İlham Əliyev Zərdabın inkişafına böyük önəm verir

0
67

Son illər ölkəmizin hər yerində olduğu kimi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci və ikinci Dövlət Proqramları çərçivəsində və dövlət büdcəsindən ayrılan vəsait hesabına Zərdab rayonunda da analoqu olmayan işlər görülür. www.zerdab.com-un Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinə istinadən yaydığı məlumata görə, son illər Zərdab rayonu sosial mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib: “Küçələrə 110 min kvadratmetr təzə asfalt örtüyü döşənib, Türkiyədən gətirilmiş 6 və 9 metr hündürlüyündə yeni elektrik dirəkləri quraşdırılıb, kommunal binaların dam örtükləri təzələnib, Heydər Əliyev parkı və prospekti yenidən qurulub. 2010-cu ilin təbii fəlakətindən ziyan çəkən ailələr üçün “32 hektar” adlanan ərazidə yeni fərdi yaşayış evləri tikilib. Hazırda işlər davam etdirilir. Kür çayı sahilləri boyunca 60,2 km məsafədə yüksək bənd bərkitmə işləri yerinə yetirilib. Son 4 ildə 7 məktəb binası tikilib, hazırda 3 məktəbin tikintisi davam etdirilir. 18 inzibati ərazidə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Rayonda ilk dəfə Seysmoloji Stansiya tikilib. İnsanların uzun illər arzusunda olduqları Zərdab-Otmanoba yolu 2010-cu ildə asfaltlanıb, kəndlərə qaz xəttinin çəkilişi isə bu gün də davam etdirilir. 14 nəfər Qarabağ əlili üçün fərdi ev tikilib, şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış evi istifadəyə verilib. Şəhərin su və kanalizasiya xətlərinin tikintisinin təməli ötən il oktyabr 4-də qoyulub.
Türkiyədə istehsal olunmuş elektron giriş qapısı, ümummilli liderin ilk dəfə hakimiyyətə gəlməsinin 42-ci ildönümü münasibətilə ucaldılan 42 metr hündürlüyündə Dövlət bayrağı və Bayraq meydanı şəhərə xüsusi gözəllik verir.
Ölkə Prezidenti İlham Əliyev 2011-ci il mayın 6-da Zərdab rayonunda olub, görülən işlərdən razılığını bildirib, dövlət başçısının müvafiq sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə 2 milyon manat vəsait ayrılıb.
Hazırda ayrılmış vəsait hesabına tikinti-quruculuq işləri yüksək sürətlə davam etdirilir.
Möhtəşəm Heydər Əliyev mərkəzi, Veteranlar evi, Gənclər mərkəzi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Yaradıcılıq evi rayona xüsusi gözəllik verir.
Rayon Yanğından Mühafizə Şöbəsinin, Baytarlıq İdarəsinin, “32 hektar” adlanan ərazidə, Pərvanlı və Lələağacı kəndlərində məktəb binalarının, Şəftəhal kəndində tibb məntəqəsinin, Çallı kəndində doğum palatasının, Qoruqbağı kəndində uşaq bağçasının tikintisi üzrə işlər də davam etdirilir.
Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu məqsədlə əkin sahələrini bol su ilə təmin etmək üçün Şəftəhal, Alıcanlı, Körpükənd, Bıçaqçı və digər çoxsaylı kəndlərdə daha məhsuldar yeni nasos stansiyalar quraşdırılıb.
Rayonda görülən bütün abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdar olan zərdablılar hazırda daha yüksək amallar uğrunda əzmlə çalışırlar.
Rayondakı sağlam və işgüzar şərait, mütəşəkkillik, yüksək nizam-intizam 2012-ci ilin də Zərdab və zərdablılar üçün uğurlu olacağından xəbər verir.