“Üzümü dədə-babamın doğulduğu torpağa – Zərdaba tutdum”

3
19778
jale-eliyeva

Dosye: Çəkinmədən deyə bilərəm ki, Jalə Əliyeva Milli Məclisin ən gözəl xanımıdır. Müsbət aurası olan bu xanım gülərüz və mülayimliyi ilə digər millət vəkillərimizdən fərqlənir. Jalə xanımla söhbətimz, tam qadın söhbəti oldu. Qızı ilə eyni yaşda olduğum bu qadınla söhbətimiz həmyaşıdlarımla etdiyim söhbətlər kimi maraqlı və əyləncəli idi. Millət vəkili olan bu xanım millətə nə qədər vəkillik edə bilir? Söhbətimizlə tanış olub, bu suala özünüz cavab tapın!

“Gözəlliyimə ayırdığım zamanı itirilmiş vaxt hesab edirəm”

– Çox gözəl və baxımlı xanımsınız. Yəqin, millət vəkili olaraq, işləriniz çox olur. Bütün bu işlərin içərisində xarici görünüşünüzə qulluq etmək üçün nə qədər vaxt ayırırsınız?
– Xarici görünüşümü tənzimləmək üçün nə qədər vaxt ayırdığımla bağlı olaraq, dəqiq bir statistik rəqəm deyə bilməyəcəyəm. Cəmiyyət arasındayamsa, insanların qarşısına çıxacağamsa, mütləq öz xarici görünüşünə fikir verməlisən. Bunu subyektiv fikir kimi qarşılamasınlar. Elə düşünməsinlər ki, başqa işim-gücüm yoxdur. Mən deməzdim ki, hər gün buna vaxt ayırıram. Amma tədbirlər, iclaslar olanda, müəyyən insanların qarşısına çıxacağım gün xarici görünüşümü tənzimləmək üçün bir saat vaxt ayırıram. Etiraf edim ki, gözəlliyimə ayırdığım zamanı itirilmiş vaxt hesab edirəm.

– Niyə..?
– Bəzən rəsmiyyətdən yoruluram. Evdəki makiyajsız, rahat geyimdə olmağa üstünlük verirəm.

– Yəni Jalə Əliyeva göründüyü kimi qlamur xanım deyil?
– Bəli, mən qlamur deyiləm.

– Qadınlarımızın əksəriyyəti saatlarla gözəllik salonunda olmağı, alış-veriş etməyi sevirlər…
– Qadın psixologiyası belədir, gözümüz əşyalardan doymur. Araşdırmalar aparılıb və öyrənilib ki, qadınlar ən çox darıxanda, narahatlıq hiss edəndə alış-verişə gedirlər. Mən də alış-veriş etməyi sevirəm. İşimə görə buna çox da vaxtım olmur. Amma alış-veriş sevimli işdir, həqiqətən də rahatlıq gətirir. Adətən, bizim xanımlar xarici ölkələrə gedəndə, ölkədən kənarda alış-veriş etməyi sevirlər. Mən isə əksinə, xarici ölkəyə gedəndə alış-veriş etməyi sevmirəm. Demirəm ki, mağazalara girmirəm. Amma məqsədim nəsə almaq olmur. Çünki rahat ola bilmirəm. Rahat alış-veriş etmək üçün mənə vaxt lazımdır. Xaricdə olanda vaxtımı mağazalarda itirmək istəmirəm. Ona görə də elə bütün alış-verişilərimi Bakıda edirəm.

– Kimin zövqünə etibar edirsiniz? Alış-verişə gedəndə kimi özünüzlə aparırsınız?
– Uşaqlıqdan, gəncliyim də daxil olmaqla, hətta son illərə qədər anamın zövqünə çox etibar etmişəm. Anam çox zövqlü qadındır. Uşaq vaxtı anam heç dəbdə olmayan geyimləri icad edib, tikdirib, geyinirdi. Bu təəccüblə qarşılanırdı. Amma 6 ay, 1 il keçəndən sonra görürdün ki, bu dəb Bakıya da gəlib. Ona yaxın insan olduğum üçün qəbul etmişəm ki, o, avanqard düşüncəli insandır və uzaqgörəndir. Artıq onun o yaşı deyil ki, mənimlə mağazaları gəzsin. Heç həvəsi də yoxdur. İndi seçimlərimiz arasında ziddiyyətlər də yaranıb. Bu səbəbdən də son dövrlərdə alış-verişə tək gedirəm. Bəzən qızımla məsləhətləşirəm. Amma mənim bugünkü statusum, seçimlərim onların zövqü ilə üst-üstə düşmür. Bilirsiniz, cəmiyyət içinə çıxdığımız üçün bəzən qəlbimin istədiyi kimi deyil, görünməyim gərəkən kimi geyinirəm. Necə deyərlər, “palaza bürün, ellə sürün”.

Dediniz ki, geyimim, görünməyim gərəkən kimidir. Bəs, hərəkətlərinizdə, münasibətlərinizdə də görüntünü nəzərə alırsınız?
– Mevlana deyir ki, “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Allahıma şükür edirəm ki, illər məni dəyişməyib. Bunu mənim deməyim, qeyri-təvazökarlıq olar. Amma bunu başqaları deyir. Yaxşı mənada deyirlər, pis mənada deyirlər, onu bilirəm. Uşaqlıq dostlarım, rəfiqələrim, qohumlarım da deyirlər ki, səni necə tanımışıqsa, bu gün də eləsən. Hətta deyirlər ki, uşaqlıqda tanıdığımız kimisən. Özüm də daxilimdə o uşaqlığı hiss edirəm. İllər keçdikcə, yaşa dolduqca insanın düşüncələri, dünyaya baxışı, həyat fəlsəfəsi də dəyişir. Bütün bunlarla yanaşı, çalışıram ki, naturamı itirməyim. Xislətimdə daha çox yaxşı və ya pis tərəflərin olduğunu deyə bilmərəm.

– Jalə xanım, dediniz ki, daxilimdə hələ də uşaqlığı hiss edirəm. Bəs, bu yaşınızda heç uşaqlıq edirsiniz?
– Açığı, mən heç uşaqlığımda da uşaqlıq etməmişəm. Anam həmişə deyir, mən heç vaxt görmədim ki, bütün uşaqlar kimi evdə bir ziyankarlıq edəsən, nəyisə qırasan, yandırasan, dağıdasan. Evin yeganə qızı olmağıma baxmayaraq, heç nə tələb etməmişəm. Bilirsiniz, mən gənclərin cəmiyyətini çox sevirəm. Bəlkə də elə bu, uşaqlıqdır. Əgər, bir məclisdə özümlə yaşıd insanlarla yanaşı uşaqlar da varsa, mən özümü onların yanında tapıram.

Qızınızın neçə yaşı var?
– 22.

– Sizin evinizdə fərqli nəsillərin nümayəndəsi olan üç qadın yaşayır. Necə yola gedirsiniz? Çətin deyil ki..?
– Güzgüyə baxanda ciddi problemlərimiz olur. Növbə ilə baxmaq məsələsi problem olur. Zarafat bir yana, bir-birimizin fikirləri ilə hesablaşmağı bacardığımız üçün evdə vəziyyət normal olur. Yalnız öz ailəmizi nəzərdə tutmuram, bütün ailələrdə hər bir üzvün fikri çox əhəmiyyətlidir və ona hörmətlə yanaşmaq lazımdır. Əsla öz fikrini diktə etməməlisən, edə bilməzsən. Bu, kişiyə də, qadına da, anaya da, qaynanaya da aiddir. Əlbəttə ki, nəsillər arasındakı fərq özünü göstərir. Ən azından, zövqdə, televiziya verilişlərinin seçimində, verilişlərin səsinin yuxarı və ya aşağı tutulmasında və sair…

“Mənim ailəmdə kişi obrazı yoxdur” 

Həyatınızda boşluq hiss edirsiniz?
– Səmimi deyim ki, boşluqlar haqqında düşünməyə vaxtım yoxdur. Allah heç bir insanı yaradarkən, tam yaratmır və ona heç nəyi tam vermir. Ya ağıldan, ya gözəllikdən, ya maddiyyətdən, ya da mənəviyyatdan əksiklik olur. Və yaxud da taleyi əksik olur. Allahımdan razıyam ki, mənə qarşı kifayət qədər əliaçıq olub. Bu gün həyatımda hansısa boşluqlar varsa və dolmursa, bundan şikayətçi deyiləm.

– Ailənizdən danışdınız və sizin ailənizdə bir obrazın yoxluğu diqqətimi çəkdi…
– Mənim ailəmdə kişi obrazı yoxdur.

– Qadınlar hər zaman yanında güvənə biləcəyi kişinin olmasını istəyirlər…
– Bilirsiniz, yaşın elə dövrləri var ki, həyatında o obrazın boşluğunu hiss edirsən. Və yaxud da həyatın elə anları olur ki, bir arxa, güclü insan istəyirsən ki, sənə dayaq olsun. Gündəlik problemlərini danışasan, sənin qayğını çəksin. Bu, normal istəkdir. Amma bunu sırf “əliçıraqlı” axtarmamışam. Təbii ki, qadının ən böyük xoşbəxtliyi, ailə xoşbəxtliyidir. Bunu mən demirəm, böyüklərimiz deyir. İkinci Dünya Müharibəsində qadınlarmızın əksəriyyəti  həyat yoldaşlarını itirdilər. Heç uzağa getməyək, elə Qarabağ Müharibəsində nə qədər qadın həyat yoldaşını itirdi. Nə oldu, o qadınlara..? Öldülərmi? Yox! Yaşadılar. Daha da dəyanətlə yaşadılar. Övladlarına o itkini göstərməməyə çalışdılar. Bəzən əlimizdə olmayan səbəblərdən tək qalırıq. Çalışmaq lazımdır ki, bu təkliyi nə sələflərinə, nə də xələflərinə hiss etdirməyəsən.

“Bacı-qardaşımın olmasını istərdim”

– Sözlərinizdən belə çıxdı ki, uşaqları çox sevirsiniz. Çoxuşaqlı ana olmaq istəyərdinizmi?
– Bax, bunu çox istəyərdim. Mən tək olmuşam, qızım təkdir. Uşaq vaxtı təkliyimi hiss etmirdim. Hətta bu, xoşuma gəlirdi, üstünlük sayırdım. İllər keçdikcə, onların yoxluğunu hiss edirəm. Bacı-qardaşımın olmasını, özümə görə istəməmişəm. Mən onların varlığını valideynlərim üçün istəyirəm. Çünki mən bu gün evə istədiyim qədər diqqət edə bilmirəm, nazları ilə oynaya bilmirəm. Ailəmizdəki böyüklərin indi elə yaşıdır ki, mənə elə gəlir, onlar qızımdan da uşaqdırlar. Atamı itirmişəm. Anama, bibilərimə, xalalarıma mən cavabdehəm. Onların yükünü mənim çiyinlərim çəkir. Həm fiziki, həm də vaxt baxımından, bu yükü daşıya bilmirəm. Çox arzu edirəm ki, üç gün Bakıdan gedəndə rahat olum ki, anamın çörəyini gətirən olacaq. Qapısının kilidi qırılsa, düzəldən olacaq. Amma mən yoxamsa, bunu edə biləcək ikinci övlad yoxdur axı, gözüm arxada qalır. Baxın, buna görə də, bacı-qardaşımın olmasını istərdim.

Qayğılarınız çoxdur, siz də yorğun..?
– Belə çıxır. (Jalə xanım bu sualıma Alla Puqaçovanın “Tak je kak vse”(“Так же как все”) mahnısını oxuyaraq, cavab verdi)

Кто, не знаю, распускает слухи зря,
Что живу я без печали и забот,
Что на свете всех удачливее я,
И всегда, и во всем мне везет.

Так же как все, как все, как все
Я по земле хожу, хожу.
И у судьбы как все, как все
Счастья себе прошу.

Bu həyatda hər kəsin müəyyən missiyaları olur. Bu yolu özümüz seçmişik. Əslində, şikayətlənməyə əsasımız da yoxdur.

Türkiyə səfirliyinin tərcüməçisi…

– Uzun müddət Türkiyə səfirliyində işləmisiniz...
– Bəli. Mən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirmişəm. Qoy, bir az özümü tərifləyim. Beş il Lenin təqaüdü almişam. Atam və anam müəllim idi. Elə onların maaşı qədər təqaüd alırdım.

Pullarınızı necə xərcləyirdiniz?
– Bir az xərcləyirdim. Qalanını evə verirdim. Nəyin üstündə buralara gəldik?

Səfirlikdəki işlərinizdən danışmalıydınız...
– Bəli. Universiteti bitirdim. Elə həmin il məni universitetdə saxladılar. Saat hesabı ilə dərs deməyə başladım. İnanın, ömrümün ən maraqlı illəri idi. 22 yaşım hələ tamam olmamışdı və auditoriyaya müəllimə kimi daxil olurdum. Yaşca məndən böyük, hətta evli tələbələrim də vardı. Çox həyəcan keçirirdim. Qorxurdum, elə sual verərlər  ki, cavab verə bilmərəm. Ona görə də oturub, gecələr tələbələrimdən çox oxuyurdum. Universitetdə işləyə-işləyə yeni yaradılmış Mədəniyyət Fondunda da çalışırdım. Bu, SSRİ Mədəniyyət Fondunun Azərbaycan filialı idi. 1991-ci ildə Azərbaycanda Türkiyə konsulluğu yaradıldı. 1992-ci ildə səfirlik oldu. Elə o gündən etibarən də tərcüməçi kim orada işə başladım.

Nə vaxta kimi..?
– Deputat olana qədər… 2005-ci ilə kimi…

Türkiyə səfirliyindən işdən çıxmağınızla bağlı müəyyən fikirlər səsləndirilir…
– Müəyyən fikirlər səsləndirə bilərlər, amma mən onlardan xəbərsizəm. Birmənalı olaraq, deyə bilərəm ki, orada işlədiyim 13 il ərzində heç bir problem yaşanmayıb. Bu gün də dostluq münasibətlərimiz davam edir.

Məğlubiyyətin qələbəyə apardığı yol…

2015-ci ildə parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü?
– Bu gün çox ilklərə imza atdınız. Bu sualı hələ mənə verən olmamışdı. İki dəfə seçilmişəm. Amma daha neçə il deputat olmaq istədiyim haqda düşünməmişəm. Siyasətə gəlmişiksə, bu, bir-iki il üçün nəzərdə tutulmayıb. Nə qədər bu potensial davam edəcəksə, doğru bildiyim yolda nə qədər addımlaya biləcəyəmsə, o zamana kimi də siyasətdə olacağam.

Jalə xanım, Sizi cəmiyyətdə nələr narahat edirdi ki, deputat olmaq fikrinə düşdünüz? Ümumiyyətlə, niyə deputat olmaq istədiniz?
– Bizim gənclik illərimiz Azərbaycanın çox təlatümlü vaxtına təsadüf edib. Biz hər gün meydanlarda idik. BDU-nun tələbələri bu işdə xüsusi ilə fərqlənirdilər. Şüar kimi çıxmasın, mən vətən, torpaq sevgisi ilə böyüdülən uşaq olmuşam. Həm bunlar, həm də mövcud rejim içimdə etirazların yaranmasına səbəb olub. Mən demirəm ki, meydanlarda ön sırada idim, amma hər zaman milyonlardan biri olmuşam, onların içində olmuşam. Çox gənc olduğumdan, ailəmizdə 37-ci il repressiyasının qorxusu hələ də qaldığından siyasətə tam qoşula bilmirdim. Bizim nəslin çox üzvü repressiya qurbanı olub, öldürülüb, sürgün edilib. Mən millət vəkili olana qədər də ailəmin siyasətə baxışı çox fərqli olub. Dissident olsaq da, bunu qapıdan kənara çıxarmırdıq. Bilirsiniz, Türkiyə səfirliyində işləməyə başladım. Səfirlik elə bir yerdir ki, olduqları ölkələrdə baş verən bütün hadisələrin tam içində olurlar və eyni zamanda da xaricində… Nələrin baş verdiyini, niyə baş verdiyini və nələr baş verərsə, daha yaxşı olar, mən bunların hamısını bilirdim. Artıq içimdə bir səs qışqırırdı. Axı, mənim də deməyə sözüm var. 1998-ci ilə qədər bu sözü deməyin yolunun millət vəkili seçilmək olduğunu bilmirdim. Bir gün televizorda parlamentimizin iclasına baxanda, orada hansısa məsələnin müzakirəsinə qulaq asanda, qərar verdim ki, mən də orada olmalıyam, bu problemlərin həllini tapmalıyam. 2000-ci ildə özümdən asılı olmayaraq, namizədliyimi verdim. Təkbaşıma, heç bir maliyyə dəstəyi olmadan, partiya üzvü olmadan ortaya çıxdım. Geniş çevrədə tanınmadığım üçün üzümü dədə-babamın doğulduğu torpağa – hansı ki, orada bizim nəsili hələ də xatırlayırlar – Zərdaba tutdum. Zərdabda həqiqətən də məni gözəl qarşıladılar. Bu münasibət babalarım elədiklərinin, xalqa qoyub, getdiyi izlərin nəticəsi idi. Təbii ki, bu, kifayət etmədi. Hələ tam hazır olmadığım üçün seçkilərdə məğlub oldum.

Kimə məğlub olmuşdunuz?
– Səyyad Arana uduzmuşdum. Hesab edirəm ki, o, kifayət qədər layiqli namizəd idi. Bu məğlubiyyətdən sonra məqsədyönlü şəkildə, hədəflərimi müəyyən edərək, 2005-ci il seçkilərinə hazırlaşdım və qalib oldum. Həmişə deyirəm ki, 2005-ci ildəki uğurum, 2000-ci ildən başlayır.

Anar müəllimlə uzaq qohumuq”

– Milli Məclisin Mədəniyyət Komitəsinin üzvüsünüz. Növbəti sualım son dövrlərdə barəsində ən çox danışılan və birmənalı qəbul olunmayan xalq yazıçısı Anar haqqındadır. Niyə ona qarşı bu qədər təzyiqlər var? Anar harada səhv edib? Nədir ,onunla dərdləri..?
– Anar müəllimi uşaqlığımdan müəllim kimi qəbul etmişəm. Evimizdə ən çox Nazim Hikmət və Rəsul Rzanın əsərləri müzakirə olunub. Bəlkə də heç kim bilmir, Rəsul Rza rəhmətə gedəndə üzümü divara çevirib, ağlayırdım. Onda uşaq idim. Onu heç vaxt görməmişdim. Sadəcə, şeirlərini oxumşdum. Amma bir yaxınlıq, doğmalıq hiss edirdim. Onu da deyim ki, Anar müəllim uzaq qohumumuzdur. Amma heç vaxt gediş-gəlişimiz olmayıb. Böyüdükcə də Anarın əsərlərində dissidentlik ruhunu görürdüm. Onun əsərlərini sadəcə oxumamışam, sanki canıma çəkə-çəkə oxumuşam. Bu gün onun ətrafında baş verənlər təbii ki, məni narahat edir. Bunlarla yanaşı, Anar müəllimin hərəkətlərində qəbul etmədiklərim də var. Gərək, o, bu ittihamlara, hətta bəzi məqamlarda ona edilən təhqirlərə cavab verməyəydi. Bu, mənim subyektiv fikrimdir. Bilirsiniz, həyat bir rəngdən ibarət deyil, cəmiyyətdə hər kəs eyni fikri düşünə bilməz. Heç kimdən səninlə eyni düşüncəni bölüşməyi tələb edə bilməzsən. Özlərindən yaşca böyük, babaları yaşda olan adam haqqında işlətdikləri ifadələr, onların boyunlarında qalacaq. Düşünürəm ki, iki cəbhənin yaradılmasına imkan verilməməli idi. Anarı sevənlər və Anarı sevməyənlər bir-birənə cavab verəydilər. Anar müəllim isə bu işdən uzaqda durub, durduğu zirvədə qalmağı seçməli idi. Bir millət hər gün böyük yazıçı, rəssam, bəstəkar, siyasətçi yetişdirmir. Gərək, onların qədrini bilək. Və o insanlar da qiymətlərini bilib, tutduqları zirvədən enməməlidirlər.
(Son sualımı verməsəydim, yəqin ki, ürəyim partlayardı. Jalə xanımın üz cizgiləri o qədər düzgündür ki, adamda ağla gələn ilk fikir, istər-istəməz, plastik əməliyyat etdirib-etdirməsi olur. Məlum oldu ki, etdirməyib. Amma nə vaxt güzgünün qarşısında görünüşü onu narahat etsə, heç çəkinmədən əməliyyat etdirər).

Sədan Bünyadova

Fotolar: Elxan Əliyev

 

 

3 ŞƏRH

  1. ….Bir az xərcləyirdim. Qalanını evə verirdim. Nəyin üstündə buralara gəldik?

  2. Sona qeder cox diqqetle oxudum.Ozumu cox xosbext hesab edirem ona gore ki Jale xanimla sexsen gorusmusem.Cox sade ve dinleyen insandir.Allah pis nezerden qorusun.Ovladini cox xosbext etsin.Amin.

Comments are closed.