Bizim camaat kəndimizdən heç nə çıxarmadı

3
38

QarabağFevral ayında doğulmuşam, amma bu ayı sevmirəm. Mənim onu sevməməyimdə fevralın bir günahı yoxdu. Yazıq neyləsin ki, “taleyi belə gətirib”, hər gününə bir faciə düşür.
 Qarabağ münaqişəsi bu ayın 13-də başlayıb, bu münaqişə Əli ilə Bəxtiyar adlı ilk qurbanlarını bu ayın 22-də verib, Qaradağlının sinəsinə qara dağ fevralın 17-də çəkilib, SSRİ DTK-sı ermənilərlə birgə hazırladığı Sumqayıt ssenarisini ayın 27-28-də gerçəkləşdirib, ən nəhayət, Xocalı bu ayın 25-dən 26-na gecən gecəsində qan gölündə qərq olub.

Fevralı mənim gözümdən daha çox salan isə doğulub boya-başa çatdığım, kiçik vətənim, nazlı-qəmzəli, gözəl kəndimi ermənilərin mənim əlimdən aldığı tarixin bu ayın 11-nə düşməsidir. 21 ildir, sevimli oyuncağı əlindən alınmış uşağam…

Ermənilər 1988-ci ilin 13 fevralında Xankəndində “Miatsum” şüarı ilə bu müsibəti başladanda 14 yaşım vardı mənim, 7-ci sinifdə oxuyurdum.

Hamı kimi mən də elə bilirdim ki, Qarabağda, Şuşada, kəndim Malıbəylidə, elə mənim ətrafımda, gözümün qabağında baş verənlər uşaqların sevimlisi olan “müharibə, tüfəng-tüfəng” oyunudu. Maşınların daşa basılması da, adamların girov götürülməsi də, sovetin “sülhyaratma” qoşunlarının ara-sıra kəndimizə hücum çəkib, silah-filan axtarması da… “Mən getdim kəndə” yazdığım vərəqi öz yerimə yorğanın altına “uzandırıb”, Bakıdakı evimizdən gizlicə kəndimizə qaçanda da belə bilirdim.

Bu xınanın o xınadan olmadığını isə ermənilər fevralın 11-i tezdən rus tankları ilə səngərləri aşıb, evlərə od vura-vura kəndə dolanda camaatla bir yerdə Kətiyə üz tutan vaxt meşədə tapdığım, kiminsə boğçasından düşmüş tezəriyən Ukrayna qəndini ağzıma atıb, ermənilərin aramsız hücumlarından üç gün macal tapıb yemək yemədiyimə görə göynəyən mədəmi sevindirə-sevindirə fikrə gedəndə anladım. Arxaya baxdım – evimiz, kəndimiz od içində idi.

Artıq onu itirmişdim. 14 saatlıq fevral şaxtasında 30 km-lik dağ yolunu isə sinif yoldaşlarımı, qohumlarımı, kəndçilərimi itirə-itirə keçib, Ağdamın Abdalına gəldim…

Bizim camaat kəndimizdən heç nə çıxarmadı – bir-birindən savayı. Bir-birindən tuta-tuta bir-birini götürüb gəldilər ordan. İndi də bir-birinin üzünə baxıb kəndlərini görürlər, bir-birindən alırlar kəndlərinin iyini. Amma illər sıraları seyrəldir, o kənddən gələnlərin sayı günbəgün azalır. Azaldıqca da, kənimiz daha çox işğal olunur, daha çox uzaqlaşır.

Kəndimizi qaytarmırlar. Bizi müharibə eləməyə də qoymurlar. Deyirlər sülh, danışıqlar yolu ilə alacağıq. Deyirlər, amma eləmirlər. Mənsə kəndimizə getmək istəyirəm…

Nurşən Quliyev

3 ŞƏRH

  1. İnşallah tezliklə kəndinizə gedərsiniz…Bizi də qonaq apararsınız…Biz də o yerləri görərik..Nələri itirdiyimizin bir daha fərqinə vararıq…Bir daha itirməmək üçün bərk-bərk yapışarıq o torpaqlardan…Müharibə hər gün 100-lərlə Mübariz itirməkdir…Ona dözə bilmərik! Allah göstərməsin!

  2. allah siza sabr versin torpaqlarimiz geri qayitsin, man fikirlasiram ki, sizda boyuk urak olub adica xocali vidiolarina baxanda insan doza bilmir.bas ayirik sahidlar,asirlar,o dozulmaz azablari goranlar qarsisinda.
    г. Рязань (Рязанская область), Россия

Comments are closed.