Rusiyanın azərbaycanlı çempionu – Elnur İbrahimli

1
18677

 

Elnur Mübariz oğlu İbrahimli 1994-cü ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. 2001-ci ildə Mordoviya Respublikasının Saransk şəhərində 1-ci sinfə gedib. Bu barədə www.zerdab.com saytına Elnur İbrahimlinin yaxınları məlumat veriblər. Hazırda Saransk Kooperasiya İnstitutunda təhsil alan həmyerlimiz 2006-cı ildən idmanın sambo növü ilə məşğuldur. Elnur İbrahimli bu illər ərzində müxtəlif yarışlarda iştirak edib, II və III yerlərin qalibi olub. Nəhayət, ötən ilin 16 noyabr tarixində hər birimizin sevincinə səbəb olan əlamətdar bir hadisə baş verib: Elnur sambo yarışları üzrə 18-24 yaşlılar arasında keçirilən çempionatda Mordoviya çempionu olub. Bununla bağlı www.zerdab.com saytının suallarını cavablandıran Elnur İbrahimli dedi: “Bu qalibiyyətim məni çox sevindirdi və indi də bunun qürurunu yaşayıram. Ancaq çox istərdim ki, mən qələbələri, birinciliyi doğma Azərbaycanımın bayrağı altında qazanım. İstərdim ki, ali təhsilimi başa vurduqdan sonra doğma vətənimə dönüm və ölkəmizdə keçirilən yarışlarda iştirak edim”.Elnur İbrahimli ölkəmizdən kənarda yaşasa da, daima vətənimizi düşündüyünü söylədi: “Doğma Azərbaycanımı burada layiqincə təmsil edirəm. Azərbaycanın təbliğatında daha aktiv iştirak etmək istərdim. Mən vətənim Azərbaycanla, doğulduğum Zərdab rayonu ilə fəxr edirəm”.

Biz də www.zerdab.com saytı olaraq dəyərli həmyerlimizə həm təhsilində, həm də idman sahəsində böyük uğurlar arzulayırıq. Elnur kimi oğullar doğma Azərbaycanımızın fəxridir. Öz növbəmizdə bildirmək istərdik ki, biz də imkanımız daxilində Elnurun vətənimizdə, rayonumuzda tanıdılması baxımından üzərimizə düşənləri yerinə yetirməyə həmişə hazırıq. Yetər ki, Elnurun qalibiyyətləri, uğurları bol olsun. Hər halda biz inanırıq ki, Elnur qalibiyyətlərinə, uğurlarına davam edərsə, öz üzərində daima çalışarsa, onun Azərbaycan bayrağı altında beynəlxalq yarışlara qatılması çətin bir iş olmamalıdır. Hətta bu məsələ ilə əlaqədar ona Azərbaycanın müvafiq federasiyası ilə əlaqə yaratmaqda da dəstəyimizi əsirgəməyəcəyimizə söz veririk. Yetər ki, Elnur bizləri təhsilini başa vuracağı müddətdə yeni-yeni qalibiyyətlərlə sevindirsin. Bu gün ölkəmizdə idmana dövlət qayğısı var və harada yaşamasından asılı olmayaraq, istedadlı insanlar, gənclər ölkəmizə cəlb olunurlar. Bu baxımdan hesab edirik ki, gələcəkdə Elnur İbrahimlini – hamımızın fəxri olan bu gənc istedadı Azərbaycan bayrağı altında döyüşlərdən qalib ayrılan görmək çətin olmayacaq.

Uğurlar, Elnur…

www.zerdab.com

Elnur İbrahimli

1 comment

Comments are closed.