Həsən bəy Zərdabi haqda roman yazmaq cəsarətini üzərinə götürdü və…

0
83
hesen-bey-zerdabi-ekinci-qezeti.png

Nur, işıq selinin qovuşdurduğu ecazkar mütaliə aləminin sehrindən hələ qurtulmamışam, bu nə qədər çəkəcək, deyə bilmərəm. Amma hansısa əsər mənə bir daha jurnalist, publisist, şair, yazıçı, tədqiqatçı alim Sona xanım Vəliyevanın “İşığa gedən yol”u qədər təsir gücündə olacaqsa, ona da səbrli oxucu kimi mütaliəmlə minnətdarlığımı yetirəcəyəm.

“Zərdabi LTD” nəşriyyat-poliqrafiya müəssisəsində bu yaxınlarda çapdan çıxan 767 səhifəlik əsəri az qala birnəfəsə oxudum. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxucusuna sadə və bədii dillə əhatəli şəkildə təqdim edilir. Səbr öz yerində, əsas səbəbkar romanın dili, üslubu, daşıdığı bəşəri missiya, müəllifinin qəhrəmanına bənzər cizgiləri, orijinallığıdır. Tam səmimiyyətlə etiraf edim ki, Sona xanımın Həsən bəy Zərdabi haqqında nə vaxtsa yeni əsər yazacağını gözləyirdim. Bunun roman olacağını isə təsəvvürümə gətirə bilmirdim. Çünki Sona xanımı öncə istedadlı jurnalist, sanballı məqalələr müəllifi kimi tanıyırdım. “Arazbarı”, “Çəhrayı rəngli dünyam” kitablarında toplanan bir çox poetik nümunələrinin indi də təsiri altındayam. Əksərini əzbər deyə bilərəm, publisistikası da öz yerində. “İşığa gedən yol”u ona görə oxuculara sürprizdir ki, Həsən bəy Zərdabi haqda roman yazmaq cəsarətini məhz Sona xanım üzərinə götürüb. Və bu missiyanın öhdəsindən necə ustalıqla gəldiyini əyani bilmək istəyənlərə əsəri oxumağı məsləhət görərdim…

Qayıdaq gözləntimin qaynaqlarına. Ötən il Sona xanımdan müsahibə almaq üçün iş yerinə getdim. Zamanının qıt vaxtına düşsə də, bizə kifayət qədər vaxt ayırdı. Səliqəli iş otağına nəzər yetirdim, rəflərdən, divar boyu sıralanan portretlərdən maarifcilik təcəssümü boylanırdı. İkisi isə sanki ona nəzarət edirmiş kimi, az qala üz-üzə dayanmışdı. Onlar mətbuatımızın və poeziyamızın korifeyləri Həsən bəy Zərdabi və Hüseyn Cavidin rəsmləri idi. Mənə elə gəldi ki, Sona xanım hörmətlə yanaşdığı, həyat və fəaliyyətinin bir hissəsinə çevrilən bu tarixi şəxsiyyətlərin rəsmləri ilə söhbət etmək, məsləhətləşmək, onlara  hesabat vermək üçün belə seçim edib.

Hüseyn Cavidin cismən və ruhən vətənə qaytarılması üçün xalqımız Ümummilli liderimiz Heydər Əliyevə borcludur. Fərəh hissi ilə deyə bilərik ki, öz növbəsində Sona xanım da dahi şairimizin irsinin ölkə hüdudlarından kənarda da təbliğində misilsiz xidmətlər sahibidir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlarda bununla bağlı kifayət qədər bilgilər var. Həsən bəy Zərdabiyə isə tədqiqatçılarımız, söz sahiblərimiz, alimlərimiz, jurnalistlərimiz az qala bir kitabxana qədər yaradıcılıq nümunələri həsr ediblər. Və Sona xanım özünün maarifçilik missiyası ilə bir əsrdən sonra da Həsən bəylə məsləkdaş kimi eyni sıradadır.

Sona xanım “Kaspi”yə ikinci həyat verməklə onu yaşının üçüncü əsrinə qovuşdurub. Bununla da Həsən bəyin də müəlliflərindən olduğu və bilavasitə Əlimərdan Topçubaşov kimi Azərbaycan Demokrat Respublikasının qurucularından sayılan tələbələrinin, məsləkdaşlarının mətbu abidəsinə əbədiyaşarlıq bəxş edib.

“İşığa gedən yol”u oxuyuram…

Açığı, müəllif əsəri o qədər səmimiyyətlə qələmə alıb ki, bilmirəm romanın qəhrəmanından yazım, yoxsa müəllifindən… Yuxarıda bəzi paralellər apardım, onsuz da həssas yazarlarımız əsərə biganə qalmayacaqlar. Ürək sözləri, təhlillər təqdim olunacaq. Məni bir oxucu kimi cəzb edən müəllif priyomudur. Sanki Sona xanım öz uşaqlığını, doğmalarını tərənnüm edir: tut ağacının kölgəsində açılan süfrə, başına toplaşan doğmalar… Təbii ki, əgər sevdiyin sahədə, mövzuda özünə yaxınlıq hiss etmədiyin nəsə səni o qədər təsirləndirməz. Məsələn, mən hər dəfə bu şeiri oxuyarkən təsirlənməyə bilmirəm:

…İndi səbrim kimi itərəm yolda,
Xəyal qanadına götürər məni.
Salam, anamsız ev, gec gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.

“İşığa gedən yol”da Həsənin atası Səlim kişinin ona verdiyi nəsihət: “Bir insan elmi dərk edib öyrəndikcə o bir ovuc qiymətli daş-qaşa çevrilir. Paylaşıb yüzlərlə insana öyrətdikdə isə həmin elm xəzinəyə çevrilir, sən isə xəzinə sahibi olursan. Xeyirxahlıq, yaxşı əməl, elm bilirsən nəyə bənzəyir? Gəl bura” bax bu torpaq sahəsinin hər yerinə buğda əkmişik. Amma hər yerdə bərabər taxıl bitməyib. Əkilən toxumlar itməyib də. Sel, su bir yerdən yuyub bitməsinə yol verməsə də sahənin ayagında daha yaxşı cücəriblər. Elm, xeyirxahlıq, yaxşı əməl də əkinçilk kimidir. Əkilən toxum bəhrəsini verməsə də, nə zamansa bar verəcək. Əkilənlər bir gün biçilir, bəhrə verir. Sən biçməsən də oğlun, qızın bu əkindən mənfəət götürür…”

Bu müdrik və fəlsəfi fikirlər Sona xanımın keçdiyi həyat məktəbinin yaratdığı düşüncələrdir. Təbii ki, bu həyat məktəbidir onu xeyirxah, zəhmətkeş və yaradıcı insan edən. Bəli “…Hər şeyin başlanğıcı çətin olur, get-gedə çətinliklər aradan qalxır, əvəzində qazanılan ömür boyu arxalanacağımız təhsil, savad olacaq…” kimi düşüncələri Sona xanım bu tarixi romanda qabarıq əks etdirib.

Əsərdə görülən yuxuların möcüzəsi, ağsaqqal uzaqgörənliyi, kənd həyatına baxış, Azərbaycanın o zaman barmaqla sayılacaq, əzab-əziyyətlə oxuyub-çalışan, xalqa fayda verməyə can atan ziyalılarının həyatı ilə yanaşı, vətənin taleyi də bütövlükdə canlandırılır. Əlbəttə, tarix təkrarlanır. O zamanın xeyirxahları kimi bizim dövrün də xeyirxahları olub, var və olacaq… Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın saysız-hesabsız gənclərinin xaricdə təhsil almaları üçün əlindən gələni etməsini bu əsəri oxuyarkən bir daha xatırladım. Və yenə də Səlim kişinin əsərdəki sözlərini, oğlu Həsənə nəsihətini yada saldım…

Moskva Dövlət Universitetinin rəhbəri, rus tarixçisi S. M Solovyovun dilindən səslənən “Bu qafqazlılar ya oxumur, oxuyanda da elə oxuyurlar ki, hamını heyrətə salırlar”, yaxud da “… bu qafqazlılar elmə və hərbə maraq göstərəndə onlardan çox dəyərli mütəxəssislər çıxır. Bunlar üçün orta hədd yoxdur. Ya əla, ya da heç nə… ” kimi fikirlər unudulmazdır. Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Məhəmməd Zövi, Ağəli bəy Naseh, Fərəc bəy Ağayev, Mirzə Hüseyn Qayıbov, Məmo bəy Məmai, Mir Möhsüm Nəvvab, Seyid Mirhəmzə Niğari kimi milli düşüncə aydınlarını əsərdə bir araya gətirən Sona xanım onların misilsiz söhbətlərini, parlaq fikirlərini oxucuya o qədər sadə və mükəmməl formada çatdırır ki, istər-istəməz həmin insanlara qarşı xüsusi sevgi ilə yanaşı, talelərinə görə acı təəssüf hissi də oyanır…

Həsən bəyin böyük zəhməti sayəsində günlərin birində “Əkinçi” ərsəyə gəlir, Tarixin ən gərəkli səhifəsini Həsən bəy tək yazırdı: “Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Amma bu aynanı əlimizdə düzgün tutmasaq, Allah bilir vilayət necə görünər “düşünürdü, çalışırdı xeyirxah əməllərini gördüyü işlərlə göstərirdi. Milli mətbuatımızın ilki, milli maarifçiliyin mediada təməl daşı, sonralar Azərbaycan ictimai mühitinə təkrarsız nəşrlər və ictimai-siyasi simalar bəxş edəcək “Əkinçi”.

Kiçik Həsənin ağlı kəsəndən ailəsinin, böyüdükcə kəndinin, kəndlilərinin, Moskvada oxuyub qayıdandan sonra Tiflisdə çalışarkən laqeyd dövlət məmurlarının sadəlövh, savadsız kəndlilərə, xüsusilə də Borçalıda yaşayan azərbaycanlılara qarşı etdikləri haqsızlıqlara göz yuma bilməməsi, “gedin övladlarınızı oxudun, savad verin ki, sizin kimi cəhalətlə yaşamasınlar” deməsi Azərbaycanın milli ruhunun dirçəlişindən xəbər verirdi.

Həsən bəy üçün sevgisindən, məhəbbətindən də önəmli onun xalqının taleyi idi və hər bir sakin özünü Məlikovlar ailəsinin doğması hesab edirdi. Tiflisdə üzləşdiyi haqsızlıqlardan sonra Bakıda ilk iş gününə qədər Həsən bəyin həyəcanını, içinin burulğanını “qəzet alın, qəzet alın” deyən uşaqların səsi səngidir və bir anlıq “…kaş ki, bu millətin ana dilində maariflənməsi üçün, oxuyub yazması, savadlanması üçün qəzeti olaydı” arzusu keçir könlündən və köks ötürür. O, artıq, evini, ailəsini, kəndini deyil, daha çox xalqını, millətinin gələcəyini düşünürdü… İnsanın xəyalları ona arzularına çatmaqda köməklik edir… Həqiqətən də Həsənin xəyalları onun Azərbaycan tarixində işıqlı şəxsiyyət kimi qalmasına yol açır. Onun çəkdiyi əziyyətlər xalqının gələcəyini, maariflənməsini düşündüyü üçün idi. Yalnız bu amalla yaşayan, addımlar atanlar İŞIQLI İNSAN ola bilər. Sona xanımın yeni əsərində dahi Azərbaycanın ziyalısı Həsən bəy Zərdabinin keşməkeşli həyat yolu ilə yanaşı, eyni zamanda, xalqımızın dünənindən, Qarabağda, Şirvanda, Şamaxıda yaşanan proseslərdən, tariximizə qara ləkə olan erməni faşizminin bədnam əməllərindən də ustalıqla söz açılır. Bu mənada, Sona xanım Vəliyevanın olduqca əhatəli alınan, geniş mövzulara toxunulan bu əsər Azərbaycan ədəbiyyatına dəyərli töhfədir.

Gülşən BEHBUD