Qayğıkeş insan, mehriban müəllim-ata, sevimli pedaqoq – Kərim Əliyev

3
225
Kərim Böyükkişi oğlu Əliyev
Kərim Böyükkişi oğlu Əliyev

Bu soyuq qış günlərində rayonumuzun ictimaiyyəti ağır və üzücü bir xəbər eşitdi: ömrünün çoxunu təhsilə- gənc nəslin təlim-tərbiyəsinə həsr edən gözəl insan, fədakar müəllim, təcrübəli pedaqoq Kərim Böyükkişi oğlu Əliyev yanvarın 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.
Kərim Əliyev 1937-ci ildə Kürdəmir şəhərində anadan olmuşdu. Orta təhsilini Zərdab şəhərində almış, 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdu. İstedadlı riyaziyyatçı olan Kərim Əliyev bu institutu 1963-cü ildə bitirmişdi.
Pedaqoji fəaliyyətə həvəslə, fədakarlıqla başlayan Kərim müəllim uzun illər Zərdab şəhərindəki 1 və 2 saylı orta məktəblərdə müəllim, Zərdab rayon xalq maarifi şöbəsində inspektor, sonralar Zərdab şəhərindəki 8 illik internat məktəbdə direktor vəzifələrində şərəflə çalışmışdır.
Bütün varlığı ilə pedaqoji sahəyə bağlı olan, mənəvi-əxlaqi keyfiyyətləri ilə bir çoxlarından seçilən Kərim müəllim hər zaman öz üzərində yüksək məsuliyyət hiss etmiş, bütün sahələrdə etimadı doğrultmuşdur. Xüsusən 1988-ci ildə Zərdab şəhərindəki Həzi Aslanov adına 3 saylı orta məktəbdə direktor vəzifəsində çalışdığı bütün illərdə bu təhsil ocağının uğurları naminə yorulmadan, inamla çalışmışdır. Uzun illər böyük bir pedaqoji heyətə və saysız-hesabsız şagirdlərə rəhbərlik edən Kərim Əliyev hamı tərəfindən qayğıkeş insan, mehriban müəllim-ata, sevimli pedaqoq kimi tanınmışdır. O hər bir Zərdab sakininin rəğbət və məhəbbətini, dərin hörmətini qazanmışdı.
Kərim Əliyev həm də parlaq istedadlı şahmatçı idi. O, şahmat üzrə Azərbaycan çempionu olan ilk Zərdab sakini kimi də tanınırdı.
Bu ağır itki nəinki məktəbimizin müəllim və şagirdlərini, həmçinin rayonumuzun bütün pedaqoqlarını və Kərim müəllimin dərs dediyi keçmiş şagirdləri ürəkdən kədərləndirdi.
Ruhun şad olsun, Kərim müəllim! Sənin əziz və unudulmaz xatirən qəlbimizdə daim yaşayacaq.

Zərdab şəhər 3 saylı orta məktəbin pedaqoji kollektivi, “Əkinçi” qəzeti.

3 ŞƏRH

  1. ALLAH REHMET ELESIN.QEBRI NURLA DOLSUN. CENNET ICINDE YATSIN.AILE UZVULERINE VE KERIM MELLIMI SEVENLERE ALLAHDAN SEBIR DILEYIREM.KERIM MELLIM HEM GOZEL PEDAQOQ HEM DE GOZEL RIYAZIYYAR MELLIMI IDI.KERIM MELLIM KIMI MUELLIM TAPMAQ CETINDI.

  2. Zərdablıların maariflənməsində müstəsna rolu olan İstetadlı Pedaqoq, Müdrük İNSAN,gözəl ailə başçısı KƏRİM MÜƏLLİM! Onun insanların qəlbində quyub getdiyi məşəl əbədi yanacaq, nur saçacaqdir!Bundan böyük xoşbəxt həyat ola bilərmi?! Allah rəhmət eləsin.

Comments are closed.