Həsən bəy Zərdabiyə ünvanlanan və illər sonra üzə çıxan məktub…

0
60

“Bu məktub bizi Həsən bəy Zərdabinin həyatının daha bir səhifəsi ilə tanış edir”

Azərbaycan xalqının görkəmli oğlu Həsən bəy Zərdabi dövrünün bir çox şəxsiyyətləri ilə dostluq əlaqələri qurmuş və nə yaxşı ki, bu münasibətlərin şahidi olan məktublar bu günümüzə qədər gəlib çatmışdır. Bu insanların sırasında M.F. Axundov, N. B. Vəzirov, A. A. Bakıxanov, İ. Paşayev (rus ordusunun zabiti), L.N.Tolstoy və başqaları var. Belə insanlardan biri də Hacı Abdulla Məcid Həmid Əfəndi olmuşdur. Bu yaxınlarda üzə çıxan bir sənədə əsasən demək olar ki, bu iki şəxs arasında səmimi münasibəti olub. Hacı Məcid Əfəndi 1829-cu ildə anadan olmuş, Şamaxı ruhani məktəbində təhsil almışdır. 18 yaşından təhsilini Türkiyənin İstanbul şəhərində davam etdirmiş, 22 yaşında Bağdat ali ruhani məktəbinə daxil olaraq müfti dini rütbəsi almışdır. Bu görkəmli şəxsiyyət daha sonra Albaniyanın Tirana şəhərində şəriət elmləri üzrə alimli dərəcəsinə layiq görülür. 26-27 yaşlarında Şamaxıya dönən Hacı Məcid Əfəndi Şamaxı mədrəsəsinə rəhbərlik etməyə başlayır. Şamaxı mədrəsəsi o vaxt Hacı Məcid Əfəndinin məktəbi adlanırmış. Mədrəsədə şəriət elmləri ilə yanaşı riyaziyyat, astronomiya və humanitar elmlər də tədris edilirdi. Sonradan Şirvan mahalında tanınan şəxsiyyətlərin əksəriyyəti vaxtı ilə Hacı Məcid Əfəndinin şagirdləri olmuşdur. Hacı Məcid Əfəndi Şirvan ziyalılarının hamisi idi. Xüsusilə Mirzə Ələkbər Sabirə qarşı həmişə diqqətli olmuş, onun təqiblərdən qorumuşdur. Bu yaxınlarda Hacı Məcid Əfəndinin nəticəsi Fikrət Həmid oğlu Ağayevin vasitəsi ilə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin əldə etdiyi məktub Hacı Məcid Əfəndi ilə Həsən bəy Zərdabi arasındakı münasibətə şahidlik edir. Bu qiymətli sənəd Hacı Məcid Əfəndinin Həsən bəy Zərdabinin 14 fevral 1903-cü ildə ona yazdığı məktuba cavabdır. Həsən bəy həmin məktubunda özünün və kürəkəni Əlimərdan bəy Topçubaşovun adından qonşuluğunda yaşayan çox istedadlı bir gəncin Şamaxı şəhərində hacı Məcid Əfəndinin açdığı dünyəvi məktəbə qəbul olunmasını xahid edir. Bu məktub bizi Həsən bəy Zərdabinin həyatının daha bir səhifəsi ilə tanış edir. Dövran bizə tariximizin bir çox səhifələrini unutdurub. Nə yaxşı ki, tarixin şahidi məktublar var və bu məktublar bizə tariximizin unudulan səhifələrində bələdçilik edir.