Satdı Qarabağı Sarı Şəmistan

0
52

Qarabag“Biz gəldi-gedərik”…—Dedin və getdin.
Aldı səni bizdən əjdaha dünya.
Ağladıq, bilsək də–apardığını
Qaytarmaz geriyə bir daha dünya.

Əsdi, başın üstdən qara yel əsdi,
Titrədin kədərin ağırlığından,
Dedik Qaragilə, ağlama, bəsdi…
Özgə söz demədin fağırlığından.

Səni pay istədi,- verdik torpağa,
Doldu gözümüzə nəmi dünyanın,
Baxıb hırıldadı, qoydu da lağa,
Şeirini, ağıldankəmi dünyanın.

Sən görən o yerlər -bağçalı-bağlı,
Daha becərilmir, səhraya dönüb,
Şuşanın dağları sinəsi dağlı,
Haykanuş, Siranuş Zəhraya dönüb.

Gəlinlər çoxdandı fəsəli yaymır,
Yorulub göylərdə fırlanmaqdan Ay,
Qızlar əsirlikdə telini saymır,
Cəlalsız kef çəkir barlarda Humay.

Şellənir Şuşada Aşot, Yelizar,
Keçib pəncəsinə gözəl Qarabağ,
Vaqif məzarında ağlayır zar-zar,
Qəhərdən boğulur, ölür Dəlidağ.

Öldürüb Qəmlonu, Gəraybəyləri,
Satdı Qarabağı Sarı Şəmistan,
Haraya səslədi Zakir bəyləri,
Ağdamın şumlayıb əkdilər bostan.

Yazıq İsaməddin, ağla bu dərdə,
Çatmır ünvanına şair duası,
Laçınlı, şuşalı qaldı şəhərdə,
Yandı tərlanların yaşıl yuvası.

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru