Zərdabın yetirməsi təhsilini Almaniyada davam etdirəcək

0
180

Şimali Kipr Türk Respublikası Doğu Ağdəniz Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə iqtisadiyyat və biznes fakültəsini bu il 16 nəfər bitirmişdir. Universitetdə təhsil alan 20 minə yaxın tələbədən təqribən 2 minə qədəri hər il bakalavr dərəcəsi alır.
Bu universitetdə fərqlənən tələbələrin sırasında Azərbaycandan olan əlaçı tələbələr də az olmur. Bu il isə nəinki fakültə, habelə universitet üzrə digər tələbələrlə müqayisədə oxuduğu müddətdə bütün imtahanlardan əla qiymət alan yeganə tələbə məzun həmyerlimiz Orxan Əhmədov olmuşdur.
İngilis dilində təhsil alan Orxanın ilk semestrdən son semestrə qədər bütün imtahanlardan əla qiymətlər almasının nəticəsi universitet rəhbərliyi tərəfindən hər il «Yüksək şərəf birliyi sertifikatı» ilə qiymətləndirilmişdir. Maksimum 4 ortalama baldan onun 4 ildə ümumi balı 3.90 olmuşdur. Bu o deməkdir ki, magistr dərəcəsini almaq üçün dünyanın bütün dövlətlərinin ən nüfuzlu universitetlərinin qapıları 3.3 balı olan bakalavrların üzünə açıq olduğu halda, həmyerlimiz mümkün 4 baldan 3.9-nu toplamış və bununla da universitet üzrə ən yüksək bal toplayan 2 tələbədən biri, bütün semestrləri isə əlaçı başa vurmuş yeganə tələbə olmuşdur. Haqqında fərəh hissilə söhbət açdığımız bu gənc — Əhmədov Orxan Mayıl oğlu 1994-cü ildə Zərdab şəhərində anadan olub, birinci və ikinci sinifləri şəhərimizdəki 1 saylı orta məktəbdə oxuyub. Sonra ailə vəziyyəti ilə əlaqədar onlar Bakı şəhərinə köçürlər və Orxan təhsilini Səbayıl rayonunun 51 saylı məktəbində davam etdirir. Parlaq istedadı ilə hər zaman yaşıdlarından seçilən gənc həmyerlimiz orta məktəbdə əla qiymətlərlə oxuya-oxuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Dinamo» idman cəmiyyətində ciu-citsu güləş təlimlərində də həvəslə iştirak edərək Bakı birincisi, respublika çempionu olub. Beynəlxalq yarışlarda yüksək nəticələr qazanıb, medallarla və sertifikatlarla təltif olunub.
Orxan zəhmətkeş ailədə dünyaya göz açıb. Anası Qüdsiyyə Qarayeva əvvəllər şəhərimizdəki 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Orxanın atası — çox zəhmətkeş və ailəcanlı, yüksək insani keyfiyyətlərə malik olan Mail Əhmədov 1995-ci ildə 38 yaşında ürək çatışmazlığından dünyasını dəyişmiş və Qüdsiyyə xanım bu ağır, əvəzsiz itkidən bir müddət sonra uşaqları ilə birgə Bakı şəhərinə köçüb, orada yaşamalı olmuşdur.
Orxan Bakıdakı 51 saylı tam orta məktəbi 2011-ci ildə uğurla bitirmiş, həmin ildə də qəbul — test imtahanlarından 627 bal toplayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya fakültəsinə qəbul olunmuşdur. Lakin ailələrinin maddi durumunu nəzərə alaraq, Orxan təhsil haqqı, yataqxana, yeməkxana xərcləri dövlət hesabına ödənilən Şimali Kipr Türk Respublikasının Doğu Ağdəniz Universitetinə imtahan verərək daxil olmuşdur. O bu universitetin beynəlxalq münasibətlər ixtisası üzrə iqtisadiyyat və biznes fakültəsində təhsil almağa qərar vermişdir.
Gənc həmyerlimiz hər cür çətinliyə dözərək, yuxusuz gecələr keçirərək, nəhayət, universiteti fərqlənmə diplomu ilə bitirmiş, beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili almaqdan ötrü Almaniyanın Tubingen Universitetinə, Böyük Britaniyanın London Universitetinə müraciət etmiş və onlardan dəvət almışdır. Orxan Tubingen Universitetini seçmişdir və o magistraturanı Almaniya universitetində oxuyacaq.
Gənc həmyerlimizə uğurlar, xoşbəxtlik arzulayırıq.
Tərlan ABDULLAYEVA,
«Əkinçi»nin müxbiri.