Zərdablı müəllimlər: “Səməd Vurğuna toxunmayın”

0
74

Səməd VurgunSon vaxtlar müxtəlif özəl mətbuatlarda və televiziya kanallarında yaşlı nəslin yaradıcı ziyalılarına yersiz iradlar tutulur, onları satqın, ikiüzlü adlandırırlar. Bütün bunlar bir çoxları kimi müəllimləri də bərk narahat edir. Ona görə narahat edir ki, o dövrün mühitini yaşamayan, xalqı üçün heç bir səmərəli iş görməyən “ziyalılar” müxtəlif tənqidi fikirlər söyləyirlər. Bunların içərisində ən çox narahatlıq doğuran mövzulardan biri də Səməd Vurğun haqqında söylənilən tənqidlərdir. Ola bilər ki, o dövrün və müasir dövrün yaradıcı ziyalıları Səməd Vurğundan daha güclü əsərlər yazıblar. Amma heç vaxt inana bilmərik ki, Səməd Vurğun qədər xalqla birlikdə olsunlar. İmkanı olmayan istedadlı kəslərə onun qədər kömək etsinlər. Onlardan bir neçəsini xatırlatmaq yerinə düşər:
Əliağa Kürçaylını üzə çıxaran, ona xüsusi qayğı göstərən məhz Səməd Vurğun olmuşdur.
Mingəçevir Qəhrəmanlarını bütün SSRİ məkanında tanıdan- Sarvan Salmanov və Maniya Kərimovanı “Sosialist Əməyi Qəhrəmanı” adına layiq gördürən yenə də Səməd Vurğun olmuşdur.
Səməd Vurğunun qızı Aybəniz xanım söyləyir ki, Sarvan Salmanovun toyunun ən fəal iştirakçısı bizim ailəmiz olub.
Səməd Vurğun hər dəfə Moskvaya gedərkən mütlər orada təhsil alan azərbaycanlı tələbələrlə görüşər, onlara maddi yardım edərdi.
Səməd Vurğun Azərbaycan xalqına Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi yaradıcı ziyalılar bəxş etmişdir. Ona irad tutanlara xatırlatmaq istərdik ki, Azərbaycan xalqının üç yaradıcı insanının dəfnində ən çox xalq kütləsi iştirak edib. Həsən Bəy Zərdabi, Üzeyir Hacıbəyov və Səməd Vurğun. Yəqin ki, bu şəxslərin xalqı qarşısında nə kimi xidmətləri olduğunu hamı bilir.
Səməd Vurğunun o zamankı ölkə rəhbərliyini tərifləməsini irad tutursunuz. O, ölkə rəhbərini təriflədi, amma Azərbaycan xalqının dilinin saflığını, milli mənəviyyatını qorudu. Onda gəlin Hacı Zeynalabdin Tağıyevi də satqın adlandıraq. Çar Nikolayın arvadına çox qiymətli bir hədiyyə etmişdir, amma bunun əvəzində Azərbaycan qadınlarının maariflənməsində əvəzsiz rolu olan Qızlar Seminariyasının açılmasına razılıq əldə etmişdir və s.
Səməd Vurğun 59 il bundan əvvəl ölməsinə baxmayaraq bu gündə həmin hörmətlə xatırlanır. Deyərdik ki, Səməd Vurğun ən böyük qiyməti dahi şəxsiyyət Heydər Əliyev vermişdir.
Yaxşı olar ki, hər hansı görkəmli şəxs barədə mənfi fikir söyləyən şəxs birinci özünün xalq və dövlət qarşısında göstərdiyi xidmətlərlə irad tutduğu ziyalının xidmətlərini müqayisə etsin. Ümumiyyətlə o dövrün istər yaradıcı, istərsədə başqa görkəmli şəxslərini tənqid etmək, onları satqın adlandırmaq günahdır. Ona görə ki, onlar öz gənclik illərini xalqının maariflənməsinə, dünyada tanınmasına qurban vermişdir.
İrad tutanlar, əvvəlcə özünüzün və ailənizin Azərbaycan xalqı qarşısında xidmətlərinizi sayın, sonra kiməsə irad tutun!

Zərdab rayonu, İsaqbağı kənd tam orta məktəbinin pedoqoji kollektivi.