Üç il erməni əsirliyində qalmış zərdablı bölük komandiri

1
35893
Zerdab-Penah-İsgenderov-esir-salahli

Pənah İskəndərovun qəhrəmanlığı, mərdliyi, igidliyi barədə onunla dostluq etmiş, bir cəbhədə döyüşmüş hərbçilər bu gün də ürəkdolusu danışırlar. Pənah Mənsim oğlu İskəndərov 1957-ci ildə Zərdab rayonunun Salahlı kəndində anadan olub. 1991-ci ilin sonlarında könüllü olaraq hərbi xidmətə yollanıb. 778 saylı hərbi hissənin xüsusi təyinatlı taburunda bölük komandiri kimi xidmətə başlayıb…
www.zerdab.com saytının məlumatına görə, gizir Pənah İskəndərov Laçın, Şuşa və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. 1993-cü il dekabr ayının 23-də Ağdamın Yusifcanlı, Mərzili kəndləri uğrunda gedən döyüşlərdə 4 ağır güllə yarası alaraq döyüş meydanında qalıb. Dostları yaralı İskəndərovu xilas etmək istəsələr də, bu, mümkün olmayıb. Beləliklə, ermənilər onu əsir götürüblər.

“Erməni hospitalında gözümü açıb gördüm ki…”
Həmyerlimiz düşmənə əsir düşdüyü anda huşu özündə olmadığından bunu hiss etməyib. O, həmin günləri belə xatırlayır: “Hücuma yüksək əhvali-ruhiyyədə girmişdik. Düşmən ciddi müqavimətlə üzləşdiyindən nə edəcəyini bilmirdi. Qızğın döyüş vaxtı nisbətən irəlilədim. İrəli keçməklə əsgərlərimə nümunə olmaq istəyirdim. Lakin necə oldusa düşmən gülləsinə tuş gəldim. 4 güllə yarası aldığımdan və çoxlu qan itirdiyimdən huşumu itirmişəm. Təbii ki, bunların heç birindən xəbərim olmayıb. Gözümü hospitalda açdım. Elə bildim ki, yaralandığım üçün məni özümüzünkülər hospitala yerləşdiriblər. Hətta sol əlimi bir az qaldırıb həkimlərə salam da verdim. Bir də gördüm ki, bir neçə nəfər erməni dilində məni söydü. Onda bildim ki, ermənilər tərəfindən əsir götürülmüşəm. Beləcə, üç gün hospitalda qaldıqdan sonra məni Xocavənd rayonunun komendaturasına apardılar. Orada 30-a yaxın azərbaycanlı əsir var idi”.

“Azərbaycanlı qadınları, uşaqları erməni əsirliyində görmək çox dəhşətli idi”
Əsirlikdə olduğu müddətdə zərdablı balası Pənah İskəndərova Qubadlıdan olan, əsir götürülmüş qadın və qızı qulluq ediblər: “Qarnımdan aldığım yara çirk elədiyi üçün ermənilər Qırmızı Xaçın həkimlərini çağırıb məni onlara təqdim etdilər. Beləcə, Qırmızı Xaçın qeydiyyatına alındım. Sonra məni xərəklə Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Çox dəhşətli mənzərə idi. Azərbaycanlı qadınları, uşaqları erməni əsirliyində, çıxılmaz vəziyyətdə görmək mənim üçün çox dəhşətli idi. Onları bu vəziyyətdə görəndən sonra özümü demək olar ki, unutmuşdum. Çoxunun adını xatırlamasam da, onları görsəydim, əllərindən, ayaqlarından öpərdim. Çünki yaram ağır olduğundan, çirk elədiyindən onlara verilən işgəncələrə, yaralı olmalarına baxmayaraq, nəzarətlərini mənim üzərimdən əsirgəmirdilər. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram: Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü”.

“Xankəndində bizi tikintidə işlədirdilər”
Pənah İskəndərov bir qədər Xankəndində saxlanıldıqdan sonra onu yenidən Şuşa türməsinə aparıblar: “Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndinə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndində tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik”.

“İmkansızlıq ucbatından müalicə oluna bilmirəm”
1996-cı ilin aprel ayında Pənahı yenidən Şuşaya gətiriblər. Beləcə, 1993-cü ilin dekabr ayının 23-dən 1996-cı ilin may ayınadək Pənah İskəndərov erməni əsirliyində qalıb. May ayında Qırmızı Xaçın köməkliyi ilə 67 nəfərlə birlikdə əsirlikdən azad edilib: “Bizi Primakovun təyyarəsi ilə Bakıya gətirdilər”.

P.S. Pənah İskəndərov uzun illərdir Bakı şəhərində yaşayır. Onunla hər birimiz qürur duyuruq. Lakin səhhətindəki problemlər, bir vaxtlar aldığı güllə yaralarının bu gün də ona rahatlıq verməməsi təəssüf doğurur. O, imkansızlıq ucbatından bu gün də tam müalicə oluna bilmir. İnanırıq ki, onun səsinə səs verən, müalicəsinə dəstək göstərən tapılacaq…

www.zerdab.com

1 comment

  1. Goresen bizim ……. utanmırmı ki, bir Qarabag elilini de mualice etdirmeye hevesi yoxdur?!

Comments are closed.