana” –deyəndən sonra yatıram. Hər səhərim anama müraciətlə başlanır, hər gecəm anama müraciətlə bitir.

 – Nurəngiz xanım, nə vaxt sizə zəng edirəm, evdə olursunuz həmişə. Heç şəhərə çıxmırsınız? Gəzməyə gedirsinizmi?

 – Öz evimdən çox ayrı qala bilmirəm. Hara gedirəmsə də evimə tələsirəm. Bilirsiniz niyə? Böyüklərimin, ulularımın ruhu bu evdədir. Mən o gördüyünüz şəkillərlə danışıram, sevincimi, kədərimi onlarla bölüşürəm.

 – Sərçələrə dən, qarışqalara qənd qoyan, ev işləri ilə başını qatan Nurəngiz xanım özünü xoşbəxt hiss edirmi?

 – Əlbəttə, xoşbəxtəm. Var-dövlət qazanmaq asandır. Sərçələrin, qarışqaların, sınmış budaqların, atılmış çiçəklərin sevgisini qazanmaq hər adama nəsib olmur. Nəvəmlə dəniz kənarına gedəndə qağayılar başıma fırlanırlar. Mənim sevgim təbiətdir.

Sevmək həyatmış….Həyat bu sayaq…

Sevmək xoşbəxtlikdir…Mən xoşbəxtəm..

***

Beləcə, bir şairənin dünyasına səyahət etdik. Çox suallarımızı verə bilmədik, bilirdik ki, cavabsız qalacaq.

Qayıtdıq. Xəyalımda bir şəkil var… Gözəl Nurəngiz Gün… İndi gözəlliyi susmuş, gözəlliyi lal olan Nurəngiz Gün..

28 fevral, 2004

 ( Müsahibə Xəzər Universitetinin “ Xəzər –Xəbər” jurnalının 01 aprel 2004 tarixli 164 –cü  sayında  çap olunub. )

 Müsahibəni apardı: Sevil Gültən