İlk günlərində tut yarpağı ilə qidalanan bir qurdun sonradan kəpənəyə çevrildiyi kimi, sevgi də müəyyən bir yaşdan sonra qanad çıxarmalı, halını-şəklini dəyişərək səmimiyyətə, qayğıya, mərhəmətə çevrilməlidir. Yəni 70 yaşındakı ər-arvad 30 yaşındakı ailədən daha çox bir-biri üçün darıxmalı və qayğısına qalmalıdır. İllər boyu davam edən birgə yaşayış tərəflərin xarakterində yeni cizgilər kəşf edir, onları bir-birinə uyğunlaşdırır və bir çox məqamlarda oxşar hala gətirir. El arasında bir söz var: ərlə arvadın torpağı bir yerdən götürülüb. Bu məsəl əslində bizim bir az əvvəl dediyimiz o həqiqətə işarədir. Torpağın haradan götürüldüyünü deyə bilməsək də, onu bilirik ki, 20-30 il birgə yaşayan ər-arvadın xarakterində bir-birinə bənzəyən xeyli xüsusiyyətlər meydana çıxmış olur. |