Zərdabda “Şərqin möcüzəsi” sayılan zəfəran növü yetişdirilir – FOTOLAR

0
102

Zərdab həm də kənd təsərrüfatı rayonudur, demək buranın kəndliləri torpağı münbitləşdirməkdən ötrü çox böyük əziyyətlər çəkərək istədikləri nəticəni əldə edirlər. Bəli, istədikləri məqsədə çatırlar. Bu sözü elə-belə demədim. Buranın kənd təsərrüfatı məhsulları istehsalçıları taxıl və pambıq məhsulları ilə yanaşı, müxtəlif tərəvəzlər, həmçinin bu bölgəyə xas olmayan subtropik bitkilər də əkib becərir, yüksək məhsuldarlıq əldə edirlər.

Müsahibim indiki Aqrar Universitetinin məzunu, öz peşəsinin sirlərinə dərindən yiyələnmiş və bu peşəni ürəkdən sevən, aqronom Əşrəf Mahmudovdur. Əşrəf Mahmudov uzun illərdir ki, bu sevimli peşə ilə məşğul olur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsindən daha da ruhlanan bu əmək adamları bir dəqiqə belə boş vaxtlarının olmadığını vurğuladı. O, qardaşı Asif Mahmudova məxsus özəl təsərrüfatda Rusiya Federasiyasından gətirilmiş buğda və arpa sortları ilə yanaşı, zeytun və məşhur “Şərqin möcüzəsi” sayılan zəfəran növləri yetişdirib əla keyfiyyətli məhsul əldə edir. Müsahibim bu bitkinin əhəmiyyətindən danışaraq vurğuladı ki, nahaq yerə zəfəranı “Şərqin möcüzəsi” hesab etmirlər.Zəfəran-Zərdab

Çünki zəfəranın nadir müalicəvi xüsusiyyətləri bu ədviyyatı əsl təbii dərman edir. Zəfəran dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil olunur. Eyni zamanda bu bitkidən kulinariyada da çox istifadə edilir. Bu bitki həzm prosesləri və iştahanı yaxşılaşdırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir, ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir. Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti, maddələr mübadiləsini yaxşılaşdırır, insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Zəfəranın güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.

Süddə dəmlənmiş zərəran (2-3 “tükcük” 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir – bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.Zəfəran-Zərdab

Müsahibim bu bitkinin becərilməsində bütün prosedur qaydalara əməl olunduğunu qeyd edir. Qeyd edir ki, Azərbaycan Genetik Ehtiyatlar İnstitutunun doktoru Yusif Ağayevin bu işdə böyük əməyi var. O, öz elmi işini Zərdabda bizim təsərrüfatda təcrübədən keçirərək, gözəl nəticə etmişdir. Və bu da təbii ki, bizdə bu işi davam etdirməyə stimul yaratmışdır. 3-4 il bundan qabaq Yusif müəllimin rəhbərliyi ilə 2500 nümunə əkilmiş və hər bir nümunənin mütəmadi olaraq müşahidəsi həyata keçirilərək qeydiyyatlar aparılmışdır. Qeyd edir ki, hər nümunənin öz pasportu var.

Fürsətdən istifadə edərək Azərbaycan Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Aqrar elmləri üzrə doktor Zeynal Əkpərova və  Azərbaycan Genetik Ehtiyatlar İnstitutunun doktoru Yusif Ağayevə öz dərin minnətdarlığımızı bildiririk.

Hazırda təsərrüfatımızda zəfəranın yabanı və mədəni növləri bitir. Dünyanın bir çox ölkələrindən müxtəlif zəfəran (krokus sativus) növləri gətirərək qumsal torpaqda əkib becəririk.

Müsahibim onu da bildirdi ki, dahi Nizami Gəncəvinin əsərlərində adları çəkilən dərman bitkilərindən biri də zəfərandır. Keçmiş SSRİ ölkələrindən yalnız Azərbaycanda (Abşeronda, Bilgəhdə) zəfəran becərilir. Zəfəran növlərinin əksəriyyəti nadir və nəsli kəsilməkdə olan bitki kimi keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmişdir.

Sonda aqronom Əşrəf Mahmudov təkliflər verdi ki, bu sahənin inkişaf etdirilməsi bir təsərrüfat rəhbərinin gücü daxilində deyil, əlaqədar qurumlar məşğul olsalar daha yaxşı olar. Çünki əvvəla satış bazarı tapmaq lazımdır ki, istehsal olunan məhsul əldə qalmasın, satılsın. Eyni zamanda bu sahə çox böyük işçi qüvvəsi tələb edir. Respublikamızda zəfərançılığın inkişaf etdirilməsi işsizliyin aradan qaldırılmasına böyük töhfə olar.

Sevinc Vaqifqızı

Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab Zəfəran-Zərdab