Zərdabiyə məxsus torpaq sahələrinin yeri məlum oldu

1
113

Həsən bəy Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən xəritə

 “Əkinçi” qəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrüfatına dair kəndlilərə səmərəli, elmi, təcrübi tövsiyələr verməsin. Bu qəzetdə “Kənd əhalisinin fəaliyyəti” adlı xüsusi şöbə yaradaraq burada çap edilən məqalələrin yerlərə, zəhmətkeş kəndlilərə çatdırılması məhz onun öz elinə, obasına, millətinə, xalqına bağlılığının və dərin məhəbbətinin təcəssümü idi.

“Əkinçi” nəşr olunduğu gündən bağlananadək Həsən bəy çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparmış və rejimin torpaq məsələlərində yeritdiyi haqsızlıqlara, onların kortəbii hərəkətlərinə qəzet vasitəsilə öz mənfi münasibətini bildirmişdir.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir və nəticədə 1887-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə gimnaziyadan müəllimlikdən azad edilir.

Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba köçür. Zərdab həyatı dövründə Həsən bəy vəfalı həyat yoldaşı Hənifə xanımla xalq yolunda çoxsahəli işləri içərisində kənd təsərrüfatı sahəsinə böyük diqqət yetirirdi. O, hələ 1875-ci ildə “Əkinçi” qəzeti vasitəsi ilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı kəndlilərə torpağın elmi qaydada əkilib-becərilməsini, torpaqdan necə və hansı qaydada səmərəli istifadə etmələrinin izahını və şərhini vermişdir.

Həsən bəy Zərdabi doğma yurdu Zərdabda yaşadığı 16 il ərzində torpaqdan laboratoriya kimi istifadə etmiş, təcrübi olaraq torpağın məhsuldarlığının artırılması yollarını, torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etməyi, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması üsullarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salmış və o, bunun üçün birinci növbədə torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsi barədə dəyərli tövsiyələr vermişdir.

Belə ki, Həsən bəy torpağın hansı qaydada, nə dərinlikdə aparılmasını praktiki olaraq bir çox yerlərdə və eyni zamanda onun özünə məxsus olan torpaq sahələrində həyata keçirmişdir. Həmin dövrdə torpaqların, qeyri-elmi istismarı nəticəsində münbitliyin pozulması səbəblərini elmi əsaslarla izah edərək onların münbitliyinin bərpası yollarını göstərmişdir. O dövrdə Həsən bəy Zərdabi tam şəkildə torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri və təcrübi məsələlərini kütlələrə yetirir və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr verirdi.

Oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, Azərbaycanda torpaqşünaslıq və aqrokimya elmlərinin banisi olan Həsən bəy Zərdabi rus torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevdən xeyli əvvəl torpaq elmi haqqında fikir söyləmişdir.

V.V.Dokuçayev torpağın əmələ gəlməsi haqqında qiymətli fikirlərini 1883-cü ildə “Rus qara torpağı” adlı əsərində söyləmişdir. O, 1885-ci ildə yazırdı ki, “… torpaq a) ana süxurların, b) yerli bitki və canlı orqanizmlərin, v) yerli iqlimin, q) ərazinin relyefinin və d) ərazinin yaşının birgə fəaliyyətinin nəticəsidir”. Onun göstərdiyi torpaq əmələgətirən amillərə sonradan V.P.Vilyams tərəfindən insanın təsərrüfat fəaliyyəti də əlavə olunmuşdur. Lakin, qeyd etmək lazımdır ki, H.B.Zərdabi Dokuçayevdən 8 il əvvəl, hələ 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah etmiş və bu prosesdə dörd amilin: a) ana süxurun, b) bitki və canlı orqanizmlərin, v) iqlimin və q) insanın təsərrüfat fəaliyyətinin rolunu göstərmişdir. Həsən bəy Zərdabi ilk dəfə torpaq təsnifatı haqqında fikir söyləyərək, torpaqları mexaniki tərkibinə görə üç qrupa (qum, gil və əhəng adlandırdığı karbonatlı birləşmələr) bölmüşdür. Deməli, Həsən bəy Zərdabi dövrün məşhur rus torpaqşünas alimləri olan N.M.Siburtsevdən və N.A.Kaçinskidən xeyli əvvəl mexaniki tərkibə görə torpaqların təsnifatını vermişdir.

Dərin elmi bilik sahibi olan Həsən bəy Zərdabi Azərbaycanın kənd təsərrüfatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, emalında və eləcə də müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın-mexanizmin, texnikanın inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açaraq, zəngin ideya və fikirləri ilə xalqının zəhmətkeş kütlələrinə bir çox məsələlərin vacibliyini çatdırmış, həmçinin milli kadrların hazırlanmasının vacibliyini göstərmişdir.

Həsən bəy Zərdabda yaşadığı müddətdə ciddi şəkildə kənd təsərrüfatı işləri ilə məşğul olurdu. O, Misirdən bitki növləri gətirir, müxtəlif növ bitkiləri bir-birinə calaq edib yeni növlər yetişdirir. Barama saxlayanlar (kümçülər) onun yanına məsləhətə gələrdilər. Lakin ömrünün ən müdrik çağında, öz doğma yurdu Zərdabda yaşadığı müddətdə də bir dəstə qaragüruhçu ona imkan verməmişdir ki, Həsən bəy gözəl əməlləri ilə asudə məşğul olsun. Ona böhtanlar atılmış, qara yaxılmış, evinə basqınlar edilmiş, taxıl zəmisinə od vurulub yandırılmışdır. “Kaspi” qəzetinin 1887-ci ildə çıxan 125-ci nömrəsində oxuyuruq: “… Gecə qolçomaqlar və başqa müftəxorlar Həsən bəyin Dalan-baba adlı yerdə biçilib pəncəyə vurulmuş, lakin hələ daşınmamış taxıl zəmisinə od vurmuşlar. Xoşbəxtlikdən Həsən bəyə dərin ehtiram bəsləyən qonşu Müskürlü və Pərvanlı kəndlərinin əhalisi yanğını söndürmüşlər”.

Həsən bəy bütün bu çətinliklərə baxmayaraq Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə sortları yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Bu illər (1880-1896) ərzində Zərdabi həmçinin əkinçilik, toxumçuluq, arıçılıq, maldarlıq, qoyunçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri mətbuat vasitəsi ilə avam kütlələrə çatdırır, onları qəflət yuxusundan oyadır. Azərbaycanda kənd təsərrüfatını kompleks inkişaf etdirməyə çağırırdı.

Apardığımız tədqiqatlar, hüquqi-arxiv sənədləri bizə deməyə əsas verir ki, keçmiş Göyçay qəzasının ərazisində, ayrı-ayrı yerlərdə Zərdabiyə məxsus torpaq sahələri olmuşdur. Zərdabi kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə qazandığı nailiyyətləri bilavasitə özünə məxsus olan həmin torpaq sahələrindən səmərəli surətdə istifadə etməyin nəticəsində əldə etmişdir.

Respublika Əlyazmalar İnstitutunun arxivində (Arxiv-Z-Q-İ/196) saxlanılan, Həsən bəyin “Vəsiyyətnamə”sinin daşınmaz əmlak-torpaqla bağlı mətnini olduğu kimi vermək oxucularımız üçün maraqlı olardı.

Vəsiyyətnamə. Aşağıda imza edən mən-Bakı şəhərində yaşayan, Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, öləcəyim ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim:

1. Mənim öz əməyimlə qazandığım daşınmaz əmlakımı: yəni: a) Göyçay qəzasının Qarabörk kəndi yanında praporşik Ağabəy Əbdürəhman Sultanovdan aldığım torpaq sahəsini: şimaldan Kaspar arxı-köhnə su kəməri qanovu, cənubdan Qazyan kəndinin sakini Molla Əlinin bağ qanovu sərhədində; şimaldan cənuba min yüz on sajen (2331 m. – E.Həsənov) uzunluğunda və qərbdən şərqə Qazyan arxından başlayaraq şimalda Kaspar arxı üzrə və cənubda Molla Əlinin bağ qanovu üzrə üç yüz on sajen (650 m. – E.Həsənov) enində, şərqdə sahənin enini göstərən bu iki xəttin uclarını birləşdirən min yüz on sajen uzunluğunda düz xətt sərhədində iki yüz desyatinə (218 ha – E.Həsənov) bərabər şumluq torpaq sahəsini; b) Göyçay qəzasının Çərəkə kəndi yanında təqribən yüz desyatinə bərabər şumluq torpaq sahəsini, yəni şərqdən Lək arxı, qərbdən Xan arxı, şimaldan Xan arxından qanov ayrıldığı yerdən başlanan düz xətt sərhədində sahənin yarısını, şərqdən Lək arxı ilə birləşənədək, Əli bəy Çərəkənskinin, Məmməd bəyin və başqalarının vərəsələrindən satın alınmış sahən; v) Zərdab və Kür bağlarının bütün torpaqlarının altıda bir hissəsini (həmin hissə bu torpaqlar barəsində mərzçəkmə işinin tətbiqinə görə mükafat olaraq mənə verilməlidir) mən, öz uşaqlarımdan-qanuni vərəsələrimdən  və başqa qohum-əqrəbamdan başqa, arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm; o, əməyimlə qazandığım yuxarıda sadalanan əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir.

2. Adını çəkdiyim arvadım uşaqlarımı-oğlum Səffət bəy və qızım Qəribsoltan Məlikovları yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur.

3. Arvadım Hənifə xanım əmlakı heç kəsə tamamilə və ya qismən vəsiyyət etmək, bağışlamaq və satmaq ixtiyarına malik deyil, bu əmlak, onun ölümündən sonra bərabər hissələrdə uşaqlara-Midhəd bəyə, Səffət bəyə, Pəri xanım Topçubaşovaya, Qəribsoltana keçməlidir.

Həsən bəy Zərdabi 20 sentyabr 1907-ci il tarixli vəsiyyətnaməsinin 1-ci hissəsinin a) bəndində Göyçay qəzasının Qarabörk kəndi yanında iki yüz desyatinə bərabər şumluq torpaq sahəsinin praporşik Ağabəy Əbdürəhman Sultanovdan aldığını bildirir. Bu həmin Ağabəy Əbdürəhman Sultanovdur ki, XIX əsrin axırlarında Göyçay qəzasının ən iri mülkədarlarından olmuşdur. Və bu da bir faktdır ki, Ağabəy Əbdürəhmanov öz mülkində xüsusi olaraq carın ailəsi üçün qırqovul, turac və digər ov quşları saxlayırmış.

Həsən bəyin vəsiyyətnamədə qeyd etdiyi, ona məxsus olmuş torpaqların yerləşdiyi ərazilər tərəfimizdən tərtib olunmuş, aşağıda göstərilən xəritədə əks etdirilmişdir.

Bəylərin, mülkədarların əlində cəmləşən torpaqların, onların əlindən alınaraq kəndlilərin xüsusi mülkiyyətinə, istifadəsinə verilməsinə çox ciddi cəhd göstərən Zərdabi təhqirlərə, təzyiqlərə, hədə-qorxulara məruz qalsa da, kəndli ideoloqu, əsil torpaq işçisi kimi yerquruluşu nöqteyi-nəzərindən elmi-hüquqi əsaslarla, qorxmazlığı və cəsurluğu ilə qoluzorlulara qarşı çıxmış, torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında naturada praktiki olaraq mərzçəkmə fəaliyyətində çox mühüm işlər görmüşdür.

 İlk əmək fəaliyyətinə Tiflisdə “Torpaq palatası”ndan başlamış, yerlərdə planalma, mərzçəkmə işlərini o dövrün geodezik alətləri vasitəsi ilə aparmış olan, yerquruluşçusu, torpaq müfəttişi vəzifəsində, eyni zamanda mərzçəkmə komissiyasının tərkibində məhkəmə üzvü kimi fəaliyyət göstərmiş bu dahi insan doğma yurdu Zərdabda yaşadığı müddətdə də onun üçün doğma olan bu işlin icrasına əməli köməklik göstərmişdir.

Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ilə dərindən tanış olduqda görürük ki, sözün əsl mənasında o, nəinki Zərdabda, bütövlükdə keçmiş Göyçay qəzasının və onunla qonşuluqda yerləşən quberniya və qəzalar üzrə sərhəd hüdudlarının müəyyənləşdirilməsi (dəqiqləşdirilməsi), torpaq istifadəçiləri, icarəçiləri mülkiyyətçiləri arasında torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, mərzçəkmə işlərinin tətbiqi ilə mütəmadi məşğul olmuşdur.

Həsən bəyin vəsiyyətnaməsindən də məlum olur ki, o, həqiqətən mərzçəkmə işi ilə məşğul olmuşdur. Hansı ki, sözü gedən vəsiyyətnamədə mərzçəkmə işinin tətbiqinə görə Zərdab və Kür bağlarının bütün torpaqlarının altıda bir hissəsinin həmin hissə torpaqlarda apardığı mərzkəkmə işlərinin tətbiqinə görə mükafat olaraq ona verilməsini qeyd etmişdir.

Kəndlilərin hüquq və vəzifələrini onlara başa salması istismarçı rejimin hökm sürdüyü bir vaxtda çar çinovniklərinin yerli məmurlarının qəzəbinə səbəb olurdu. Çünki, onlar kəndli torpaqlarını istədikləri kimi bölmək, icarəyə vermək, ona sahib olmaq istəyindən yan keçə bilməzdilər. Elə bu nöqteyi-nəzərdən Həsən bəyin kəndlilərə yardımçı olması, öz hüquqlarını onlara başa salması sahəsində xidmətləri əvəzsiz olmuşdur.

Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi yaradıcılığı ilə bağlı araşdırmalar apararkən 22 aprel 1900-cü ildə ərəb dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmiş bir torpaq icarə müqaviləsi (F. №653. S. 1. iş 6) diqqətimi cəlb etdi.

Ərəb dilində, akt şəkilində yazılmış sözü gedən icarə müqaviləsinin rusca tərcüməsinin Azərbaycan dilində şərhini verdiyim həmin sənədlə oxucularımızı tanış etmək maraqlı olardı

                                                                    A k t

 22 aprel 1900-cü il tarixdə: Mən, Zərdab-Gəndəbil kənd icmasının kəndxudası Yüzbaşı Qasımoğlu aşağıda imza edənlərin iştirakı ilə Zərdablı torpaq sahibi Həsən bəy Məlikovun xüsusi mülkiyyətində olan torpaq sahəsini göstərilən şərtlərlə altı il müddətinə icarəyə götürürəm;

1) Mən, Baba Yüzbaşı öhdəmə götürürəm ki, icarəyə götürdüyüm yuxarıda göstərilən torpaq sahəsini Zərdab kəndi yaxınlığında Kür çayının sahilindən Qarasu çayının sahilinə qədər köhnə kanalı təmir edərək dəzgah qurmaqla və ya kənarlarını o qədər torpaqlamaq ki, ictimai mal-qaranı sahəyə buraxmamaqla, bu sahədə hər hansı bir ağacın qırılmasının qarşısını almalı və bu sahəni olduğu şəkildə qorumalı, əgər ağaclar qırılıbsa onları bərpa edərək icarə müddətinin axırında Həsən bəyə qaytarmalı.

2) Mən, Baba Yüzbaşı icarəyə götürdüyüm torpağı öz əməyimlə tam qoruduğuma görə icarə sahəsinin sağ və qərb tərəfdən Murtuza bəy Hacı Əlibəy oğlu tərəfindən tutulmuş torpaqlarla həmsərhəd olaraq Qarasu çayı və “Qumlu-Tuqay” Həsən bəy kanalı boyunca, cənub-qərbdən Qarasu, şimaldan Qarasuya gedən ictimai yol boyu hüdudları daxilində olan sahədə öz qaramalımı otarmaq, saxlamaq, örüş sahələrində isə qoyunlarımı otarmaq, qalan sahələrdə ağac və kol bitkilərini qırmamaq, başqalarını da qırmağa qoymamaq şərti ilə ot yığmalı, bu vəziyyətdə Həsən bəyə təhvil verməli.

3) Şimaldan, başqa sözlə Kür tərəfdən, yuxarıda adı çəkilən yeni kanalın sərhədi boyu Murtuza bəyin evinə qədər olan sahədə nə qədər tut və söyüd ağacları vardırsa onların kötük və budaqlarını qırmaq, ipək qurdu və mal-qaranı yemləmək hüququna malikəm, lakin, buraya özümün, eyni zamanda başqalarının mal-qarasını, hətta dana və buzovları buraxmamaq, ağac və pöhrəlikləri qoruyub böyütmək, icarə müddətinin axırına qədər bütün işləri görüb qurtarmaq şərti ilə Həsən bəyə təhvil verməli.

4) Əgər mən-Baba Yüzbaşı qoyulan şərtlərin hətta bir bəndini belə pozsam, Həsən bəyin hüququ var ki, məni bu torpaqdan çıxarsın və torpağı başqasına versin. Həsən bəy öz arzusu ilə başqa cür də hərəkət edə bilər, yəni qoyulmuş vaxtın axırına qədər məni burada saxlaya, yaxud vaxt bitməmiş də buradan çıxara bilər. Və mən borcluyam ki, əgər müqavimət göstərsəm Həsən bəyə 100 (yüz) manat cərimə verəm. Bütün kənd tərəfindən təsdiq edilmiş müqaviləni mən Baba Yüzbaşı Qasım oğlunun savadı olmadığı üçün şəxsi xahişimlə və özümə inamımla Məlik Abdulla Molla Nuru oğlu imzalayır.

Təsdiq olunmuş bu müqavilə Baba Yüzbaşı Qasımoğluna və Həsən bəy Məlikova verilir, şahidlərin iştirakı ilə onun savadı olmadığı üçün və öz xahişi ilə Molla Abdulla Molla Nuru oğlu tərəfindən imzalanır ki, mən Zərdab Gəndəbil kəndinin kəndxudası İbad Qadiri Əhməd oğlu onu təsdiq edib dövlət möhürü ilə təsdiqləyirəm.

Həqiqətən bu icarə müqaviləsi Baba Yüzbaşı Qasımoğlu tərəfindən yazılıb tərtib edilmiş və Həsən bəy Məlikova verilmişdir. (savadsızlığına görə onun əvəzinə). Onu öz xahişi ilə və bir kənd hakimi ilə işləyib təsdiq etdik, akt və müqavilələrin qeydiyyatı kitabı kənd idarəsində olmadığı üçün surətlərini verdik, həm də tərəflərə izah etdik ki, bu sənəd imzalarla və dövlət möhürü ilə təsdiq edilmişdir.

  Hakimlər: Raduyev, Həsənoğlu,Məhərrəm Məmməd oğlu və Səfər Əli Hüseyn oğlu

110 il bundan öncə tərtib olunmuş sənədin mətni ilə tanış olduqda məlum olur ki, Həsən bəy Zərdabi şəxsi mülkiyyətində olan torpaq sahəsini necə böyük bir mütəxəssislik səriştəsi ilə tərəflər arasında akt şəklində icarə müqaviləsi bağlayaraq 6 il müddətinə Zərdab-Gəndəbil icmasının rəhbəri Baba Yüzbaşı Qasımoğlunun istifadəsinə vermişdir. Bununla bağlı tərtib olunmuş aktda şərh olunan məsələlərin qoyuluşu bu günün özündə belə ölkəmizdə torpaq islahatının həyata keçirildiyi bir vaxtda icarə müqaviləsi şərtləri, tələbləri baxımından da öz aktuallığını və tarixi əhəmiyyətini itirməmişdir, hətta onu hazırkı zaman üçün icarə müqaviləsinin bağlanmasında bir nümunə hesab etmək olar.

Həsən bəyin icarəyə verdiyi torpaq sahəsinə görə icarədar qarşısındakı tələbləri, torpaqların və bitkilərin istifadəsi, mühafizəsi, bərpası və yaxşılaşdırılması ilə bağlı şərtlərin aliliyi, eyni zamanda torpaqların inventarlaşdırılması, sərhəd təsvirinin verilməsi, torpaq istifadəçiləri arasında qonşuluqların şərhi, cəhədlərin müəyyən edilməsi və sair məsələlər onun əsil yerquruluşçusu, torpaqşünas, təbiətşünas bir alim olmasını göstərir.

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Zərdabişünas

1 comment

Comments are closed.