Adını tarixə yazmış Zərdablı qəhrəman – Muradalı Heydərov

0
63

Yeni—2016-cı ilin ilk günündə səhər tezdən acı bir xəbər bizi çox üzdü. Bəli, Böyük Vətən müharibəsinin 3 “Şöhrət” ordenli qəhrəmanı, 94 yaşlı həmyerlimiz Muradalı Heydərovun vəfatı, yaş baxımından nə qədər gözlənilən olsa da, Qafqazdan Berlinədək vuruşa-vuruşa gedən və bəlkə min dəfə ölümlə üz-üzə, göz-gözə dayanan, amma ona can verməyən bu igid eloğlumuzun məhz dekabrın 31-dən 2016-cı il yanvarın 1-nə keçən gecə dünyasını dəyişməsi bir o qədər gözlənilməz oldu. Amma onu da bilirik ki, yaranan hər bir kəsin əcəl anı var və ölümdən qaçmaq mümkün deyil. Bizə isə Muradalı Heydərova Allahdan rəhmət, əzizlərinə, doğmalarına, onu tanıyanlara dərin hüznlə başsağlığı vermək qalır.
Muradalı Heydərov Böyük Vətən müharibəsi cəhbələrinə yola düşəndə cavan oğlan, sadə bir kənd uşağı idi. Amma o, qanlı döyüşlərə atıldığı ilk gündən göstərdiyi şücaətə, mərdlik və qəhrəmanlığa görə böyük şöhrət qazandı. Özü xatırlayırdı ki, o müharibədə ölüm haqqında heç zaman düşünmürdük, yəni qədərə, qismətə inanırdıq, inanırdıq ki, cəhbədə həlak olmaq qismətimizə yazılıbsa, bundan heç yana qaça bilmərik.
Berlinin fatehi Muradalı Heydərov od-alov içində keçən günləri xatırlayanda, həlak olan döyüş dostlarını yada salanda göz yaşlarını saxlaya bilmirdi.
Muradalı kişinin müharibədə keçdiyi qəhrəmanlıqlarla dolu şərəfli, həm də qanlı-qadalı yol çox ağrılı, əzablı olub. O, özü danışırdı ki, dəfələrlə alman faşistlərinin mühasirəsində qalmışdıq, ərzağımız tükənəndə hətta topdartan atlarımız ölürdüsə, onların da ətini yeməyə məcbur olurduq. Vaxt olub ki, düşmən arxasında qalmışıq və 5 nəfər döyüşçü yandırılmış əkin sahəsindən tapdığımız 1 baş qarğıdalının dəni ilə qidalanaraq 3 gecə-gündüz yol getmişik. Döyüşlərin birində isə düşmənlə əlbəyaxa vuruşmağa məcbur olan həmyerlimiz gülləsi qurtaranda faşist əsgərinin xirtdəyini dişi ilə qopararaq, öldürdüyünü xatırlayırdı. Müharibənin qızğın çağında isə o, komandiri olduğu topla bir döyüşdə almanların iki tankını vurubmuş.
Muradalı Heydərov igid, cəsur, qorxmaz insan idi. Müharibənin son gününə qədər qəhrəmancasına vuruşmuş, ordudan 1946-cı ildə tərxis olunmuşdu. 1941-1945-ci illər sovet-alman müharibəsinə sadə bir kənd uşağı kimi yollanan Muradalı Heydərov cəhbədən doğma rayona, sevimli Məmmədqasımlı kəndinə əsl qəhrəman kimi qayıtdı. Onun müharibədə göstərdiyi misilsiz qəhrəmanlıqlar SSRİ-nin 9 ordeni, o cümlədən 3 “Şöhrət”, II Dərəcəli Vətən Müharibəsi ordenləri, çoxlu sayda medallarla qiymətləndirildi. Bir faktı da xatırladaq ki, Böyük Vətən müharibəsində cəmi 30 nəfər Azərbaycan döyüşçüsü “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu və həmin qəhrəmanların həyatda qalan sonuncu nümayəndəsi məhz həmyerlimiz Muradalı Heydərov idi. Allah rəhmət eləsin!
Günel İSAMƏDDİNQIZI,
“Əkinçi”nin müxbiri.