Elə hadisələr var ki, onları unutmaq olmaz, əksinə xatırlamaqda fayda var. Belə hadisələrdən biri də hələ bir müddət öncə Ukraynada baş vermişdi.
Zerdab.com saytı xəbər verir ki, söhbət Ukraynada şəxsi şücaət göstərərək insanları ölümdən xilas edən əslən Zərdab rayonundan olan Umud və Sabir Şirinov qardaşlarının şücətlərindən gedir.
Umud Şirinov həmin hadisəni belə xatırlayır: “Biz işdən qayıdırdıq, yolda yük maşınının qoşqusu aşmışdı, amma elə bildik ki, yolu tutmayıb. Yaxınlaşanda gördük ki, artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər keçdik, az qala özümüz də qəzaya düşmüşdük. Biz yanan “KİA” maşınını görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış adamlara iradımızı bildirdik ki, niyə xəbərdaredici nişan qoymamısınız. Heç yarım dəqiqə keçməmişdi ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox çökəklik idi, görünmürdü. Uşaq səsi eşidəndə baxıb gördüm ki, bir maşın yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı. Dedim bəs niyə dayanmısınız? Dedilər ki, qapıları aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var, partlaya bilər, cəhd edə bilmədik, məsləhət görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa görə qapıların mərkəzi qıfılını bağlayıbmış. Biz maşının qapılarını heç cür aça bilmədik. Gördük maşın təmiz yanır. Uşağın atası və anası yıxılı vəziyyətdə idi. Üç yaşlı uşaq qışqırırdı. Biz avtomobilin yük yerinin qapısını qırdıq, uşağı və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz balonu partlaya bilər. Mən uşağı çıxaranda kömək istədim. Yolda 25-30 nəfər dayanmışdı. Kömək istədim, heç kim yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim də övladımız var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların arasında sıxılmış vəziyyətdə qalmışdı. Biz oturacaqları qırdıq. Sağ olsun qardaşım, dedi ki, gəl risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da deyirdi ki, xahiş edirəm, atamı da xilas edin. Artıq biz özümüz haqqında düşünmürdük, həyatımızı riskə qoyub kişini də çıxardıq. Bundan dəqiqə yarım sonra qaz balonu partladı”.
Qeyd edək ki, Prezident İlham Əliyev Umud və Sabir Şirinov qardaşlarını bu şücaətlərinə görə “İgidliyə görə” medalı ilə təltif edib.
Şirinov qardaşları bildiriblər ki, Vətəndən kənarda yaşasalar da, daima ürəkləri doğma torpağa məhəbbət hissi ilə döyünüb.
Qərib diyarda əməlləri və davranışları ilə xalqımızın adını uca tutmağa, zəngin milli-mənəvi dəyərlərimizi nümayiş etdirməyə, Azərbaycan gəncinin dövlətçiliyimizə sadiq olduğunu göstərməyə çalışıblar.
Zerdab.com