Azərbaycanın ilk fizika alimi, həmyerlimiz Rəhim bəy Məlikov

5
183
Rəhim bəy Məlikov
Rəhim bəy Məlikov

Azərbaycanın ilk fizik alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri olmuş Rəhim bəy Mehrəli bəy oğlu Məlikov 1886-cı il mayın 2-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. Milli mətbuatımızın və teatrımızın banisi, ölkəmizdə bir sıra elmi-mədəni fəaliyyət sahələrində əsaslar yaratmış Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov onun layiqli varislərindən biri kimi tanınır. Böyük xalq xadimi, milli ziyalılarımızın mənəvi atası Həsən bəy Azərbaycan elmini, təhsilini, mədəniyyətini inkişaf etdirəcək nəslin yetişdirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi ömrünün sonunadək davam etdirmişdir. Onun ailə pansionunda qızları Pərisoltan və Qəribsoltan, oğlanları Midhət və Siffətlə bir yerdə tərbiyə alanların hamısı sonralar tanınmış ziyalılar oldular. Zərdabinin Bakı real gimnaziyasında dərs dediyi və geniş maarifçilik fəaliyyəti ilə milli oyanış prosesinə qoşduğu soydaşlarımız mədəni həyatın müxtəlif sahələrində yeni yönlər açdılar.

Həsən bəyin öz övladları ilə birlikdə böyüdüb-tərbiyələndirdiyi qardaşı oğlu Rəhim bəy də əmisinin məfkurə və əməl məktəbinin layiqli davamçılarından biri olmuşdur.
1886-cı il mayın 2-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuş Rəhim bəy 7 yaşında olanda atası Mehrəli bəyi ermənilər öldürmüşlər. O illərdə Zərdab kəndində yaşayan Həsən bəy qardaşı oğlunu öz uşaqları ilə birlikdə tərbiyələndirməyə başlamış, 1895-ci ildə Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələndə də ailəsi ilə gətirmişdi. Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı real gimnaziyasını bitirmiş, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu.
Həsən bəy və onun ətrafında cəmləşmiş milli ziyalılar hələ gimnaziya illərində Rəhim bəyin xalq işinə səfərbər olunmasında mütləq rol oynamışdılar. O, yeniyetmə yaşlarından milli ədəbiyyatı dərindən öyrənmiş, yeni yaranan teatr həyatı ilə bağlanmış, bu mövzularda dövri mətbuatda silsilə çıxışları olmuşdur. M.F.Axundovun və H.Zərdabinin maarifçilik ideyaları onu milli-mədəni hərəkatın fəallarından biri kimi formalaşdırmışdır. Rəhim bəy tələbəlik illərində publisistik fəaliyyətini genişləndirmiş, xalqın taleyinə biganə qalan mətbuatı pisləyərək, “Əkinçi” yolunu davam etdirən “Molla Nəsrəddin” cəbhəsinin məfkurə yönünü müdafiə etmişdir.
1912-ci ildə ali təhsilini başa vuran Rəhim bəy Şimali Qafqazın bir sıra şəhərlərində fəal pedaqoji iş aparmış, Azərbaycanda gedən milli-mədəni oyanış, məfkurəvi toparlanma ilə sıx bağlı olmuşdur. Bu illərdə Rəhim bəy əmisinin məramına və qələminə xas olan bir qeyrətlə gündəmdə olan mövzularda aydın, kəskin çıxışlar etmiş, liberal-irticaçı qüvvələrin tənqidlərinə tuş olmuşdur. Nəriman Nərimanov kimi demokrat ziyalılar Zərdabilər ailəsinin bu vətənsevər, xalqsevər balasını müdafiə etmişlər.
Sovet dövrünün ilk illərində də doktor Nəriman Nərimanovun təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət olunmuş, milli ali təhsil quruculuğu işinə cəlb olunmuşdur. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə getmiş, ilk professional fizika məktəbinin əsasını qoymuşdur. Rəhim bəy bir sıra ali və orta ixtisas məktəblərində fizika və riyaziyyatdan dərs demiş, tədris prosesini qaydaya salmışdır. Azərbaycanın ilk fizika professoru 1930-1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olmuşdur.
Həmin illərdə start götürən repressiya Rəhim bəydən də yan keçməmiş, Zərdabilər ailəsinin digər üzvləri kimi o da bu amansız prosesin qurbanı olmuşdur. Təzyiq və ittihamlara dözə bilməyən Rəhim bəyin ürəyi 1936-cı il fevralın 23-də iş başında dayanmışdır. Onun itkisi ilə milli təhsil sahəsində böyük bir boşluq yaranmışdır. Bir il sonra ardıcıllarından biri yazmışdı: “Rəhim bəyin zəhməti bəhrə verməyə başlamışdır. Hazırda bizim bir sıra azərbaycanlı fiziklərimiz yetişmişdir ki, onların hamısı R.Məlikovun tələbəsi hesab olunur”.

www.zerdab.com . Yazıdan istifadə olunarkən sayta istinad olunmalıdır.

5 ŞƏRH

  1. FIZIKA ; RIYAZIYYAT ; KIMYA ; AZERBAYCAN-DILI ;BIALOGIYA ;
    CALISIN BU FENLERLE MESGUL OLUN!

Comments are closed.