Zərdab sakini türməyə telefon keçirmək istəyəndə tutdular

0
45

Bakıdakı 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 263.1.2, 264 maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “ARKO MEN” üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.