Gəlinin azadlıq istəyi və ya sevgi niyə nifrətə dönür?

7
60
toy-gəlin-2015-yeni2014-cü ilin statistikası göstərir ki, ölkəmizdə boşanmaların sayı sürətlə artmaqdadır. 
Belə ki, ötən il ölkəmizdə təxminən 73 min nikah aktı baş tutub və on min boşanma faktı qeydə alınıb. Əslində bu rəqəm tarixlə müqayisədə bizim üçün çox dəhşətli göstəricidir. Bir vaxtlar böyük bir fəlakət kimi qarşılanan boşanma halları artıq adiləşib, ailə dağılması faciə hesab edilmir, dərd sayılmır. Əksər hallarda isə boşanmalar evliliyin ilk ilində baş verir. İllər boyunca bir-birini sevən gənclər evləndikdən bir neçə ay sonra “xasiyyətimiz tutmadı” iddiası ilə məhkəməyə müraciət edirlər. Artıq nəyin səmimi, nəyin yalan olduğunu araşdırmağa belə ehtiyac qalmır, çünki aradan xətir-hörmət götürülüb, körpülər yandırılıb, elə təhqirlər səsləndirilib, elə üzlər üzə çıxıb ki, daha üz yeri qalmayıb. İllərlə sürən məhəbbət bir neçə ayda alt-üst olub, toya qədər bir-biri üçün darıxan gənclər sanki bunlar deyildilər, indi görməyəndə darıxmırlar, görəndə darıxırlar. Qısqanan analar

Psixoloqlar bildirirlər ki, bəzən ana, ürəyinin parçası hesab elədiyi oğlunu gəlinə qısqanır. Təbii ki, evliliyin ilk aylarında oğul öz həyat yoldaşı ilə daha çox vaxt keçirmək, onunla gəzib-dolaşmaq, deyib-gülmək istəyir. Ana daha əvvəlki kimi  istədiyi vaxt oğlunu tapa bilmir və yavaş-yavaş qısqanmağa başlayır. Əgər ana hər şeyi anlayışla qarşılamasa, qısa müddətdə müəyyən narazılıqlar özünü göstərir.

Bəzi psixoloqlar buna qayınana sindromu deyirlər. Qayınana sindromu tədricən gəlinə qarşı yönəlir və onun hər işində müəyyən qüsurlar “üzə” çıxmağa başlayır: qabı təmiz yumayıb, ev-eşiyi yığışdırmayıb, səhər yuxudan gec oyanır, saatlarla telefonla danışır… ittihamlar istədiyin qədər.

Bəzi gəlinlər də hələ ər evində ikən qayınananı vahiməli bir varlıq kimi təsəvvür edir və irəlicədən ona qarşı müdafiəyə hazırlaşır. Ona görə də ilk təmaslarda istər-istəməz müəyyən toqquşmalar nəzərə çarpır.

 Gəlinin azadlıq istəyi

Son dövrdə dəb halını alıb: gəlin ərə gələn kimi ayrı yaşamaq istəyir. İstəmir ki, qayınana-qayınata ilə bir evdə yaşasın. Yəni hər şeyi öz ürəyincə qurmaq, görmək istəyir. Elə qızlar da var ki, hələ gəlin gəlmədən şərt qoyur: ayrı yaşayacam, vəssalam. Bəzən bu azadlıq istəyi çox ağır nəticələr verir. Qızlar elə düşünürlər ki, sərbəst yaşamaq, başının üstündə təzyiq hiss eləməmək daha yaxşıdır. Belə qızlar söz götürməz, məsləhətə qulaq asmaz, bir işinə cüzi də olsa irad tutulsa, üsyan edərlər. Bu xasiyyətdə qızlar ərinə həyat yoldaşı olmağı qəbul edirlər, amma onun anasına gəlin olmaq istəmirlər.

Bizim ənənələrimizə görə, gəlin ən azı bir neçə il qayınana yanında qalarsa, bu hər şeydən əvvəl onun özü üçün faydalıdır. Heç bir ana istəməz ki, oğlunun ailəsi dağılsın. Ona görə də ailənin təməlinin möhkəm olmasında ağsaqqalların, ağbirçəklərin rolu çox böyükdür. Evə gələn gəlin o ocağın adət-ənənələrini götürür, xasiyyətini mənimsəyir, yolunu, ərkanını qəbul edir. Əslində qayınana-qayınata gəlin üçün dayaqdır, güvən yeridir. Əgər əri bir haqsızlıq edərsə, gəlin qayınananın, qayınatanın şəxsində özünə kömək axtarar.

 Fədakarlıq xoşbəxtliyin anasıdır

Bəzən olur ki, ailədə tərəflərdən biri ən adi məsələlərdə boş yerə inad edir, hay-küy salıb qarşı tərəfi bezdirir. İlk addımdan hər şeyə sərt reaksiya vermək, qarşı tərəfə həddini bildirməyə çalışmaq gərginliyin artmasına səbəb olur. Mütəxəssislər məsləhət görürlər ki, evliliyin ilk aylarında adi bir şeyin ciddi münaqişəyə səbəb olması o qədər də nadir hal sayılmır. Ona görə də mütəxəssislər evliliyin ən azı ilk üç ilini sınaq müddəti elan ediblər və statistika da göstərir ki, boşanmaların 70 faizindən çoxu məhz bu mərhələdə baş verir.

Yersiz qısqanclıq da ailənin təməlini sarsıdan əsas amillərdəndir. Əgər gəlin hər gün: “İşdən niyə gec gəldin? Telefonuma niyə cavab vermədin? Filankəsə niyə elə baxdın?” kimi suallarla ərinin yaxasından asılırsa, əlbəttə, qısa zamanda hər şeyin təravəti də itəcək, dadı da qaçacaq. Əgər kişi evə gec gəlirsə, qadının hər cür şübhələrini, düşüncələrini gizlədərək onu fədakar bir görkəmlə, gülərüzlə qarşılaması, xidmət göstərməsi istər-istəməz öz səmərəsini verəcək. Aparılan araşdırmalar onu da ortaya çıxarır ki, bəzən gənc xanımlar qısqanclıqları ucbatından qorxduqları sonluğu özləri yetişdirirlər.

 Quda əməkdaşlığı

İstər oğlanın, istərsə də gəlinin valideynləri çalışmalıdırlar ki, ailənin təməli möhkəm olsun, ortaya hər hansı bir narazılıq, inciklik düşməsin. Bunun üçün də onlar səmimi olmalı, tez-tez görüşüb hal-əhval tutmalı, yeni evliliyin necə davam etdiyini ciddi nəzarətdə saxlamalıdırlar. Əgər qızın anası onu qayınanasına qarşı körükləyirsə və evdə hakimiyyəti ələ keçirmək üçün təlimatlandırırsa, demək, qarşıdurma qaçılmazdır. Halbuki analar da, atalar da gənclərə örnək olmalı, səmimi, təbii davranışları ilə onları bir-birinə bağlamalıdırlar. Qızının xoşbəxtliyini istəyən ana ona qayınananı ana gözündə görməyi tapşırar.

 Peyğəmbərimizin örnəyi

Bir gün Rəsulullahın (s.ə.s.) qızı Ruqiyyə atasına əri Həzrəti Osmandan şikayət edir. Qızının şikayətini dinləyən Rəsulullah (s.ə.s.) belə deyir:

– Ey qızım, əgər Allah-Təalanın rizasını və mənim rizamı qazanmaq istəyirsənsə, bir an belə dayanma, evinə get, Osmandan üzr dilə, onunla barış. Yoxsa, nə Allah qatında, nə də mənim hüzurumda yerin qalar.

Rəsulullah qızı Ruqiyyəni ər evinə qaytarır.

Əlbəttə, bu cür əxlaq üzərində qurulmuş ailə dağılmaz. Çünki gəlin də bəlli, onun həyat yoldaşı da, qayınata da. Onları birləşdirən mənəvi tellər o qədər güclüdür ki, bu cür kiçik incikliklər heç bir sarsıntıya səbəb ola bilməz. Rəsulullah (s.ə.s.) öz qızını da yaxşı tanıyır, onun əri Həzrəti Osmanı da. Ona görə də qızına tövsiyə edir ki, evinə dönsün və ərindən üzr istəyib barışsın.

Rəsulullahın (s.ə.s.) bu gözəl davranışı əsrlər boyunca İslam dünyası üçün örnək olmuşdur. Amma bu heç də o demək deyil ki, boşanmaq olmaz. Əgər anlaşma mümkün deyilsə, tərəflər bir-birinin həyatını zəhərə döndərirlərsə, əlbəttə, bu halda boşanmaq doğru seçimdir.

 Həzrəti Əli iki Fatimə arasında

Biz Rəsulullahın (s.ə.s.) həyatından qayınatanın qızına və kürəkəninə münasibətini gördük. Həzrəti Əlinin (r.a.) həyatından da oğulun həyat yoldaşı ilə ana arasındakı mövqeyinə qısa nəzər salaq. Həzrəti Əli ev işlərini həyat yoldaşı Fatimə ilə anası Fatimənin arasında bölmüşdü. Çöl işlərinə ana baxır, evə su daşıyırdı; əl dəyirmanında dən üyütmək, çörək bişirmək, xörək hazırlamaq işləri isə Fatimeyi Zəhra anamızın vəzifələri idi.

Həzrəti Əli vəzifələri elə bölmüşdü ki, anası Fatimə ilə xanımı Fatimə hər biri öz işi ilə məşğul olur və səmimi atmosferdə yaşayırdılar. Gəlin Fatimə də qayınana Fatiməni öz anası, qayınana da gəlinini övladı kimi sevirdi.

Hər xalqın özəlliyi

Ailə-məişət məsələsi xalqları bir-birindən fərqləndirən əsas amillərdən sayılır. Ailədə hər kəsin özünə görə statusu var, oturduğu yeri, danışmaq növbəsi var. Min ildir xalqımız hər şeyi belə görüb, belə davam etdirib. Süfrənin yuxarı başında evin böyüyü əyləşib, yeməyin ilki onun qarşısına gəlib, o, “Bismillah!” deyib əlini süfrəyə uzatmayınca kimsə yeməyə başlamayıb. Evə gələn gəlin ailə ənənəsini görüb, ona uyğunlaşıb və 10-15 ildən sonra qayınana-qayınatadan ayrılanda da həmin ənənəni özü ilə aparıb, övladlarına tətbiq edib. Bugünkü gəlin sabahkı anadır, ana qayınanadır. Xoşbəxt qayınana olmağın yolu layiqli gəlin olmaqdan başlayır.

Qayınana – anlayan gəlin üçün misilsiz bir nemətdir.

7 ŞƏRH

  1. Allah butun qaynanalara can sagligi nesib etsin.Boyuye hormet edrsen hormet gorersen etmezsen gormezsen.Allah her birimizi bu yolda islah etsin Insallah.

Comments are closed.