Bu nə cəsarətdir, bu nə cəhalətdir!.. | |
18 yaşlı, həm də 4 aylıq hamilə qadın özünü yaşadığı evin pəncərəsindən atır.
Ömrünün baharını yaşayan, yenicə ailə həyatı qurmuş, ana olmağa hazırlaşan bir qadın, özünə də, bətnindəkinə də qəsd eləyir. Nə qədər böyük bir cinayət, nə qədər böyük bir günahın ortada daş kimi durduğunu təsəvvür edirsinizmi? Adamın dünyası başına yıxılır. Bu qədər də qansızlıq olarmı? Nə idi o yeniyetmə gəlini o intihara sürükləyən, məcbur edən? Kimsə deyə bilər ki, eləməyəydi, hər kəsin günahı öz boynuna. Bunlar məlum, amma hər kəs onu da bilir ki, insan durduğu yerdə canına qıymaz. Təkcə bu fakt yetər ki, oturub hər şeyi ortalığa töküb araşdıraq. 18 yaş fiziki baxımdan yetkinlik sayılsa da, əqli baxımdan hələ uşaqlığın başa çatmadığı bir mərhələdir. Ola bilsin ki, başqa irqlərdə 18 yaş, sözün hər mənasında, yetkinlikdir, amma bizdə hələ uşaqlıq kimidir. Kim neyləmişdi, kim nə demişdi, indi özü bilsin, Allahı bilsin. Hər halda o gəlin dəli deyildi ki, durduğu yerdə özünü pəncərədən atsın. Heç onu da düşünmədilər ki, bu yaşda, özü də hamilə gəlin qayğı görməlidir, sevgi görməlidir. Onsuz da hamiləliyin verdiyi sıxıntı ona yetərdi. Kim nə istədi, kim neylədi? İki cana birdən qəsd elədi. Bəzən elə insanla üz-üzə dayanır və ürəyində düşünürsən ki, bu adama nə deyəsən ki, bir təsiri olsun. İnsan var ki, həqiqəti nəinki yaşamaq, heç eşitmək, görmək belə istəmir. Atalar, analar, indi rahat oldunuzmu? Hər şey düzəldimi? Bu günahın hesabını kim verəcək, necə verəcək, bu haqda düşündünüzmü? Bir il əvvəl elçi gəldilər, nişan oldu, hay-harayla toy elədiniz, bəs heç sonrasını düşünmədinizmi? Ən böyük günah o əməli işləyənindir, bu bəllidir, amma onu o həddə gətirənin, gətirənlərin günahı nə olacaq? Elə bilirsiniz ki, bir yol tapıb, polisdən, məhkəmədən sıyrılmaqla hər şey başa çatacaqmı? – Ay-hay!!! Ölüncə sizə rahatlıq olmayacaq, əsl haqq-hesab da ölümdən sonra başlayacaq. Bir yerdə yazırlar ki, əri hər gün evə içkili gəldiyi üçün gəlin o addımı atıb. Başqa bir yerdə isə intiharın qısqanclıq zəminində baş verdiyi iddia edilir. Son məlumata görə, zərblə yerə dəymə zamanı gəlinin bətnindəki uşaq tələf olub, özü də ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Ayaqları qırılıb, iki dəfə cərrahi əməliyyat edilib. Allah eləsin ki, ölməsin. Amma lap tutaq ki, yaşadı, bundan sonra onun həmin ailədə qalmasının nə mənası var axı? Hər şey olduğu kimi davam edəcəkmi? Əslində heç o cür davam etməsinə lüzum varmı? Əgər bir məsələ insanı intihara çəkəcək qədər ağır vəziyyətə gəlibsə, o cür davam etməyindənsə, etməməyi yaxşıdır. Əlbəttə, xeyrin harada olduğunu Allah bilir, amma Allah bizə də ağıl verib və biz də ağıl sahibi olduğumuz üçün məsuliyyət daşıyırıq. Ölümə səbəb olan şey hər nədirsə, aradan qaldırılmalıdır. Ailə dediyin sevgi yuvası olmalıdır, insanlar orda rahatlıq, könül xoşluğu tapmalıdırlar. Əgər cəfadırsa, dünyada sənə cəhənnəmi yaşadırsa, insanların bir-birinə bu qədər cəfa çəkdirməsinə nə ehtiyac var? Boşanma halaldır, amma Allah-Təalanın sevmədiyi halaldır. Əgər məsələ ölüm-qalım həddinə çatıbsa və başqa bir yol qalmayıbsa, demək boşanmaq var. İntihar, düzəldilməsi mümkün olmayan bir xətadır. İnsanı o xətadan döndərmək, qurtarmaq üçün mümkün və uyğun olan hər şeyi etmək olar. Cana qıymayın, ölmək və öldürmək istəməyin. Sizin halınız nə qədər ağır, əsəbi olsa belə, əmin olun ki, intihar etmək həyatınızın ən ağır günahı olacaq. Allah islah eləsin, bizə iman duyğusu, Allah qorxusu versin ki, onun əmanət etdiyi cana qıymayaq. |