Zərdabda Vətən müharibəsi şəhidi İbrahim Rüstəmlinin doğum günü – 27 yaşı uyuduğu qəbiristanlıqdakı məzarı başında anılıb. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Zerdab.com saytına verilən məlumata görə, mərasim iştirakçıları şəhidin məzarı üstünə gül dəstələri düzüb, Rüstəmli İbrahimin və cəmi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda şəhid Rüstəmli İbrahimin şərəfli həyat yolundan xatirələr danışılıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən söhbət açılıb. Qeyd olunub ki, Xocavənd işğaldan azad olunduqdan sonra orada ilk azanı məhz İbrahim Rüstəmli verib.
Rüstəmli İbrahimin ailəsi şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Rüstəmli İbrahim 2020-ci il noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb, yaralı vəziyyətdə bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zerdab.com