75 ildən sonra doğma Zərdabda

1
66

Polkovnik Abdulla Qurbaninin akademik Böyükkişi Ağayevlə Zərdab rayonunda söhbəti

Gəminin bir tərəfində dirsəklənərək, Kür sahillərinə həsrətlə baxan akademik Böyükkişi müəllimə yaxınlaşıram. O, sanki bahar buludu kimi dolub. Dindirsən gözlərindən qan-yaş ələyəcək. Onu şirin xəyaldan ayırdığıma görə üzrxahlıq edirəm.
– Böyükkişi müəllim, necədir? Xoşunuza gəlirmi?
– Mənim uşaqlığım bu sahillərdə qalıb. 75 ildən sonra uşaqlığımın görüşünə gəlmişəm. Uşaqlığımı axtarıram.

– Uşaqlığınızı tapmağa ümidiniz varmı?

– Var, elə ömrümün 75 ilini bu ümidlə yaşamışam.

– Kür sahilləri uzaq deyil ki. Bəs nə üçün uşaqlığınızın sorağı ilə doğma yerlərə belə gec gəlmisiniz?

– Biz burdan getməmişdik, bizi məcburi köçürmüşdülər. Özgə dövr idi. Anamın göz yaşlarını indi də unuda bilmirəm. Gəmi sahildən ayrılanda o günləri yenidən yaşadım. Sanki canıma bir üşütmə düşdü. Doğma el-obadan, yurd-yuvadan ayrılmaq necə də çətin imiş. Bunu qəribçilik çəkənlər bilər. İstər şah ol, istərsə nökər, fərqi yoxdur. Hər quşa öz yuvası doğmadır.

– Böyükkişi müəllim, deməli sizin ailəniz də 30-cu illərin əzab-əziyyətini görüb, eləmi?

– Ən böyük əzab-əziyyət elə yurd-yuvadan ayrı düşmək deyilmi? Şura hökuməti qurulanda anamın hər iki babasını: Novruzəli bəyi və Əli bəyi həbs edib güllələdilər. Ana babam Əlabbas bəy Məlikov Əlvənddən sürgün olundu. Hər gün incidilən, təqib olunan ailəmiz Zərdabdan qaçmağa, köçüb getməyə məcbur oldu.

– Axı Zərdab uzaqda deyildi.

– Doğrudur, qəlb inciyəndə, üz dönəndə çətin olur. Mən də, anam da, əzizlərim də yurd sevgisini, Zərdabı, Kür sahillərinin həsrətini qəlbimizdə yaşatmışıq. Elə zənn etmişəm ki, uşaqlığımı qoyub getdiyim bu yerlərə bir də qayıtsam ürəyim parçalanar, dözə bilmərəm.

– Böyükkişi müəllim, bizim ailə də siz yaşayanları yaşayıb. Anam iki körpə ilə sürgündə olub. Ana qardaşım Əyyubu mən 70 ildən sonra axtarıb tapmışam. Qazaxıstandadır. Gözəl ailəsi, övladları, nəvələri var. Nə qədər çalışsam da onu Vətənə gətirə bilmirəm. Deyir o yerlərdə uşaqlığım qalıb. Bir də o ağrılı-acılı günlərimi yaşamaq istəmirəm.

– Bax, elə mən də buna görə doğma yurda gəlməmişəm. Ancaq bircə gün də xəyalımdan çıxmayıb bu yerlər. Bir də ki, 75 ildə bizi yada salıb bu torpağa dəvət edənlər də olmayıb. Bir daha Zərdabın icra başçısı Lütvəli müəllimə təşəkkür edirəm ki, məhz onun sayəsində doğma ocaqda, doğma sahillərdəyəm.

– Zərdabi yurdu repressiya illərində çox qurbanlar verib. Sonralar onların səs-sorağı Sibir çöllərindən, Qazaxıstan səhralarından, Qırğızıstan düzənliklərdən, Arxangelsk buzlaqlarından gəlib. Sürgünlük əzabına düçar olmuş zərdablı Pənah kişi kimi. Bıçaqçıdan Səməd müəllim o rəhmətliyi axtarıb tapmışdı. Hələ məktublaşırmışlar da. Bir gün Səməd müəllim Pənah kişiyə Cəfər Xəndanın “Ola bilməz” rədifli qəzəlini göndərir.
“Yurdsuz yuvasız şairim, insan ola bilməz,
İnsan öz əziz yurdunda mehman ola bilməz…”
Az keçmir ki, Pənah kişi qəlbində həsrətini yaşatdığı doğma Zərdab ellərinə belə bir qəzəl ünvanlayır:
Hər yaranmış öz əziz yurduna mehman olacaqdır,
Keçməyən o körpüdən xaliqi-sübhan olacaqdır.

Kimsə ki, səbr eliyər yoxsulluğun atəşinə,
Şübhə yox behişt, ona Məkkə də asan olacaqdır.

Var behişt haqdır, o xaliq ki, bizi xəlq eləyib,
Buna şübhə eliyən axırda peşman olacaqdır.

Qəmgin olma ki, Pənah, Vətən sənə qürbət olub,
İnşallah, yenə də Azərbaycan olacaqdır.

– Gözəl yazıb, yənə də deyirəm, insanı arzu, ümid yaşadır. Mən də 75 il bu arzuyla yaşamışam.

– İndi arzunuza çatmısınız. Həsrətinizə son qoyulacaqmı?

– Əlbəttə. Ancaq uşaqlıqda qəlbimə düşən o ləkə silinəsi deyil. Ölüncə məni müşayiət edəcək. Ancaq ata ocağını belə abad, insanları belə xoşbəxt, Kür sahillərini belə gözəl gördüm, ürəyim toxtaqlıq tapdı.
Zərdabi yurduna 75 ildən sonra gəlməyimlə sanki üzərimdən ən ağır yük götürüldü. Hiss edirəm ki, indi anamın ruhu şaddır, onun da intizarına son qoyulub. Bəlkə də bu həsrət olmasaydı, anam da çox ömür sürərdi. Nə etməli, bu da bir tale yazısıymış.

– Böyükkişi müəllim, bütün bu keşməkeşlər Zərdabi  nəslindən olduğunuza görə başınıza gəlməmişdimi? Axı o vaxtlar Zərdabi nəslindən olan insanlara münasibət heç də birmənalı olmayıb.

– Elədir, rəhmətlik Həsən bəy sağlığında bir çox məşəqqətlərə sinə gərdiyi kimi, nəslindən olanlar da çox əziyyətlər çəkdilər. Ancaq gələcəyə həmişə ümidlə baxmışıq, haqqın-ədalətin zəfər çalaçağına inanmışıq.

– Sizin Zərdabi yurdunda necə məhəbbətlə qarşılandığınıza sadəcə olaraq qibtə edirdim. Bu torpağın insanları Zərdabın yetirmələri ilə fəxr edirlər.

– Mən də zərdablılarla fəxr edirəm. Zərdabi yurdunun gənclərinin çox parlaq gələcəyi var.

– Zərdablıların gün-güzəranı necə, sizi qane edirmi?

– Vəziyyət yaxşıdır, inanıram ki, bundan da yaxşı olacaq. Bir gündə gördüklərimə əsasən deyə bilərəm ki, yaxın zamanlarda Zərdab ölkəmizin ən inkişaf etmiş bölgələrindən biri olacaq.

– Böyükkişi müəllim, yenə də söhbətimin əvvəlinə qayıdıram. Kür sahilində uşaqlığınızı tapdınızmı?

– Tapdım, elə indicə uşaqlığımı yenidən yaşayıram.

– Ud ağacı deyilən bir ağac var. Əsasən isti ölkələrdə olur. Onun balaca budaqlarından qıraraq dəstə bağlanır və xeyirdə-şərdə yandırırlar ki, gözəl ətir versin. Ağac içdən yanır, odu görünmür. Özü içdən yanır, lakin tüstüsüylə özgələrə xoş ovqat bəxş edir. Ola bilməz ki, 75 il həsrətlə yaşamış insan ud ağacı kimi içdən yanmasın.

– Elədir. O yanğını Kür də soyuda bilməz. Ancaq yenə deyirəm. Vətənə gəldim, imana gəldim. Bundan sonra əminəm ki, Zərdabi yurduna, ata-baba ocağıma tez-tez gələcəyəm.

Qeyd: Bir çoxları akademik Böyükkişi Ağayevi sabirabadlı kimi tanıyır. Onun uşaqlıq, məktəb illəri, tibb institutunda oxuduğu və ilk əmək fəaliyyəti bu doğma diyarla bağlı olduğu üçün Böyükkişi müəllim özünü sabirabadlı hesab edir. Əslində isə o, Zərdab rayonun Əlvənd kəndində anadan olub. Valideyinləri, əcdadları da Zərdabdan, məşhur Məlikovlar nəslindəndir. Həm ana babası Novruzəli bəy Məlikov, həm də ata babası Böyük bəy Məlikov Həsən bəy Zərdabi ilə eyni kökdən olub, qohumdurlar. Anadan olanda babasının şərəfinə ona Böyükbəy adı veriblər. Ancaq keçən əsrin 20-30-cu illərinin onların ailəsinə, qohumlarına gətirdiyi məhrumiyyətlərin, represiya, sürgün acılarının yaşanan qorxusu nəticəsində atası Ağakişi “bəy” sözündən qaçaraq sənəddə Böyükbəy adını Böyükkişi, “Məlikov” soyadını isə Ağayev yazğırmağa məcbur olmuşdur.

1 comment

Comments are closed.