Lütvəli Babayev: “İnkişaf Zərdabda da özünü biruzə verir”

0
36

Zerdab rayonu “Ölkəmizdəki dinamik inkişaf son dövrdə Zərdab rayonundan da yan keçməyib. Son illərdə Zərdabda yeni tikilən, yenidən qurulan və ya əsaslı təmir olunan obyektlərin sayı 300-ə qədərdir”.

 Zərdab rayonunda “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda respublikamızın görkəmli alimləri, dünya miqyasında tanınmış ziyalılar, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Vasim Məmmədəliyev və Teymur Bünyadov, əslən zərdablı olan, tibb elmləri doktoru, professor Çingiz Cərullazadə və digər qonaqlar iştirak etdilər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayev qeyd etdi ki, Azərbaycan tarixində dahi şəxsiyyətlər çox olub. Onlar fəaliyyətləri ilə xalqın yaddaşında bu gün də yaşayırlar. Bunların sırasında böyük zəka sahibi, nadir şəxsiyyət, nüfuzlu dövlət xadimi, millətin fədakar oğlu, ümummilli lider Heydər Əliyev ən yüksək zirvədədir.

 

Lütvəli Babayev bildirdi ki, çox gərgin iş rejiminə baxmayaraq ulu öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrində olmağa və əhali ilə yerlərdə görüşlərə də vaxt tapırdı: “29 may 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin Kür çayının həddindən çox qalxması ilə bağlı Zərdaba səfərini və onun xilaskarlıq missiyasını zərdablılar bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayırlar”.

L. Babayev dedi ki, ölkəmizdəki bu dinamik inkişaf son dövrdə Zərdab rayonundan da yan keçməyib.

Son illərdə Zərdabda yeni tikilən, yenidən qurulan və ya əsaslı təmir olunan obyektlərin sayı 300-ə qədərdir.

Zərdabda yeni obyektlərin, o cümlədən məktəblərin tikintisi, yolların salınması, qaz, su və kanalizasiya xətlərinin çəkilişi, modul tipli su qurğularının quraşdırılması, işıqlandırma sisteminin yenidən qurulması, kommunal binaların dam örtüyünün dəyişdirilməsi ümumilikdə rayonun sosial problemlərinin həlli istiqamətində görülən işlər bu gün rayonumuzun sakinləri tərəfindən ölkə Prezidentinə dərin minnətdarlıq hissi ilə qarşılanır: “Dövlətimizin başçısının Zərdaba 6 may 2011-ci il və 7 oktyabr 2012-ci il tarixdə ardıcıl 2 dəfə səfər etməsi, görülən işlərə verdiyi yüksək qiymət zərdablıları daha da ruhlandırmışdır”.

Natiq Heydər Əliyevin əziz xatirəsinin bütün Azərbaycan xalqı kimi zərdablıların da qəlbində əbədi yaşayacağını vurğuladı.

Daha sonra söz konfransda iştirak edən qonaqlara verildi. Milli Elmlər Akademiyasının akademikləri Vasim Məmmədəliyev “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir”, Teymur Bünyadov “Ulu Öndər Heydər Əliyev haqqında xatirələr”, tibb elmləri doktoru, professor Çingiz Cərullazadə isə “Oftalmologiya elminin inkişafında akademik Zərifə xanım Əliyevanın rolu” mövzusunda məruzələrlə çıxış etdilər.

Daha sonra konfrans iştirakçıları Heydər Əliyev parkında keçirilən “Kitab bayramı”nda iştirak etdilər. Burada yaradılmış guşələrlə baxış keçirdilər.

Tədbirlər konsert proqramı ilə davam etdirildi.

Zerdab rayonu

Vasif Memmedeliyev

Zerdab rayonu