Səməd Vurğunun oğlu atasının şeiri ilə bağlı yazıya cavab verdi-EKSKLÜZİV

0
151
Vaqif Səmədoğlu

Xalq şairi Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu www.zerdab.com saytında “Qürbət eldə” şeiri ilə bağlı yayımlanan məqalədə səsləndirilən fikirlərlə bağlı münasibətini açıqlayıb. Vaqif Səmədoğlu saytımızla əlaqə saxlayaraq mövzuya aydınlıq gətirib.
Məlumat üçün bildirək ki, sözügedən məqalənin müəllifi Zərdab şəhər sakini, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 1972-ci il məzunu Mirağa Bağırovdur. Müəllif Səməd Vurğunun “Qürbət eldə” sərlövhəli, bir bənddən ibarət şeirinə 3 bənd əlavə yazdığını vurğulayıb. O qeyd edib ki, sonradan həmin 3 bəndi çoxları Səməd Vurğunun yazdığını zənn edib və şeir belə qəbul olunub. Müəllif bildirib ki, hətta sonradan həmin şeirə mahnı bəstələnib və yenə də müəllif Səməd Vurğun kimi göstərilib: “1978-ci ildə Bakı-Tiflis qatarı ilə ümumi vaqonda evimizə qayıdırdım. Vaqonda işıq yanmırdı. Birdən qonşuluqda radioda xanəndənin “Qürbət eldə” şeirini muğam üstündə oxuduğunu eşitdim. Ürəyim atlandı. Xanəndə şeirin 4 bəndinin dördünü də, yəni mənim əlavəmi də oxudu… Bu, Sabir Mirzəyev idi”.
Sözügedən məqalə www.zerdab.com saytında yayımlandıqdan sonra xalq şairi Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu bizimlə əlaqə saxlayaraq mövzuya münasibət bildirdi. O dedi: “Bunlar olan haldır – ədəbiyyatda, musiqidə, təsviri sənətdə… Neyləmək olar?”
Lakin Vaqif Səmədoğlu əminliklə bildirdi ki, müəllifi Mirağa Bağırov olan sözügedən 3 bənd Səməd Vurğunun heç bir kitabında çap edilməyib: “Sizin qeyd etdiyiniz əlavə Səməd Vurğunun bir kitabında da dərc edilməyib. Yalnız məqalənin əvvəlində verilmiş hissə çap olunub. Qeyd edim ki, həmin şeiri atam Pekin xəstəxanasında yatarkən yazıb. Və bu qısa şeir onun son şeiridir”.
V. Səmədoğlu həmin şeirə əlavəyə ehtiyacın olmadığını da sözlərinə əlavə etdi.
Səməd Vurğunun oğlu mövzu ilə bağlı fikirlərini belə yekunlaşdırdı: “Hər şair öz şeiri, öz adı ilə tanınmalıdır. Hörmətli Nicat, ən yaxşı aşıq belə ədəbiyyatşünas deyil ki… Ələskərin adına da öz yazılarını çıxan saz ustalarımız var. Təkrar edirəm, Səməd Vurğunun bir kitabında da o əlavə yoxdur, ola da bilməz. Çünkü onları nəşrə Vurğun yaradıcılığını mükəmməl bilən alimlər hazırlayırlar. Məqalənin müəllifinə – Mirağa Bağırova isə, mənim səmimi salamımı yetirin, zəhmət olmasa”.
Belə… www.zerdab.com saytı olaraq illərdir qaranlıq qalan bir məsələyə aydınlıq gətirməyə çalışdıq. Ümid edək ki, hər iki tərəf bizdən razı qalacaq…

Nicat, www.zerdab.com