Rayonumuza ağır itki üz verib

0
45365

Rayonumuza ağır itki və kədər üz vermişdir. Həmyerlimiz Həsənov Ələddin Tapdıq oğlu vəfat etmişdir.
Ələddin Həsənov 1937-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdu. 1954-ci ildə M. Qorki adına Zərdab şəhər orta məktəbinin 10-cu sinfini bitirmiş, 1954-1957-ci illərdə hərbi xidmətdə olmuşdu. 1957-1960-cı illərdə Zərdab rayon Komsomol Komitəsində təlimatçı və şöbə müdiri işləmişdi, daha sonra Zərdab rayon ZDS İcraiyyə Komitəsində plan şöbəsində iqtisadçı və şöbə müdiri vəzifələrində çalışmışdı. 1963-1965-ci illərdə (Zərdab və Ucar  rayonları birləşərkən) Ucar rayon məhəlli statistika idarəsinin rəisi vəzifəsində işləmişdi. 1965-1970-ci illərdə Zərdab  rayon kənd təsərrüfatı idarəsinin rəisi, 1970-1972-ci illərdə Zərdab XDS icraiyyə komitəsinin sədri vəzifələrində çalışmışdı.
1972-1974-ci illərdə Moskva şəhərində Sov. İKP MK yanında Ali Partiya Məktəbində təhsil almışdı. 1974-1975-ci illərdə Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin təlimatçısı olmuşdu.
Həsənov Ələddin Tapdıq oğlu 1975-1983-cü illərdə Azərbaycan KP Masallı  rayon komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdi. Daha sonra  Respublika Dövlət Plan Komitəsində şöbə müdiri, Dəvəçi və Bakı Broyler-quşçuluq fabrikində direktor vəzifəsində çalışmışdı. Bakı şəhərində yaşayırdı.
Ə. Həsənov istər Zərdab rayon İK-nin sədri olarkən, istərsə də Masallı RPK-nin birinci katibi işləyərkən geniş quruculuq işləri aparmışdır.
Zərdabda RİK-nin sədri işləyərkən rayonun girəcəyində quruculuq işləri görülmüş, küçə və yollar salınmış, “Köhnə bazar”  məhəlləsindəki ikimərtəbəli inzibati binalar tikilmiş, şəhərdaxili açıq kanalizasiya xətləri çəkilmiş, “Su-19″ massivindəki yaşayış və inzibati binalar inşa edilmişdir. Belə ki, rayon mərkəzindəki 3 mərtəbəli inzibati bina, meliorasiya işçiləri üçün qəsəbə, səhiyyə və mədəni-maarif müəssisələri üçün müasir tipli binaların tikilməsində, Kür sahili parkın salınmasında və bənd bərkitmə işlərinin görülməsində Ələddin müəllimin çox böyük xidmətləri olmuşdur.
Masallı rayonunda birinci katib işləyərkən isə şəhər bazarı kompleksi yaradılmış, Lənkərana çıxış yolu üstündəki dairəvi xətt tiktirmiş,”İdeoloji Mərkəz”, yeni rabitə evi, şəhər mədəniyyət və istirahət parkı, park ətrafındakı beşmərtəbəli binalardan ibarət şəhərcik tikilib istifadəyə verilmişdir. “İstisu” istirahət zonasının təşkili və tikilişi, yeni beşmərtəbəli mehmanxana binası, məhkəmə, polis, prokurorluq binaları, RİH-nin inzibati binası, parkdakı idman qurğuları, rayonun su təchizatı və sair işlər onun adı ilə bağlıdır. Ə.Həsənov Masallıda birinci katib işləyərkən rayonun kəndlərində də bir çox quruculuq işləri aparmışdır.
Viləşçayın şəhər hissəsindəki abadlıq işləri də onun adı ilə bağlıdır.
Ələddin Həsənovun əməyi “Xalqlar dostluğu” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə, medallarla və çoxsaylı fəxri fərmanlarla qiymətləndirilib.
Həsənov Ələddin Tapdıq oğlunun əziz və unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.