Əlimərdan bəy Topçubaşovu Həsən bəy Zərdabi ailəsinə bağlayan sevgi

0
70
Müəllif: Eldəniz Həsənov
Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində Həsən bəy Zərdabi yaradıcılığı ilə bağlı araşdırmalar apararkən bu dahi şəxsiyyətin böyük qızı Pəri xanım Topçubaşovanın anası Hənifə xanım Abayeva və eyni zamanda onların kürəkəni Əlimərdan bəy Topçubaşovun Hənifə xanım Abayevaya yazdıqları məktubların əlyazması diqqətimi cəlb etdi (F. H 633, s.1, iş 38).
Rus dilində yazılan həmin məktubların kserosurətlərinin tam mətnini və Azərbaycan dilinə tərcüməsini nəşr etdirməklə Həsən bəy Zərdabi ailəsində təlim-tərbiyə, təhsil, ataya-anaya dərin hörmət, sevgi, ülvi məhəbbət hissləri ilə bağlı faktları bir nümunə olaraq oxucuların, gənclərimizin diqqətinə çatdırmaq istərdim.

Qısa tanışlıq:
Hənifə xanım Məlikova (Abayeva) kim idi?
Həsən bəy Zərdabi 18 noyabr 1869-cu il tarixindən etibarən Bakı real gimnaziyasında təbiət tarixi fənninin tədrisinə başlayır. Həsən bəy burada  müəllimlik fəaliyyətini davam etdirməklə yanaşı, dərsdən sonra əhali içərisində olur, çayxanalara, yeməkxanalara, emalatxanalara, bir sıra obyektlərə baş çəkir, savadlanmağın vacibliyini, onun əhəmiyyətini kütlələrə başa salmağa cəhd edirdi. Müxtəlif vasitələrlə yoxsulların balalarının təhsilə cəlb olunmasına çalışırdı.
Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “xeyriyyə cəmiyyəti” yaratmaq  ideyasını irəli sürür, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olur. Beləliklə də o, 1872-ci ildən etibarən Cəmiyyəti Xeyriyyənin əsasını qoyur. Qaytanlanmış qeydiyyat dəftərcəsi düzəldərək Bakının sayılıb-seçilən adamları ilə görüşür. Lakin onlardan etinasızlıq görür və bu münasibəti “Cəmiyyəti-xeyriyyə binası” adlı məqaləsində belə ifadə edir. “Mən dəftərləri qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gün çörək yeyə bilmədim və gecələr mənə yuxu haram oldu… Bəs deyilmi, biz haçan ayılacayıq”.
Buna baxmayaraq Həsən bəy xeyriyyəçilik fəaliyyətini davam etdirməli olur. Məktəblilərin tətil mövsümü ərəfəsində üzünü Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Qarabağ, Dərbənd, Quba və s. şəhərlərə tutur. Orada məsələnin mahiyyətini  millətin imkanlı, savadlı nümayəndələrinə izah edir. Bu işə öz müsbət fikrini bildirənlərə, zəmanət duranlara qeydiyyat dəftərcəsinə imza etdirib Bakıya qayıdır.  Aradan xeyli vaxt keçir, nə pul göndərən olur, nədə ki, yetim, kimsəsiz uşaq göndərən. O, yenə yerlərə məktublarla müraciət edir. Onun çoxsaylı müraciətlərindən sonra Dərbənddən və Şamaxıdan iki yetim uşaq və bir qədər də pul göndərilir ki, Zərdabi onların  təhsil almalarını təmin etsin.
Oxumağa göndərilən uşaqlar üçün cəmiyyətin hesabına mənzil tutmaq lazım idi. Pansionda yer yox idi. Həsən bəy dəllalların vasitəsilə kirayəyə mənzil tapır. Məsələ bununla bitmir, uşaqların qayğısını çəkmək, rus dilini bilməyən şagirdlərə həm rus dilində, həm də ana dilində tədris üçün tərbiyəçi qadının vacibliyi haqqında fikirləşir. Xoşbəxt bir təsadüf Həsən bəyə yardımçı olur. Mətbuat səhifələrinin birində Tiflisdəki qız məktəbini qurtaran məzunların siyahısı ilə tanış olur. Siyahını nəzərdən keçirdikdə qeyri millətlərin arasında bir nəfər müsəlman qızının adına  təsadüf etməsi  onun böyük sevincinə səbəb olur. Bu birinci müsəlman qızı kimi təhsil alan Hənifə xanım Abayeva idi.
Həsən bəy Zərdabi Hənifə xanımda “var-dövlət, zahiri gözəllik olmasın, təki onda el üçün döyünən sadə, insanpərvər qəlb, aydın kamal olsun” fikri, xəyalı ilə Tiflisə yola düşür. Fikirləşirdi ki, belə olan halda onunla həyat qura bilər, həyat yoldaşı ilə çiyin-çiyinə xalqın uşaqlarını öz ətrafına toplayar, yeni-yeni məktəblər açar, arzu və istəklərinə nail ola bilər.
Kübar qızlar məktəbinin direktoru Həsən bəy Zərdabinin nə məqsədlə gəldiyini bildikdə sevincək ona Hənifə xanımın qısa tərcümeyi-halını danışır. Məktəbin direktoru Həsən bəyi buraxılış münasibətilə keçiriləcək  gecəyə dəvət edir.
Həsən bəy Zərdabinin bu tədbirdə möhtəşəm musiqi sədaları altında Hənifə xanımla tanışlığı, onların rus dilində danışdıqları qarşılıqlı anlaşma şəraitində keçir. Həyat yolları, fikirləri, amalları üst-üstə  düşən ideya, məslək  yoldaşı kimi Bakıya gəlirlər. Hənifə xanım Bakıya gəldiyi ilk gündən qızğın fəaliyyətə başlayır, Həsən bəyin oxutduğu yoxsul şagirdlər onun simasında öz doğma analarını tapmış olurlar.
Hənifə xanım Məlikova (Abayeva) 5 may 1856-cı ildə Şimali Qafqazın  Nalçik şəhərində anadan olmuşdur.
O, Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil almış, həyat yoldaşı  Həsən bəy Zərdabi ilə birlikdə “Əkinçi” qəzetinin nəşrində fəal iştirak etmişdir. Hənifə xanım çox böyük dünya görüşünə malik, Azərbaycanın ilk maarifçi  qadınlarındandır.
Hənifə xanım Məlikova 1880-ci ildə öz mənzilində məktəb açaraq kasıbların, kimsəsizlərin təhsili ilə məşğul olmuşdur.
Həsən bəy dövlətə müraciət edib Azərbaycanlı qızlar üçün məktəb açmağa  icazə istəyir. Həyat yoldaşı Hənifə xanımla birlikdə  layihə  tərtib edir. Gələcək məktəbin nizamnaməsini yazır. İki ildən sonra, yəni 1901-ci ildə  Bakıda qızlar üçün birinci rus-müsəlman məktəbinin  açılmasına nail olur. Hənifə xanım bu məktəbin direktoru təyin edilir. Həsən bəy isə məktəb şurasının üzvü olur. Onlar yoxsul qızları çox böyük çətinliklərə məktəb düzəldir. Bəzilərini isə öz hesablarına oxudurdular. H.Z.Tağıyevin əvəzsiz xidməti sayəsində fəaliyyətə  başlayan bu nümunəvi məktəbə direktor Hənifə xanım təyin edilir.
Hənifə xanım eyni zamanda 1904-1908-ci illər ərzində yaşlılara dərs demişdir. Bakıdakı “Nicat” cəmiyyəti qadın bölməsinin yaradıcılarından olmuşdur.
Hənifə xanım 1901-1905-ci illər ərzində Bakıya ilk müsəlman qız məktəbinin, 1909-1919-cu illər ərzində  isə şəhər dövlət  birinci  rus-tatar ( Rus-Azərbaycan) qız məktəbinin müdiri işləmişdir. 1929-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Həsən bəy Zərdabi Hənifə xanım Abayeva (Məlikova) ilə ailə həyatı qurduqdan  bir il sonra 1973-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladı dünyaya göz açır.

Pəri xanım Topçubaşova və Əlimərdan  bəy Topçubaşov kim idi?
Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba  köçdüyü vaxtda Pəri artıq 7 yaşının içində idi. Həsən bəylə Hənifə xanımın Zərdabda yaşadıqları ərəfədə artıq onların Midhəd, Səffət adlı  oğlulları, Qəribsoltan  adlı  qızı da dünyaya gəlmişdi.
Həsən bəyin məktəblər açılmasında ən böyük arzularından biri də qadınların təhsil alması idi. Həsən bəy Azərbaycanda o dövrdə qız məktəbi açılmasına nail olmadığından qızı Pəri xanımı Tiflisə aparır və onu anası Hənifə xanımın vaxtilə təhsil aldığı rus qız gimnaziyasına qoyur. Pəri xanım burada anasının sabiq  müəllimlərinin yanında yaşayır və təhsil alır.
Həsən bəy Zərdabi ocağından çıxan, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan Azərbaycan ziyalısı Pəri xanım Məlikova (Topçubaşova) (1873-1947), Azərbaycanın görkəmli şəxsiyyəti, 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Tiflisdə və Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işləmiş, 1897-1917-ci illərdə “Kaspi” qəzetinin redaktoru, Dövlət Dumasının deputatı və orada “Müsəlman qrupunun” başçısı, Rusiya  müsəlmanlarının 1-4-cü qurultayının nümayəndəsi, “İttifaqi Müslimin” partiyasının yaradıcılarından və MK-nın daimi bürosunun üzvü, 1917-1920-ci illərdə Bakı Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Azərbaycanın ilk parlamentinin sədri, Paris sülh konfransında müsavat nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun (1865-1934) həyat yoldaşı olmuşdur.
Belə bir dahi şəxsiyyətin, ictimai-siyasi xadimin ömür-gün yoldaşı olmaqla, onun həyatı boyu birlikdə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi uğrunda əzablı yolları keçən Pəri xanım Topçubaşovanın kim olması bizə çox şeylərdən xəbər verir.
Pəri xanım və onun həyat yoldaşı Əlimərdan bəy Tiflis və Bakı həyatından sonra Fransada mühacirətdə olmuş və orada dünyalarını dəyişmişlər.
Azərbaycan Respublikasının Prezidenti H. Əliyev cənabları 1993-cü ildə Fransada səfərdə olarkən Əlimərdan bəy Topçubaşovun, Pəri xanım Topçubaşovanın və onların ailə üzvlərinin dəfn olunduqları xiyabana gedərək bu ailənin məzarı üstünə şəxsən öz adından əklil qoyması tarixi bir əhəmiyyət kəsb etməklə, şəxsiyyətlərə verilən dərin hörmətin təcəssümüdür. Eyni zamanda Həsən bəy Zərdabi şəxsiyyətinin yetirmələrinə, onun övladlarına verilən bu qiymət dünya azərbaycanlıları uyuyan,  yaşayan yerləri  gəzən Zərdabi  ruhunun şad olması deməkdir.
Pəri xanımın və Əlimərdan bəyin Tiflis həyatı, oradan Hənifə xanıma yazdıqları məktublar maraqlı  bir vaxta təsadüf edir. 14 ildən artıq bir müddət idi ki, Həsən bəy Zərdabi vəfalı  həyat yoldaşı Hənifə xanımla birlikdə  doğma kəndi Zərdabda yaşayırdı.
Bunun da başlıca səbəbi ondan ibarət idi ki, Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab etmişdir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanılır, 1878-ci ildə isə Zərdabi gimnaziyadan-müəllimlikdən azad edilir. Çar hökuməti üçün təhlükəli  hesab edilən Azərbaycan milli mətbuatının banisi Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərmək adı ilə o, Bakı  gimnaziyasından uzaqlaşdırılır. Zərdabinin getdiyini eşidən şagirdlərə bu hal çox pis təsir göstərir. Onlar tez-tez, dəstə-dəstə sevimli müəllimləri gilə gəlir və onu yad etməklə, dərin hörmət və rəğbətlərini bildirirlər. Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir-üç yaşlı Fatma və bunun dalınca bir yaşına çatmamış üçüncü qızı da vəfat edir. Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birlikdə öz doğma kəndi Zərdaba köçür. Lakin çar hökumətinin bu addımı böyük maarifpərvər, demokrat və ictimai-siyasi xadim, torpaq islahatçısı H.Zərdabini öz məqsədindən uzaqlaşdıra bilmir. O, burada məktəb açmaq, təsərrüfatla məşğul olmaq fikrinə düşür, lakin  orada da ona mane olurlar, hər addımını izləyirlər. Bir tərəfdən də S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostun ölümü Zərdabini qocaldır. Məqsədinə nail ola bilməyən  Zərdabi Ucarda məhkəmədə vəkillik etməli olur. 1896-cı ilə kimi Zərdabda yaşayır və 16 il ərzində burada kəndlərdəki ictimai-siyasi haqsızlıqlara qarşı mübarizəsini davam etdirir.
Gərgin fəaliyyət, ağır əmək və mübarizə şəraitində keçən həyat tərzi Zərdabinin səhhətinə təsir etməyə bilməzdi. Odur ki, 1896-cı ildə Həsən bəy iflic olur və bir müddət xəstə yatır.
Atası Həsən bəyin, anası Hənifə xanımın himayəsindən, nəvazişindən kənarda qürbətdə yaşayan, hər vaxtı  onların isti  nəfəsini, maddi və mənəvi ehtiyacını  hiss edən Pəri xanımın anasına  ünvanladığı məktubla tanış olduqda, zamanın, tarixin hökm sürdüyü  keşməkeşli şəraitdən asılı olmayaraq Tiflis rus qız gimnaziyasının son kursunda təhsilini davam etdirən Azərbaycan ziyalısının xoşbəxt həyat, azadlıq, məhəbbət uğrunda, sevgi yolunda mübarizəsində Koroğlunun Nigarını, Nəbinin Həcərini, Məcnunun Leylisini gördüyümüz kimi gözümüz önündə Əlimərdan bəyin Pərisinin obrazı canlanır.
Həmin məktubların Azərbaycan dilinə tərcümə etdiyim mətni ilə oxucularımızı  tanış etmək maraqlı olardı.

Pəri xanımın anası Hənifə xanıma məktubu
“Mənim ünvanım: Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova.
Əziz ərimi sizə müvəqqəti olaraq qonaq göndərirəm. Baxarsan ki, o sizdə hansı təəssüratlar yaradacaq. Bil ki, onun nə atası, nə də anası yoxdur və ümid edir ki, Siz onları əvəz edərsiniz.
Əziz sevimli ana!
Mən sənin qarşında çox günahkar olduğum üçün indiyə qədər sənə məktub yazmamışam.
Öz günahımı bütünlüklə dərk edirəm və sənin mühakimənə buraxıram. Dünən 21 dekabrda kəbin aktı bağlandı və axşam mən Mərdan bəygilə köçdüm. Hər şey yaxşı və şən oldu, yalnız sən çatışmırdın. Mən yəqin bilirəm, əziz ana, əgər sən burda olsaydın, hamı ilə birlikdə şənlənərdin və mənə görə xoşbəxt olardın. Hə, həqiqətən demək olar ki, burada tale böyük rol oynadı. Onda fikirləşirdim ki, tezliklə kursu bitirdikdən sonra bir yaxşı adam tapılacaq, həm məni sevsin, həm də mən özüm sevim. Belə ki, onun məni dəlicəsinə sevdiyinə şübhə yoxdur və bunu onu şəxsən  görən xalam təsdiq edə bilər.
Kəbin aktın bağlanmasına qədər xırda bir anlaşılmazlıq oldu, mən axırıncı günə qədər yemək yemədim. Atam isə, məlum oldu ki, 10 min pul tələb edib, Mərdan isə bu pulu nəğd verə bilməyib. Belə böyük məbləği mən hər dəqiqə tələb edə bilərdim, onda isə bu pul olmazdı. Mənə isə kəbin üçün hansı məbləğin ödənilməsinin qətiyyən fərqi yox idi. Mən ona dedim ki, nə qədər bacarır ödəsin. Ata özü də mənimlə razılaşdı ki, belə şeydən ötrü biz toyu poza bilmərik.
Mənim əzizim, mənə çox kədərli və ağır gəlir ki, sən yox idin, amma ola bilərdin, biz ona görə tələsdik ki, kəbin bağlandıqdan sonra ayrı-ayrı yanaşmaq  ağılsızlıq olardı, sən isə belə tez gələ bilməzdin. Amma, inanıram ki, əzizim, sən imkan düşən kimi yığışıb gələcəksən, ona görə ki, Mərdanın yerquruluşu (yerölçmə) məktəbində dərsləri var və məzuniyyət götürmək asan deyil. Belə ki, biz özümüz bayrama (maslennitsa) qədər ancaq gələ bilərik. Hə, əzizim gözləmirdim ki, səndən belə tez ayrılmağa məcbur qalacağam, razılaş ki, görünür tale belə imiş. Fərqi yoxdur, tez ya gec mən ərə gedəcəkdim, mənə sevdiyim adama ərə getmək başqasına ərə getməkdən daha yaxşıdır. Mərdan xahiş edir ki, səni möhkəm öpüm və deyim ki, sənin arzun yerinə yetdi və o sənin sevimli qızın üçün yaxşı ər olacaq. Burada mənə onun (Mərdan bəyin) tanışlarının tənəsindən qurtaran mələk kimi baxırlar. Belə ki, onların maddi vəziyyətləri sizə məlumdur və məlumdur ki, o 10 min ödəmək iqtidarında deyil, mən isə nə qədər pul ödəyəcəyini onun öz ixtiyarına buraxdım. Xahiş edirəm, əzizim, cecim və xalçalarımı göndərəndə mənim albom, portfelimi, şəkil qrupumu və öz şəxsi evim olacağı zaman mənə bağışlayacağına söz verdiyin mürəkkəbqabını da göndər.
Bağışla, əzizim, biz hər şeyi sənsiz həll etdik, amma mən yəqin bilirdim ki, sən bizə qarşı olmazsan. İndi isə xahiş edirəm ki, sakit ol və öz qızının xoşbəxtliyinə sevin. Bil ki, mən nə qədər xoşbəxt olsam da, səni heç vaxt unutmaram və öz əziz və yaxşı anamı həmişə sevəcəyəm. Ümidvaram ki, sən Mərdanı da belə sevəcəksən, ona görə ki, o buna layiqdir.
Bərk-bərk öpürəm səni, Qərişi və Səfişi. Baş əyirəm, yaz.
Səni daima sevən qızın”.

Əlimərdan bəy Topçubaşovun Hənifə xanıma məktubu.
“Çox hörmətli və əziz ana!
“Ana” kəlməsi mənim üçün o qədər əziz səslənir və həyatımda ilk dəfə elə böyük zövqlə çox dərin mənası olan və bu günə qədər mənim üçün izah edilməz  qalan bu sözlə Sizə müraciət edirəm!
İndi ilk dəfə mən bu sözü şüurlu surətdə və böyük ümidlə ifadə edirəm ki, mən Sizin ana ürəyinizdə hüznlü bir səda tapacağam, hansı ki, bu gündən etibarən (özümə inam tapmaq ümidi ilə) mənim çox sevimli Pərim ilə birlikdə Sizin övladlarınız arasında mənə də lazımi yer ayrıla bilər .
Mən belə cəsarət və qətiyyətlə danışıram, halbuki Sizdə olan nəvazişi hələ görməmişəm, Sizi görüb, Sizi öpməmişəm, amma bilirəm Sizin münasibətinizi qazanacaq və ya Sizin əsas şərt və tələblərinizi qane edəcəyəm, dediyiniz kimi, kim Sizin kürəkəniniz olmaq xoşbəxtliyini qazanmaq istəyirsə, ilk növbədə Sizin qızınızı sevməlidir.
Bəli, əziz ana, mən Sizin tələblərinizə cavab verirəm, başqa sözlə mən mənim əvəzsiz Pərimi sevirəm, onu şərəfli və nəcabətli bir məhəbbətlə sevirəm, həyat yoldaşım kimi, özümə bərabər bir yoldaş kimi sevirəm.
Hansı ki, bundan  sonra mənim sevincimi və kədərimi bölmək taleyi düşür, belə ki, mənim üçün huri mələk rolu oynayır ki, bu gündən o, mənim ideyalarımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizim müqəddəs amallarımızın birgə həlli yolunda ona daha çox enerji və güc verəcək, həm də cəhalət qaranlığında çapalayan bizim bədbəxt müsəlmanlarımızın  maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsi üçün xeyir verəcək.
Bir sözlə mən Sizin qızınızı sevirəm, bir həyat yoldaşı kimi isə şərəflə, həqiqətən hərarətlə inanıram ki, mənim ona olan  münasibətimi bu gündən heç nə dəyişə bilməz, əksinə, ailə həyatımızın hər günü mənə mənim əziz Pərimə qarşı olan  məhəbbətimi artırır. Belə ki, mənim böyük xoşbəxtliyim naminə o da mənə eyni qaydada mərhəmət göstərir.
Buna görə də, əgər mənim Pəriyə qarşı məhəbbətimin müqəddəsliyinə və səmimiliyinə dair sözlərim Sizin üçün qənaətbəxş deyilsə onda bundan sonra  mənə gözləmək qalır, o vaxta kimi ki, Pərim öz dəlil və sübutları ilə Sizi şəxsən inandırsın, hansı ki, Sizdən heç nə gizlədə bilməz və şəhadətnamə Sizin üçün  mənim sözlərimin həqiqiliyinə inanana qədər təsəlli olar ki, bu haqda mən Sizə yazıram.
Pərini mən o qədər sevirəm ki, əlbəttə ona yaxın olan şəxsləri o qədər sevməyə bilmərəm, hansı ki, bu gündən mənim ürəyimə yaxın olurlar. Düzdür, hələlik mən yalnız çox hörmətli atanı və sevimli Midhəd qardaşı görmüşəm, lakin mən təkcə onları sevmədim, qiyabi surətdə də olsa mənim əziz anamı və balaca bacı və  qardaşımı sevdim və ümidvaram ki, bunu öz keyfiyyətlərimlə onlarda özümə qarşı hörmət hissi qazana bilməsəm də, yenə də Pəriyə olan məhəbbətimlə onların hörmətini qazanacağam.
Yalnız mənim üçün yeganə “son ümid” yeri olmasına əsaslanaraq və bütünlüklə  bəraət qazanaraq, ümidvar olduğumu bildirirəm ki, Siz məni bağışlayacaqsınız, əgər mən bu dəfə  bircə ona görə susuram ki, nə üçün mən indiyə qədər Sizə yazmamışam, ikincisi ona görə ki, nə üçün  bizim toyumuz başqa cür yox məhz belə quruldu: bu izahata və suallara cavabları Sizinlə  şəxsən görüşənə qədər saxlamağı lazım bildim, hansı ki, Pəri ilə mən birlikdə həsrətlə və səbirsizliklə başqa daha münasib vaxtda qohum kimi ürəkdən danışa bilərik. Hələlik isə, Sizə Pərinin və Midhədin sağlığını xəbər verirəm, Sizin qarşınızda baş əyirəm, Sizi və uşaqları qiyabi öpürəm, Sizə ürəkdən hörmət edən və sevən
Sizin kürəkəniniz, Əlimərdan Topçubaşov,
29 yanvar 1984-cü il Tiflis ş.”.
Həsən bəyin həyatında baş verən acınacaqlı, kəşməkeşli vəziyyətə baxmayaraq o, millətinin bir çox nümayəndələrinin, övladlarının əsl Azərbaycan ziyalısı, təhsilli, təlim-tərbiyəli, xeyirxah bir şəxsiyyət kimi yetişməsinə, xoşbəxt ailə həyatı  qurmalarına nail olmuşdur.
Pəri xanımın anasına yazdığı bu məktubdan aydın olur ki, 1893-cü ilin 31 dekabrında toy mərasimi keçirilir, həmin günü kəbin aktı bağlanır və o, axşam gəlin köçür. Pəri xanım məktubunda belə bir maraqlı faktı qeyd edir ki, xırda anlaşılmamazlıq ucbatından axırıncı günə kimi yemək yemədim. Səbəb isə bu olmuşdur ki, adətə görə onun atası tərəfindən Əlimərdan bəydən 10 min kəbin  haqqı-başlıq  tələb olunub. Əlimərdan bəy isə bu pulu nəğd vermək imkanında  olmamışdır. Pəri xanım Əlimərdan bəyin nə qədər kəbin haqqı verməyə imkanı varsa o qədər ödəməyi lazım bilir. Həsən bəy də qızının təklifi ilə razılaşaraq belə şeydən  ötrü toyu poza bilmərik deyir.
Məktubdan məlum olduğu kimi, Pəri xanımla Əlimərdan bəyin Tiflisdə ailə həyatı qurması zamanı onun atası Həsən bəy, böyük qardaşı Midhət bəy  və xalası (bibisi) onun yanında olmuşlar. (söhbətin xaladan, yaxud bibidən getdiyi qaranlıq qalır). Onun  araşdırılmasına ehtiyac duyulur). Onların iştirakı ilə kəbin aktı bağlanılmışdır, lakin bu zaman Pərinin sevimli anası Hənifə xanımın burada olmaması ona çox pis təsir göstərmişdir. Pəri xanımın məktubda anasının toy mərasiminə tez bir vaxtda gəlməsinin mümkünsüzlüyünü bildirir və kəbin kəsildikdən sonra, anasının yolunu gözləmək və o gələnə qədər ayrı yaşamaq  ağılsızlıq olardı  deyə düşünür. Apardığım araşdırmalar deməyə imkan verir ki, doğrudan da belədir. Çünki o zaman Həsən bəyin ailəsi Zərdabda yaşayırdı. Həsən bəy və böyük oğlu Midhət bəy Tiflisdə olduqları zaman Hənifə xanım üçün az yaşlı uşaqları Qəribsoltan xanımla və Səffət bəylə birlikdə ucqar Zərdab  kəndindən Tiflisə gəlmək çətin olardı və eyni zamanda o zaman ev, mənzil, məişət, təsərrüfat işlərinin  bir an belə yiyəsiz-başsız qalması müşkil məsələ idi.
Pəri xanım anasına yazdığı məktubunda Əlimərdan bəyin onu dəlicəsinə sevdiyini və xalasının da bunu təsdiq etdiyini anasına çatdırır. Əlimərdan bəyi dərin məhəbbətlə sevən Pəri xanım məktubunu sona yetirdikdən sonra məktubun  başlanğıcına, birinci səhifəyə qayıdaraq başlığın sağ küncündəki ağ yerə köndələn  surətdə bu sözləri yazır. “Bil ki, onun nə atası, nə də anası yoxdur və o ümid edir ki, Siz onları əvəz edərsiniz”.
Pəri xanım anasının yolunu səbirsizliklə gözləyir və eyni zamanda tezliklə Əlimərdan bəylə birlikdə anasının yanına yetişəcəyini bildirir. Amma obyektiv səbəbdən tez bir zaman ərzində sevimli anasına qovuşmasının  mümkünsüzlüyünü bəyan edir. Bunun isə Mərdan bəyin Tiflisdə yerquruluşu (yerölçmə)  məktəbində dərslərinin olması və məzuniyyət götürməsinin çətinliyi ilə bağlı olduğunu nəzərə çatdırır. Yalnız Zərdaba ata ocağına gəlişlərinin bayrama (maslennitsa) qədər mümkün olduğunu bildirir (maslennitsa – xristianlarda pəhriz bayramı kimi qeyd olunur – E. Həsənov).
Burada bir məqama diqqət yetirək, 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Əlimərdan bəyin Tiflis yerquruluşu məktəbində (zemlemernoye uçilişe) dərs deməsi təsadüfü deyildir. Çünki Həsən bəyin özü hələ 1865-ci ildə Moskva Universitetini bitirdikdən sonra Tiflisdə ilk əmək fəaliyyətinə “Majevaya palata” (Torpaq sərhəd hüdudlarını müəyyən edən, torpaq bölgüsü ilə məşğul olan idarə) adlı idarədə yerölçən-müfəttiş (zemlemer-revizor), eyni zamanda burada “8-ci  majevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərmişdir. Həsən bəy harada, hansı sahədə işləməsinə baxmayaraq, torpaq  işçisi kimi ona doğma olan bu sənətin əsl mütəxəssisi olaraq yaşadığı dövr ərzində kənd təsərrüfatı işlərinə, əkinçilik-bitkiçilik sahələrinin elmi əsaslarla inkişaf etdirilməsinə çalışmış və bir yer quruluşçusu kimi torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında torpaqların naturada (yerdə) bölgüsü işini aparmış, sərhəd hüdudlarının bərpası və hüquqi baxımdan tənzimlənməsi yolunda böyük xidmətlər göstərmişdir.
Heç təsadüfi deyildir ki,  Həsən bəy Zərdabinin torpaq-yerquruluşu (yerölçmə) sənətinə bağlılığı onun oğulları Almaniyada və Fransada ali mühəndislik təhsili alan Midhət və Səffət bəydən yan keçmədiyi kimi  kürəkəni Əlimərdan bəydən də yan keçməmişdir. Əlbəttə, Əlimərdan bəyin də Tiflisdə yerölçmə  məktəbində  bu sahə üzrə dərs deməsinə Həsən bəyin təsiri olmaya bilməzdi. Əlimərdan bəyin sonrakı həyat yolunun müəyyənləşməsində və qazandığı uğurlarda da Həsən bəyin böyük rolu olmuşdur.
Məktubdan məlum olur ki, ərə gedən Pəri xanım ev ünvanlarını “Köhnə Tamojnaya küçəsi, Vlasovun evi, Pəri xanım Topçubaşova” kimi göstərir və anasından xahiş edir ki, onun adına saxladığı cecim və xalçalarını göndərəndə ona məxsus olan albom, portfeli, şəkil qrupunu və öz şəxsi evi olanda ona bağışlayacağına söz verdiyi mürəkkəbqabını da göndərsin.
Burada Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecimlə bağlı tarixi bir faktı qeyd etmək istərdim.
Həsən bəy Zərdabda yaşadığı dövrdə həyat yoldaşı Hənifə xanımla ipəkqurdu yetişdirmiş və ondan ipək istehsalı etmişdir. Heç də təsadüfi deyil ki, Həsən bəyin şəxsi təcrübəsinə əsaslanan və topladığı çoxsahəli sənət nümunələri arasındakı ipək məmulatını Hənifə xanımla birlikdə 1889-cu ildə Tiflisdə keçirilən Qafqaz Kənd Təsərrüfatı və Sənaye sərgisində nümayiş etdirmişdir. Yerli üsullarla ipəkqurdu yetişdirdiyinə görə Həsən bəy sərginin gümüş medalına layiq görülmüşdür. Sərginin kataloqunda göstərilmişdir ki, Həsən bəy Zərdabinin ipəkçiliyə dair düzəltdiyi model herbarilər sərginin girəcəyində sağ tərəfdə yerləşdirilmişdir.
Eyni zamanda Həsən bəy sərgiyə qiyməti 29 manat 70 qəpik və 34 manat  olan iki ədəd ipək cecim təqdim etmişdir. Belə məlum olur ki, Zərdabi əslində bu sərgidə peşəkar sənətkar toxucu kimi iştirak etmişdir. Hənifə xanım isə sərgiyə  bir neçə ipək parça və bədii tikmə nümunəsi vermişdir. Kataloqda bununla əlaqədar qeyd olunmuşdur ki, Göyçay mahalından Xanım Məlikova Zərdabi sərgiyə ipək parça təqdim etmişdir. Bu təqdim olunan parçalar qədim nümunələr əsasında toxunulmuşdur. Bunlara baxanda toxucuların ustalığına, sənətkarlığına heyran qalmaya bilməzsən.
Sözsüz ki, Hənifə xanımın qızı Pəri xanıma ayırdığı cecim və xalçalar həmin qiymətli  nümunələrdən olmuşdur.
Pəri xanımın anasına yazdığı kövrək hislərlə dolu məktubla bərabər Əlimərdan bəyin Hənifə xanıma yazdığı məktub daha incə, Həsən bəy Zərdabi şəxsiyyətinə və ümumilikdə onun ailəsinə dərin sevgi və qayğı ruhunda çox böyük alilik və ziyalılıqla yazılmışdır.
Məktubda həyat yoldaşı  Pəri xanımı “son ümid” yeri adlandırması, ona qarşı  məhəbbətinin səmimiliyini qeyd etməsi, Həsən bəyi çox hörmətli, nüfuzlu ata adlandırması, onun üçün izah edilməz qalan “Ana” kəlməsi ilə Hənifə xanıma müraciət etməsi və sair ifadələr Əlimərdan  bəyin çox böyük amal, ideya, məslək, dərin insani keyfiyyətlərin sahibi olduğundan xəbər verir. Onlar haqqında  yuxarıdakı qısa bilgini ona görə verdim ki, Əlimərdan bəyin və sevimli Pərisinin  Azərbaycanımızın xoş gələcəyi və azadlığı naminə hansı yollardan keçdikləri oxuculara  aydın olsun.
Ruhun şad olsun Həsən bəy!

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, zərdabişünas