MƏHƏMMƏD BƏY MƏLİKOV ƏLVƏNDİ (1872-1918) – Yeni

0
80

Məhəmməd bəy Məlikov Əlvəndi 1872-ci ildə Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində anadan olmuşdur. Məhəmməd bəy H. Zərdabinin qardaşı oğludur. Uşaqlıqdan mütərəqqi ziyalıların əhatəsində olmuşdur. Azərbaycan dilini mükəmməl bilirdi, rus dilində isə yaxşı danışır və yazırdı.
XIX əsrin sonlarına yaxın Məhəmməd bəy Bakıya gəlir. Tezliklə dövrün qabaqcıl, ziyalı insanları ilə ünsiyyət yaradır, bir müddət müstəntiq yanında dilmanc işləyir. Sonralar vəkillik də edir. Azərbaycanın xalq artisti Hacıağa Abbasovun yazdıqları: “Məhəmməd bəy Əlvəndi ucaboy, möhkəm bədənli, sağlam düşüncəli bir şəxs idi. Sözün əsl mənasında səhnə dəlisi idi. Onun bu sevgisi ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu…
M. Əlvəndi H. Zərdabinin dəstəyi ilə Məlikovlar nəslinin Midhət bəy (H. Zərdabinin oğlu), Rəhim bəy, İsgəndər bəy kimi oğulları ilə bərabər müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmişdir. Məhəmməd bəy səhnə fəaliyyətinə 1890-cı illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır. Bu teatr fədaisi gah inzibatçı, gah rejissor olmuş, bəzən aktyorların geyimlərini hazırlamış, hətta qrimçini əvəz etmişdir.
Müsəlman dram teatrı cəmiyyətinə birinci üzv yazılan Hüseyn Ərəblinski, Göyçalı Əbülfət Vəli və Məhəmməd bəy Əlvəndi olmuşlar.
H. Zərdabinin bir vaxtlar redaktoru olduğu “Kaspi” qəzetində 1908-ci il noyabrın 4-də Məhəmməd bəy bir dəstə müsəlman ziyalısı ilə “Nicat” cəmiyyəti nəzdində teatr qrupu təşkil etmək təşəbbüsü ilə çıxış etmiş, imkanlı müsəlmanları bu işə maddi və mənəvi kömək göstərməyə çağırmışdır. İki gün sonra – noyabrın 6-da Bakı şəhər teatrında Qoqolun “Müfəttiş” əsərini tamaşaya qoymuşlar, M. Əlvəndi Osipi, H. Ərəblinski Dobçinski rolunu oynamışlar. “Azərbaycan teatrının salnaməsi” kitabında “Tərəqqi” qəzetinin 1909-cu il sentyabrın 16-da dərc etdiyi belə bir məlumat var:
“Nicat” cəmiyyətinin heyəti teatr seksiyasını ləğv edib, əvəzində sədr İ. Aşurbəyovun məsulluğu və sədrliyi ilə yeni mövsüm üçün dram truppası təşkil etmişdir. Truppaya Ərəblinski, Əlvəndi, Vəli Muradov, Rzayev və Sarabski daxildir”…
Məhəmməd bəy Mehdi bəy Hacınski, sənət korifeyimiz Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov və başqa teatr nəhəngləri ilə birlikdə dəfələrlə səhnəyə çıxmışdır. O hətta ucqar rayon və kəndlərə gedərək tamaşalar göstərir, teatrı təbliğ edir, savadsızlığın, nadanlığın, mövhumat və cəhalətin hökm sürdüyü əyalətlərdə mədəniyyət toxumu səpirdi. Məhəmməd bəy xalqa xidmət edirdi, irticanın düşməni idi. Və nəhayət, irtica qüvvələri dövrün vicdanlı, namuslu sənətkarlarını səhnədən qovdu, təqib etdi, məşəqqətlərə saldı. Nəticədə o dövr teatrının 4 nəhəng siması – Cahangir Zeynalov, Əbülfət Vəli, Hüseyn Ərəblinski və Məhəmməd bəy Əlvəndi təqribən eyni vaxtda ayrı-ayrı şəraitdə fəlakətə düçar oldular.
Müasirləri xatirələrində yazırlar ki, Əlvəndi Bakıda Qurbanov küçəsində çay fabrikinin yanında ikinci mərtəbədə yaşayırdı. O həyatda çox səmimi, sadə, səhnədə isə çox “sərt”, “hiyləgər”, “paxıl” idi.
Məhəmməd bəy müxtəlif vaxtlarda M. F. Axundovun “Hacı qara” komediyasında Heydər bəy, N. B. Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” və “Müsbəti-Fəxrəddin” əsərlərində Əsrəf bəy və Rüstəm bəy, N. Nərimanovun “Nadir şah” faciəsində şah Təhmas, Ə. Haqverdiyevin “Ağaməhəmmədşah Qacar” dramında Murtuzaqulu xan, Ş. Saminin “Dəmirçi Gavə” əsərində Qəhtan, N. Qoqoloun “Müfəttiş”ində Osip, V. Şekspirin “Otello” faciəsində Yaqo, J. Molyerin “Zorən təbib” komediyasında təbib və digər tamaşalarda parlaq obrazlar yatarmışdır.
O dövrün teatr resenziyalarında yazılırdı ki, Əlvəndinin yaratdığı obrazlar həyatiliyi, bədii dolğunluğu ilə fərqlənir…
“Obozreniye teatrov” jurnalı 1910-cu ildə çıxan ikinci nömrəsində “Otello” tamaşası haqqında dərc edilmiş resenziyada Ərəblinski, Əlvəndi və Vəlinin oyununa yüksək qiymət vermişdir.
“Kaspi” qəzetinin 4 dekabr 1910-cu il tarixli sayında dərc edilmiş bir xəbərdə deyilir: “Başda Ərəblinski, Əlvəndi və Muradov olmaqla müsəlman artistlərinin oynadığı “Pulsuzluq” etüdü yaxşı keçdi”.
“Yeni həqiqət” qəzetinin 6 mart 1911-ci il tarixli sayında “Kəblə Qubad” tamaşasında Mirzağa Əliyevin, M. Əlvəndinin, S. Səlimbəyovun və Əli İslamov cənablarının öz rollarını gözəl oynaqdıqları xəbər verilirdi.
Bütün varlığı ilə Azərbaycan teatrının tərəqqisinə xidmət edən M. Əlvəndinin ömrünün son illəri ehtiyac və üzüntü içində keçib. “Baku” qəzeti 31 mart 1911-ci il tarixli sayında yazırdı: “Nicat” cəmiyyəti teatr işinə bir gəlir mənbəyi kimi baxır. Və bu səbəbdən opera tamaşalarına əhəmiyyət verib dram səhnəsini başına buraxıb. Nəticədə dram artistləri şəhər və kəndlərə dağılıb çörək qazanmaq xatirinə sənətkarlığı peşəçiliyə çevirməyə məcbur olurlar. Ərəblinski, Vəli, Əlvəndi kimi artistlər ehtiyac içində dolanmalı olurlar”.
Məhəmməd bəy zəmanənin haqsızlığından, “Nicat” cəmiyyətinin aktyorları dəyərdən salmasından, artistlik qabiliyyəti olmayanların teatrda meydan sulamasından və bunun nəticəsi olaraq müsəlman teatrının bərbad hala salınmasından incidi və ehtiyac içində yaşadı, sonda sənətdən üz döndərdi.
“Azərbaycan teatrının salnaməsi” kitabında deyilir: “İqbal” qəzetinin 1914-cü il 30 aprel sayındakı baş məqalədə yazılıb:
“…”Nicat” cəmiyyəti öz günahı üzündən artıq teatr işindən əl çəkməyə məcbur oldu …Vaxtı ilə çox parlaq olan səhnəmiz pərişan bir hala düşdü. Qabil və məharətli artistlərimiz özlərini kənara çəkdilər. Müqtədir aktyorlarımız qürbətə getdilər… Çünki dram oynamağa artıq qüvvə qalmadı. Camaat da artıq dramdan bir növ öyrəndi…”
Millətini çox sevən, qüvvətli səhnə obrazları ilə insanları ədalətə və birliyə çağıran Məhəmməd bəy Əlvəndi həyatının son illərində küskün, incik bir ömür yaşadı. 1918-ci ilin mart qırğınlarını gözləri ilə gördü və erməni vəhşiliyindən, bu soyqırımdan sarsıldı, havalandı, ruhi xəstəliyə düçar olaraq ağlını itirdi və tənhalıq içərisində, elə ruhi xəstə vəziyyətində, ürəkgöynədən bir şəraitdə vəfat etdi.
Məhəmməd bəyin öz doğma kəndinin adını təxəllüs kimi götürməsinin bir səbəbi də o illərdə Bakı teatrlarında Məlikov soyadlı Mahmud bəy, Əhməd bəy və başqa eyni familyalı aktyorların soyadlarının tamaşaçıları çaşdırması və bir də o dövrdə artistlərin təxəllüs götürməsinin dəbdə olması ilə izah edilməlidir.
Məhəmməd bəy Əlvəndinin məzarı haradadır? Onun yaxınlarından, doğmalarından həyatda kimsə qalıbmı?
Bu suallara hələ cavab tapılmayıb. Nə yaxşı ki, öz həmyerlilərini ürəkdən sevən, arayıb-axtaran mərhum həmyerlimiz, Azərbaycanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə tədqiqatçı alim İnqilab Kərimovun “Elm” nəşriyyatında çapdan çıxmış “Məhəmməd bəy Əlvəndi” əsərinin surətini müəlləfin avtoqrafı ilə əldə edərək Zərdab Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə etmişdir. Və həmin əsərdə müəllif öz əli ilə Məhəmməd bəy Məlikov Əlvəndinin Zərdabın Əlvənd kəndində doğulduğunun yazıb təsdiq etmiş, əvvəlki səhv məlumata görə üzr istəmişdir.

İsaməddin Əhmədov