Qadınların fəallığının artırılması Zərdabda müzakirə olundu

0
19

ZerdabAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə Zərdabda qadınların ictimai-siyasi fəallığının artırılması məsələsinə həsr olunmuş regional tədbir keçirdi.
Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən, Zərdab, Ucar, Ağdam, Bərdə, Tərtər və Fizuli rayonlarının hər birindən 10 nəfər fəal qadının qatıldığı tədbirdə ölkəmizdə müstəqilliyin bərpasından sonra qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən danışıldı, bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə edildi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra qadınların ölkənin, o cümlədən hər bir bölgənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığının artırılması sahəsində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən söhbət açdı. Bildirdi ki, Ulu Öndərin bu sahədə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edib.

Regional tədbirin iştirakçıları Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü böyük işlərdən geniş bəhs etdilər. Qeyd edildi ki, qadınların fəallığı nəticəsində təkcə ötən bələdiyyə seçkilərində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatıb.
Bu gün qadınların ölkə həyatında fəal rolundan danışan tədbir iştirakçıları bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu vurğuladılar. Qeyd olundu ki, bu gün xalqımızın haqq səsinin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılmasında Azərbaycanın birinci xanımının xidmətləri əvəzsizdir.
Tədbirdə, həmçinin qadınların həyatımızın bütün sahələrindəki fəal rolundan, ölkəmizin hərtərəfli inkişafında daha yaxından iştirak etmələrindən, bu sahədə onlara qayğı və diqqətin daha da artırılmasından geniş bəhs edildi.

Zerdab.com