Zərdabın Xanməmmədli kəndindən başlayan qəhrəman ömrü

1
23720
Əmiralı Əmirəliyev

Əmiralı Əmirəliyev… Bəlkə də gənclərimizin çox onu tanımır, ancaq biz www.zerdab.com saytı olaraq hesab edirik ki, hər birimiz onu tanımalıyıq və keçdiyi şərəfli ömür yolundan nümunə götürməliyik. Ən azı ona görə ki, Qarabağ müharibəsi hələ bitməyib və bir gün onun təcrübəsi bizim üçün də lazım ola bilər. Əmiralı Əmirəliyev 1923-cü il mart ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində dünyaya göz açıb. Orta məktəbi 1942-ci ildə bitirib. Artıq II Dünya müharibəsi geniş vüsət almış, SSRİ də bu savaşa cəlb olunmuşdu. Onu da cəbhəyə çağırdılar. Adi, sadə kənd uşağı olsa da diribaş və gözüaçıq Əmiralı Əmirəliyev o zaman yeni təşkil olunan 416-cı milli diviziyanın pulemyotçu rotasında nişançı vəzifəsində özünü tezliklə doğrulda bilir. İlk çətin döyüş ona uğur gətirir, “İgidliyə görə” medalı ilə təltif olunur. Sonra sinəsini bir-birindən fərqli çoxlu sayda orden və medal bəzəyir. Dəfələrlə yaralanır, hərbi hospitallarda müalicə olunub yenidən cəbhəyə yollanır, döyüş meydanına atılır. Sonuncu dəfə aldığı yara daha ciddi olur. Bu dəfə həkimlər ona cəbhəyə getməyi qadağan edir, beləcə, ordudan tərxis edilib arxa cəbhəyə göndərilir.

Doğma kəndinə qayıdan Əmiralı müəllim bundan sonrakı fəaliyyətini pedaqoji sahəyə bağlayır. Əvvəl Göyçay Pedaqoji Texnikumunu bitirir, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alır. Özündən böyük iki qardaşı cəbhədə vuruşduğu üçün ailənin ağırlığı onun üzərinə düşür. Odur ki, işləyə-işləyə qiyabi şöbədə təhsilini müvəffəqiyyətlə başa vurur. Ömrünün 70 ilini pedaqoji fəaliyyətə həsr edən Əmiralı müəllim adi müəllimlikdən məktəb direktorluğuna, rayon xalq maarif şöbəsində metodkabinetin müdiri vəzifəsinədək yüksəlir. Lakin onun fəaliyyəti pedaqoji sahə ilə məhdudlaşmır, ictimai-siyasi sahədə özünü sınağa çəkən Əmiralı müəllim Zərdab rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilir.

 

Həmin dövrdə rayonların inzibati ərazi bölgüsü zamanı Zərdab rayonu Ucar rayonu ilə birləşdirilmişdi. 1965-ci ildə məhz Əmiralı müəllimin təşəbbüsü və fəaliyyəti nəticəsində Zərdabın əvvəlki ərazi bölgü vəziyyəti bərpa edilir, rayonda böyük abadlıq, quruculuq işlərinə başlanılır. Xalq maarifinin maddi-texniki təchizatının yaxşılaşdırılması, onun inkişafı istiqamətində görülən işlər tezliklə öz bəhrəsini verir. Rayonun bütün kəndlərində məktəblər tikilir, yardımçı sinif otaqları, uşaq bağçaları, mədəniyyət evlərinin tikintisinə başlanılır. İbtidai məktəblər səkkizillik, səkkizillik məktəblər orta məktəb sisteminə çevrilir. Əmiralı müəllimin fəaliyyəti rayon və respublika səviyyəsində nümunə göstərilir. Lakin hər şey göründüyü kimi çox da rahat getmirdi. Təbiətcə mülayim, sakit adam olsa da, Əmiralı müəllim ozamankı partiya rəhbərliyinin inzibati amirlik metoduna qarşı çıxır, haqq-ədalət uğrunda mübarizə aparırdı. Bu isə yuxarıların xoşuna gəlmirdi. Bütün bunlara görə ona əziyyət verir, çətinliyə salır, mövqeyindən çəkindirməyə çalışırdılar. O isə əqidəsindən, tutduğu yoldan dönmürdü…

Əmiralı müəllimin həyatının Bakı dövrü də yaddaqalan, maraqlı və əhəmiyyətlidir. 1985-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin təqdimatı əsasında Bakıya gəlir, Peşə Təhsili Komitəsində tədris-metodika kabinetində ictimai fənlər bölməsinə rəhbərlik edir, ictimai fənn müəllimlərinin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində fəaliyyət göstərir. Tədris müəssisələrinin yenidən qurulması məqsədilə həyata keçirilən dövlət tədbirlərində Əmiralı müəllimin bir mütəxəssis kimi təcrübəsi nəzərə alınır, bir çox mühüm məsələlərin həlli ona etibar edilirdi. Onun xalq təhsili sahəsindəki əməyi də yüksək qiymətləndirilib. “Qabaqcıl maarif xadimi” döş nişanı, “Rəşadətli əməyə görə” medalı bu gün də sinəsində fəxrlə gəzdirdiyi orden və medallar sırasında özünə yer alıb.

Ömrünün ahıl çağlarını yaşayan Əmiralı müəllim yorulmaq nə olduğunubilmir, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində çalışır. Həyatın hər üzünü görən hörmətli həmyerlimiz deyir: “Həyatda çox şeyi görüb götürmüşük. Müharibə də görmüşük, iqtisadi çətinlik də. Azərbaycanın SSRİ-nin tərkibində olduğu illəri də yaşamışıq, müstəqilliyimizin də, yeni inkişafımızın da, ordu quruculuğunun da canlı şahidləriyik. İndi yaşımızın elə vaxtıdır ki, biz yalnız uşaqlara, gənclərə həyat təcrübəmizi öyrətməliyik. Elə etməliyik ki, hər bir azərbaycanlı gənc həyatda özünə yol seçəndə, ilk növbədə ərazi bütövlüyümüzü, dövlətimizin güclənməsini düşünsün. Bunu biz etməliyik, ilk növbədə yaşlı nəsil, müharibə veteranları etməlidirlər”.

Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin düzgün və yüksək səviyyədə aparılması onun ən böyük amalıdır. Deyir ki, məktəblilərin Qarabağ müharibəsi haqqında məlumatları səthidir. Onlar işğal olunmuş rayonlarımızın adlarını heç düz-əməlli saya bilmir, Milli qəhrəmanlarımızı yaxşı tanımırlar. Bu işdə biz böyüklər daha çox günahkarıq: “Təqsir biz böyüklərdədir. II Dünya müharibəsində aparılan təbliğatı biz yaxşı xatırlayırıq. Yeniyetmələr döyüşə can atırdılar. Təbliğatımızı elə qurmalıyıq ki, övladlarımız belə tərbiyə alsınlar. Döyüşdə od saçan silahalardan daha güclü və kəsərli inamdır, təpərdir, intiqam hissidir. Az-az təhsil müəssisəsi var ki, özləri zəng vurub, bizi şagirdlərlə görüşə dəvət edirlər. Bu, hamılıqla olmalı, müntəzəm xarakter daşımalıdır”.

Əmiralı müəllimin ən böyük arzusu Qarabağ müharibəsinin qələbə gününü görməkdir: “O gün bizim üçün daha müqəddəs olacaqdır. Bu qələbəni yaxınlaşdırmaq üçün hər kəs əlindən gələni etməlidir. Yeni nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində bizim gücümüzdən, bacarığımızdan, təcrübəmizdən kifayət qədər istifadə olunmalıdır. Biz bunu istəyirik”.

O, müharibənin bütün ağrı-acılarını özündə yaşatmış bir insan kimi təkcə öz xalqına deyil, bütün xalqlara sülh, əmin-amanlıq istəyir Əmiralı müəllim. Harada olur-olsun, xalqımın düçar olduğu bəlalardan söz açır, onun haqq işini dünyaya çatdırmaq istəyir bu dünyagörmüş. ABŞ-ın prezidenti Barak Obamaya seçkilərdən sonra ünvanladığı məktubda da həmin fikirləri ifadə edərək yazır: “Mən müharibənin nə olduğunu yaxşı bilən keçmiş döyüşçü kimi istərdim ki, irqindən, dini əqidəsindən asılı olmayaraq bütün insanların, xalqların sülh şəraitində yaşaması, Azərbaycan xalqının 20 ildən bəri cəlb olunduğu Qarabağ müharibəsinin ədalətlə həll olunması naminə köməyinizi əsirgəməysiniz”…

II Dünya müharibəsində 416-cı Azərbaycan diviziyası ən çox Rusiyanın Taqanroq şəhərinin alman-faşist işğalından azad edilməsindəki uğurları ilə tarixin yaddaşında özünə yer alıb. Elə Taqanroq da öz xilaskarlarını unutmur. Belə ki, Taqanroqda soydaşlarımızın xatirəsinə əzəmətli xatirə kompleksi ucaldılmış, diviziyanın döyüş şöhrəti muzeyi yaradılmışdı.

Taqanroq şəhərinin alman-faşist işğalından azad edilməsinin barədə deyir: “416-cı Azərbaycan diviziyası Mozdokdan Berlinə kimi düşmənə qarşı rəşadətlə döyüşüb. Taqanroqun azad edilməsinin 60 illiyi tədbirində mən də iştirak etmişəm. Mənə belə gəlir ki, bu cür görüşlər təkcə Taqanroqda deyil, diviziyanın azad etdiyi bütün şəhərlərdə keçirilməlidir. Bununla da biz, eyni zamanda həmin şəhərlərdə yaşayan Azərbaycan diasporunun canlanmasına kömək etmiş olarıq”.

“İllər əlimizdən çox şey alıb, sıramız seyrəlir. Dünyada hər şey qocalır, bizim kimi. Təkcə məhəbbətdən başqa…” Elə Əmiralı müəllimi yaşadan, gənclik həvəsilə işlədən də məhəbbətdir, vətənə, xalqa, elə-obaya məhəbbət!..

Xatırlatma üçün deyək ki, II Dünya müharibəsində döyüşlərdə fərqləndiyinə və Taqanroq şəhərinin azad olunmasına görə 416-cı diviziyaya fəxri Taqanroq diviziyası adı verilib. 416-cı Taqanroq diviziyası öz döyüş yolunu 1942-ci ilin noyabrında Mozdok ətrafında döyüşlərdən başlamış, Şimali Qafqazı, Rostov vilayətini, Taqanroq şəhərini faşistlərdən azad etdikdən sonra düşmənin “Nikopol” qruplaşmasının məhv edilməsində, Nikolayev, Odessa, Kişinyov və Polşanın paytaxtı Varşavanın azad edilməsində iştirak etmişdi. Döyüş yolunu faşizmin paytaxtı Berlində, Brandenburq darvazası önündə başa çatdırmışdı.

Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Azərbaycan-Taqanroq diviziyasının keçmiş əsgəri, döyüşdə göstərdiyi şücaətlərə görə bir neçə dəfə orden və medallara layiq görülmüş Əmiralı Əmirəliyevin müharibə ilə bağlı xatirələrini olduğu kimi təqdim edirik: “O zaman mən orta məktəbdə 10-cu sinifdə oxuyurdum. Müharibə xəbərini eşidəndə, bütün sinif yoldaşlarımızla birlikdə könüllü müharibəyə getmək üçün hərbi komissarlığa müraciət etdik. Hələ də orta məktəbdə oxuduğumuza görə əsgərliyə getməyimizə icazə yox idi. Lakin 1942-ci ilin martında biz növbədənkənar imtahan verdik və döyüşə yollandıq. Mən 1942-ci ildə martın 8-də 416-cı milli diviziyanın tərkibində cəbhəyə göndərildim. Həmin vaxt faşist ordusu Şimali Qafqaza qədər irəliləmişdi. Mənim döyüşdüyüm 416-cı diviziyanın mərkəzi Ucar rayonunda idi. Ətraf rayonlardan çağırışçılar orada toplanırdı. 1942-ci ilin fevral-mart aylarında diviziya formalaşdıqdan sonra biz üç aylıq təlimə göndərildik. İyun ayılnda isə Şimali Qafqazın müdafiəsinə göndərildik. Noyabr ayının 30-da biz Mozdok ətrafında almanlarla ilk döyüşümüzə başladıq. Döyüşümüz uğurlu oldu və beləliklə, 416-cı Taqanroq diviziyasının şərəfli döyüş yolu başlandı. Müharibəyə gedən zaman mənim və əsgər yoldaşlarımın əksəriyyətinin 18 yaşı var idi. Ancaq nə qədər qəribə olsa da bizdə o zaman qorxu hissi yox idi. Qorxunun nə olduğunu bilmirdik. Həmin vaxtlar hərbi-vətənpərvərlik tərbiyəsi çox yüksək idi. Dövlətə böyük inam var idi. Biz qorxu hiss eləmirdik. Ona görə hiss eləmədik ki, ən çətin zamanlarda “Za rodinu” əmri verilirdisə, biz əlbəyaxa – süngü döyüşünə gedirdik. Vətən sevgisi hər bir hissiyata qalib gəlirdi. Gözümüzün önündə yalnız vətənin işğaldan azad olunması dururdu. Belə bir döyüşə gedən insanlar ölümdən qorxmurlar. Müharibə illərində cənub cəbhəsinin müdafiəsi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə tapşırılmışdı. Ona görə də Azərbaycanda milli diviziyalar formalaşdırılırdı. Mənim iştirak etdiyim ilk döyüş 1942-ci ilin qışında Mozdok ətrafında oldu. Almanlar canlı qüvvənin sayına və hərbi texnikaya görə bizdən üstün idilər. Bizim diviziyanın əsgərlərinin əksəriyyəti yeniyetmə olduğuna görə, almanlar bizim əsgərlərdən fiziki baxımdan da güclü idilər. Mən pulemyotçu idim. Yoldaşlarım gözümün önündə həlak olurdular. Yaralılara yardım göstərməyə sanitarlar yetişə bilmirdilər, çatdıra bilmirdilər. Lakin biz davam gətirdik və alman ordusu geri çəkilməyə məcbur oldu. Bildiyiniz kimi, 416-cı diviziyanın döyüş yolu Mozdokdan Berlinə qədər olub. Bu diviziya ilk illərdə qəhrəmanlıq göstərdiyinə görə, faşist ordusu onun qarşısında tab gətirmədi. Bizim diviziya 1942-ci ilin qış aylarında Şimali Qafqazı azad elədi. 1943-cü ilin yaz-yay aylarında Gerqovskaya, Zolotoryov və Sovetskaya stansiyalarını azad etdi. 1943-cü ilin avqust ayında biz Taqanroq şəhərini də azad etdik. Bu münasibətlə SSR Ali Sovetinin qərarı ilə bizim diviziyaya Taqanroq şəhərinin adı verildi. Ümumilikdə müharibə dövründə bizim diviziya 12 dəfə ali baş komandanlıqdan təşəkkür alıb. Müharibənin müxtəlif taleləri olur. İnsan var ki, üç-dörd il döyüşlərdə olur, ancaq ona heç nə olmur. Ancaq elə insanlar var ki, elə ilk döyüşdə həlak olur. O zaman diviziya irəliləyirdi. Yaralıların bəziləri sanitara rast gəlirdilər, bəziləri isə yaralı vəziyyətdə çölün düzündə qalır və həlak olurdular. Mənim də başıma belə bir iş gəlib. Döyüş zamanı tankların, topların və pulemyotların səsi bir-birinə qarışırdı. İnsanlar gözümün önündə həlak olurdular. Mənə yaxın bir yerdə mərmi partladı və qəlpəsi ayağımı yaraladı. Ağrıya dözmək olmurdu. Heç kəs döyüşdən ayrılıb mənə kömək edə bilmirdi. Bəxtimdən rastıma həkim də çıxmadı. Diviziya irəlilədikcə, mən qalırdım. Beləliklə, iki gün yaralı vəziyyətdə çöldə qaldım. Sürünə-sürünə bir maşın yoluna çıxa bildim. Ayağa qalxa bilmədiyimə görə yoldan keçən avtomobillərdəki insanlar məni görmürdülər. Axırda yolun ortasına tərəf süründüm və orada uzandım. Cəbhəyə silah-sursat daşıyan maşınlardan biri saxladı və məni oradan götürüb Naursk stansiyasına gətirdi. Orada tibb məntəqəsinə göndərdilər və xəstəlik tarixçəsi yazdılar, yaralılarla birlikdə qatarla yola saldılar. Növbəti stansiyada qatar dayananda dedilər ki, bura Mahaçqaladır. 50 nəfər yaralını orada düşürürdülər. Düşündüm ki, bu qatarın növbəti dayanacağı Azərbaycandır. Ona görə də qatara qayıtdım və öz yerimə uzandım. Bakıda iki ay müalicə olunduqdan sonra Novorossiyskdə döyüşməyə göndərildim. O şəhərin azad olunmasında iştirak etdim. Lakin həmin döyüşdə bu dəfə qolumdan yaralandım”.

Müharibə veteranı deyir ki, işğaldan azad olunmuş şəhərlərə daxil olarkən bu şəhərlərin normal vəziyyətdə olduğunu görüb: “O şəhərlərin əhalisindən soruşurdum ki, bəs bizə məktəbdə deyirdilər, almanlar işğal etdikləri şəhəri od vurub yandırırdılar, talan edirdilər, dağıdırdılar. Axı indi mən görürəm ki, bu binaların heç birində güllə yeri yoxdu. Oranın camaatı söyləyirdilər ki, alman ordusu burdan keçib getdi. Demək istəyirəm ki, onların dinc sakinlərlə işləri yox idi. Yalnız partizan mübarizəsi aparan şəxsləri cəzalandırırdılar. Faşist Almaniyası ilə Ermənistanın fərqinə fikir verin. Ermənilər işğal etdikləri Azərbaycan şəhərlərinin əhalisini işgəncə ilə öldürməklə yanaşı, şəhərin özünü də viran qoyurdular. Xocalı və Ağdam şəhərləri, işğal altında olan digər bütün rayonlar buna nümunədir. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda nəinki əhali yaşamır, hətta o şəhərlərin daşını-divarını da söküb aparırlar. Erməni faşistləri Hitler faşistlərindən qat-qat çox vəhşiliklər ediblər”.

Əmirəliyev onun müharibədə ən böyük mükafatının qələbə xəbəri eşitməyi olduğunu dedi: “Yaralandığıma görə, diviziyamızın tərkibində Berlinə qədər gedə bilmədim. Lakin qələbə xəbərini eşitdiyim gün həyatımın ən xoşbəxt günü idi. Çünki bizim zəhmətimiz hədər getməmişdi. Tökülən qanlar yerdə qalmamışdı. Bunda əlavə, dövlət tərəfindən bir sıra orden və medallarla mükafatlanmışam. Böyük Vətən müharibəsində Qafqazın azad edilməsi uğrunda döyüşlərdəki şücaətə görə, Ali Baş Komandanın təşəkkürünü almışam, Taqanroq şəhərinin işğaldan azad olunmasında igidliyə görə ordeni ilə təltif olunmuşam. Birinci və ikinci dərəcəli qələbə ordeninə layiq görülmüşəm. Ukraynanın azad olunması uğrunda döyüşlərə görə iki dəfə medal almışam”.

www.zerdab.com saytı olaraq biz də dəyərli həmyerlimizlə qürur duyduğumuzu bildiririk. Ümid edirik ki, bu yazı qəhrəmanımızın tanıdılması baxımından çox faydalı olacaq.

www.zerdab.com

1 comment

  1. Çox sağ olun Nicat İntiqam. Səmərəli axtarışlarınızda Sizə
    uğurlar arzulayırıq.
    Əmiralı babaya da bundan sonrakı ömrünü sağlıqla yaşamasını
    arzulayırıq.

Comments are closed.