Zərdab Rayon Mərkəzi Kitabxanasında şəhid Nurlan Abdullazadə anıldı

0
50

 

Zərdab Rayon Mərkəzi Kitabxanasında zərdablı şəhid gizir Nurlan Rasim oğlu Abdullazadənin Respublika Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülməsi ilə bağlı anım tədbiri keçirilib. Bu barədə Zerdab.com saytına Kitabxanadan məlumat verilib.

Tədbirdə şəhidlik zirvəsinə yüksələrək bir evin övladlığından çıxaraq bütün azərbaycanlıların övladına çevrilən, and yerimiz, qürur yerimiz olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru Nailə Əliyeva bildirib ki, Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olan, 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən, 1994-cü il təvəllüdlü, ailənin yeganə oğul övladı, gizir Abdullayev Nurlan Rasim oğlu aprelin əvvəlində Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində torpağa tapşırılıb: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə zərdablı şəhid gizir Nurlan Rasim oğlu Abdullazadənin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülməsi hər birimizin ürəyindən xəbər verdi. Şəhidlərimizə göstərilən böyük diqqətə görə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidentinə bütün zərdablılar adından dərin minnətdarlığımızı bildiririk”.

Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova və Əlvənd kənd kitabxana filialının müdiri Rəşad Şərifov çıxış etdilər. Sonda Mərkəzi Kitabxananın əməkdaşı, şəhidin bibisi Nazlı Nəsirova Nurlan haqqında xatirələrini bölüşdü.

Sevinc Vaqifqızı