Ərizəbaz

4
77

ƏrizəbazMəzahir Qarayev Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Bakı şəhərində

Məzahir Qarayev
Məzahir Qarayev

yaşayır. Bu günlərdə “Təmsillər” adlı kitabı işıq üzü görüb. Müəllif təmsillərdən bəzilərini www.zerdab.com saytına təqdim edib.

Ərizəbaz

 Ərizəbaza dedilər:

Sənin əlindən anan

Artıq batıbdır yasa.

Dedi: deyə bilmərəm

Əlimdə fakt olmasa.

——————————   —————————— ——————————

Tülkünün mühakiməsi

Tülkü hər gün toyuğun

Yumurtasın yeyirdi,

Ancaq durub iclasda:

Bu çil toyuq nədənsə,

Yumurtlamır deyirdi”.

——————————   —————————— ——————————

Böhtan

Bir gün çaqqal, alabaş

Çil toyuğu yedilər.

Amma bu oğurluğu

Tülkü edib dedilər.

——————————   —————————— ——————————

Tülküyə nəsihət

 Söylədilər tülküyə

Gəl eyləmə oğurluq.

Səndən qalsın yadigar

Öz nəslinə doğruluq.

O dedi: unutmaram,

Atamın nəsihətin

Yerdə qoya bilmərəm

Mərhumun vəsiyyətin…

——————————   —————————— ——————————

Özündən razı iynə

İynə atıb sapını

Başqa peşə aradı.

Hara ayaq döydüsə,

Tikiş üçün yaradı…

——————————   —————————— ——————————

Özgəyə quyu qazan

Çay qayanı dibindən

Oğrun-oğrun sökürdü.

Bir gün qaya ovulub

Öz üstünə töküldü.

——————————   —————————— ——————————

Çıxış yolu

 Sovka qurdu yamanca

Vurulmuşdu yarpağa

Başqa yolu yox idi

Müftə yeyib yatmağa…

——————————   —————————— ——————————

Giley

Bağa hey dolanırdı

Həm quruda, həm suda.

Söz düşəndə deyirdi:

– Eh, yaşamaqdır bu da?

——————————   —————————— ——————————

İradəsiz sarmaşıq

Kimi görsə sarmaşıq

Dolanırdı boynuna.

Çünki yaxşı bələddi

Öz kökünə, soyuna…

——————————   —————————— ——————————

Mismar qorxusu

Mismar çoxdan atardı

İşləməyin daşını.

Çəkic imkan verəyir,

Hey döyürdü başını.

 

www.zerdab.com

4 ŞƏRH

  1. Bu temsiller günümüzün problemlerini eks etdirir. Buradakı qehremanların her biri real heyatımızda var ve Mezahir Qarayev onları şirin dille çox yaxşı tenqid edib.

Comments are closed.