Saçlarım ağarmasa

1
67
Mirağa Bağırov
Mirağa Bağırov, Zərdab şəhər sakini

Saçlarımın qarasına
Ağ dən düşür gilə-gilə.
Addımlayır qocalığım,
Gəncliyimə gülə-gülə.

Arzum uşaq, qəlbim uşaq,
Saçlarıma qonur sazaq.
Təbiətdə insafa bax,
Zülm eliyir bilə-bilə.

Od tökülür gözlərimdən
Hər baxanda aynaya mən.
Cavanlığım gedir əldən
Gündən-günə, ildən- ilə.

Mən görsəm də milyon kərə,
İnanmıram gözlərimə.
Hey baxıram…nahaq yerə
Gözlərimi silə-silə.

Ürək yaddır qəmə, yasa,
Götürməzdim ələ əsa,
Şəvə saçım ağarmasa
Qocalmazdım yüz il hələ.

1 comment

Comments are closed.