Rusiyanın Saratov şəhərində yaşayan Zərdablı ailəsində dəhşətli hadisə baş verib.
Zerdab.com saytı xəbər verir ki, əslən Zərdab rayonunun Qoruqbağı kəndindən olan 2 əmioğlu – Anar və Elvin Qarayevlər ağır yol qəzasında həlak olublar.
Onlardan biri hadisə yerində, digəri isə bir neçə saat sonra dünyasını dəyişib.
Hadisə zamanı avtomobildə 2 əmioğludan başqa 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, yəni ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb.
Hadisəyə yol kənarında dayanmış başqa bir avtomobilin səbəb olduğu bildirilir.
Qəzada ağır yaralanan şəxsin bir neçə həftə öncə toyu olub.
Mərhumların hər ikisi Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn olunacaq.
Məlumat üçün bildirək ki, Anar və Elvin Qarayevlərin valideynləri Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olublar və rayonumuzda, Qoruqbağı kəndində həmişə kasıblara, imkansızlara əl tutublar, yardım ediblər.
Ölən əmioğluların valideynləri Qoruqbağı kəndində məscid tikdiriblər.
Onlar Rusiyanın Saratov şəhərində yaşayan, iş axtaran, Vətənə gəlməyə maddi imkanı olmayan həmyerlilərimizə də həmişə dəstəklərini əsirgəməyiblər.
Odur ki, baş verən hadisə bu ailəni tanıyanların böyük kədərinə səbəb olub.
Biz də öz növbəmizdə baş vermiş hadisə ilə əlaqədar mərhumların yaxınlarına, ailə üzvlərinə, başsağlığı verir, ölənlərə rəhmət, yaralanan şəxsə şəfa diləyirik.
Zerdab.com