Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (8)

0
62

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

Hesen bey ZerdabiZərdab, 26 oktyabr. Zərdab kəndi Kürün hər iki sahili boyu 50 verst uzunluqda torpaq sahəsindən, 600-dən çox tüstüdən (yaşayış evindən – tərcüməçi) ibarətdir, keçmiş zamanlarda Şirvan, Qarabağ və Şəki xanlıqları arasında sərhəd məntəqəsi rolunu oynamış, demək olar ki, Zərdab bəylərinin müstəqil mülkü olmuşdur. Bu bəylər vəziyyətdən asılı olaraq gah bu, gah da o biri sərhəd xanlığına qoşulmuşlar. Rusların gəlişindən əvvəl Zərdab Şirvan xanlığının tərkibinə daxil olmuşdu və demək olar ki, 50-ci illərə qədər vahid, bölünməz məkan kimi mövcud idi. Onun sakinlərinin oturaq həyat keçirdikləri yer indi köhnə kənd adlanır və zərdablılar o yerlərə – oradakı bağlarına yalnız ildə bir dəfə ipəkqurdları bəsləmək mövsümündə gedirlər və işlərini də başa çatdırandan sonra yenidən doğma evlərinə qayıdırlar.

50-ci illərdə Zərdab kəndlilərinin üçdə iki hissəsi bəylərin asılılığından azad oldular və azad olan kimi də öz bağlarına yığışdılar, onların ardınca bəzi bəylər də öz bağlarını otarılıb məhv edilməkdən qorumaq üçün ora getdilər və Zərdab bir müddət demək olar ki, tamamilə boş qaldı. Lakin bir müddət ; köhnə kəndin mərkəzdə olmasına, oradakı camaat bərəsinə və ərzaq mağazasına görə sakinlərin çoxu tezliklə köhnə ata-baba yurduna qayıtdılar və uçub-tökülmüş keçmiş Zərdab kəndində 50-60 tüstü məskunlaşdı. Qalan sakinlər başqa məntəqələrdə nisbətən nüfuzlu şəxslərin ətrafında cəmləşərək hər biri 5-6 tüstüdən ibarət təqribən 20 oba yaratdılar, o birilər isə məsələn, Gəndəbil və Gəlmə yüzlərlə, hələ bir az da çox evdən ibarət bütöv  yaşayış məntəqəsi kimi  qaldılar. Beləliklə, Zərdabın bölünməz bir bütövlük kimi mövcudluğu sona çatdı, bununla belə rəsmi sənədlərdə bölünməz bir bütövlük hesab olunurdu. Bunun əsasında 1868-ci ildə kənd idarələri Bakı quberniyasına daxil ediləndə Zərdab tək bir kənd icması kimi qeydiyyata alınmışdı. Lakin yeni qaydalar o qədər də münasib deyildi və çox çəkmədən Zərdabın üç icmaya: Zərdab, Gəlmə və Gəndəbil icmalarına bölünməsi barədə düşünmək lazım gəldi. Birincilərin tərkibi köhnə kəndin yuxarı hissəsində yaşayan dövlət kəndlilərindən, ikincilərin tərkibi aşağı tərəfdə yaşayan kəndlilərdən, üçüncülər isə bəy kəndlilərindən ibarət idi. Bu bölgü yalnız kağız üzərində idi, əslində isə hər şey əvvəlki kimi qalırdı: bir çox torpaqlar, Qarasu çayından çəkilən camaat kanalı, camaat bərəsi – bütün bunlar hələ də ümumi istifadədə qalırdı. Sakinlərin özlərinin bu və ya digər icmaya aid olmaları barədəki köhnə düşüncələrinin yaratdığı dolaşıqlıq digər məsələlərin yanında çox xırda iş idi. Onların hər biri özünü zərdablı hesab edərək hara xoşlarına gəlir, orada da yaşayırlar; bağı olmayan kəndli, belələri isə az deyil, bu gün köhnə kəndin yuxarı tərəfində yaşayır, sabah baxırsan ki, o artıq aşağı hissəyə köçüb, orada yaşayır. Ayrı-ayrı icmaların kəndlilərinə məxsus olan yanaşı üç evə tez-tez rast gəlmək olur. Kəndin vəzifəli şəxslərinin səlahiyyətinə aid olan məsələlərin araşdırılması və xırda mübahisələrin həll edilməsi zamanı bu qarışıqlıq daha ciddi bir dolaşıqlığa gətirib çıxarır. Üç icmanın doqquz hakimi, üç böyüyü və üç köməkçisinin hər biri ayrı-ayrı obalarda, qohumlarının və dostlarının əhatəsində yaşayır, hər biri də özünü həmkəndlilərinin taleyinin çox əhəmiyyətli dərəcədə ondan asılı olduğu padşah hesab edir. Belə dolaşıqlığın nəticəsidir ki, zərdablıların ümumi maraq barədə təsəvvürləri tamam başqa cür formalaşmışdır; Kürün o tayındakı torpaqları oradakı bəylər tərəfindən zəbt edilmişdir, Zərdab kəndinə məxsus bu taydakı keçmiş torpaqlarında isə Müskürlü və Qaravəlli köçəriləri məskunlaşmışlar, beləliklə də zərdablıların özləri demək olar ki, torpaqsız qalmışlar.

İndi, mənim eşitdiyimə görə hər üç icmanın tək bir başçının rəhbərliyi altında birləşdirilməsi barədə iddia irəli sürülmüşdür. Bu nə qədər faydalı olacaq – deyə bilmərəm, amma düşünürəm ki, hər birinin sərhədləri dəqiq göstərilməklə və hər birinə ayrıca, müstəqil yaşamaq hüququ verilərsə ayrı-ayrı üç icma təşkil edilməsi məsələnin arzuedilən həlli olardı.

Biz, köhnə kəndin sakinləri hazırda yenə də ağlamalı bir gündəyik. Şıdırğı yaz yağışlarından sonra Qarasuda su həddən artıq çoxalıb və zərdablıların bəndlərini aşıb, oradan da dəyirmanlara çatıb, böyük bir əraziyə dolaraq Göyçaya gedən yolumuzu da basıb, bununla da 10 verst əlavə yolu dolanıb getməli oluruq. Lakin Göyçaya yolumuzun uzanması dərdlərimizin yarısıdır, əsl bədbəxtlik odur ki, sakinlərimiz taxıl əkməyə yer tapmırlar, səpinin vaxtı isə artıq keçir. Bunun da günahı buranın camaatına bəlalar gətirən dəyirmançılardadır. Kürün sahilində onların Qarasu çayının suyu ilə işləyən 40-a qədər dəyirmanları var. Dəyirmançıların su xəndəkləri dəhşətli bir vəziyyətdədir; onların heç birinin babat da olsa körpüsü yoxdur və o arxların o biri üzünə keçmək yalnız atla mümkündür, o da çox çətin. Dəyirmanlar kəndin yuxarısında və aşağısında yerləşirlər və bununla da biz Zərdabın o biri hissəsindən tamamilə ayrı düşmüşük.

Sonda burada tez-tez təsadüf edilən məzəli bir əhvalat danışım. İndi bizdə oğurluğun bir peşəyə, sənətə çevrilməsi heç kəsə sirr deyil; hamı oğurlayır, hətta kənd böyüklərinin özləri də və elə bu da adi bir işi məzəli əhvalata çevirmişdir. Bu günlərdə mal-qara otaran Zərdab uşaqları, çobanlar görüblər ki, kolluğun içində zərdablıların bir neçə inəyini kəndirlə bağlayıblar, bu barədə mal yiyələrinə xəbər çatdırıblar, onlar da yığışıblar və kolluqda oğruları gözləməyə başlayıblar. Axşam düşəndə zərdablıların gizləndikləri yerə qonşu Lələ Əhmədli köçərilərindən üç nəfər gələrək inəkləri açmağa başlayıblar. Zərdablılar pusqudan çıxaraq oğruları qovublar, onlar isə öz köçlərinə tərəf qaçıblar. Lakin yataqlardan az aralıda gözlənilmədən vəziyyət tam dəyişmişdir. Qovanlar birdən-birə qovulanlar olmuşlar. Bütün lələəhmədlilər, hətta qadınlar və uşaqlar əllərinə keçən alətlərlə silahlanaraq zərdablıların üstünə atılıblar və onları döyməyə başlayıblar. Əlbəttə, zərdablılar qaçmağa üz qoyublar, lakin onlardan biri, daha çox döyüləni yıxılmış və qaliblər onu əsir götürmüşlər, bu davada iştirak edən kənd böyüyü çox ağıllı bir şey fikirləşib: o, bədbəxt zərdablının əl-ayağını bağlatdırıb və rəhbərliyə raport verərkən onu da rəisə təhvil verib, deyib ki, bu zərdablı silahlı idi; lələəhmədlilərə məxsus heyvanları oğurlayanda cinayət başında tutulmuşdur. İndi cinayət işi açılmışdır və zavallı zərdablı həbsxanada yatır, əsl oğrular isə onun üzünə şahid dururlar.

HƏSƏN BƏY.

«KASPİ» QƏZETİ, №121, 5 NOYABR 1882-Cİ İL