Professor Elnur Soltanov: “Zərdab mənim üçün çox doğmadır”

6
37943
elnur-soltanov-energetika

Olduqca səmimi, mehriban, sakit bir insan təsiri bağışladı Elnur müəllim… Ona rayonumuzu təmsil edən Zerdab.com saytı ilə bağlı məlumat verdim və müsahibə almaq istədiyimi bildirdim. Beləcə, söhbətimiz baş tutdu. Bu müsahibəni yayımlamaqda məqsədimiz Elnur Soltanov kimi dəyərli bir ziyalımızla oxucularımızı tanış etməkdir.

– Elnur müəllim, özünüzü oxucularımıza necə tanıdardınız?

 – Soltanov Elnur Zabit oğlu. Azərbaycan Diplomatik Akademiyasının professoru, Akademiyanın Enerji və Ətraf Mühit Mərkəzinin direktoruyam. Atam və anam hər ikisi Zərdab rayonundandılar, daha dəqiq desəm, Zərdab rayonunun Məlikli kəndindəndilər. Amma atamın ailəsi daha sonra mərkəzə – Zərdab rayonuna köçüb. Sonralar müəyyən səbəblərdən atam Mingəçevirə köçüb və elə mən də bu şəhərdə doğulmuşam. Amma Zərdab rayonunda evimiz olub, bu gün də var, həmişə gedib-gəlmişik, bu gün də gedib-gəlirik.

– Söhbətə başlamamışdan əvvəl dediniz ki, uşaq vaxtı tətiliniz ancaq Zərdabda – Məlikli kəndində keçib.

 – Bəli. Bildiyiniz kimi, Azərbaycanda şəhərləşmə demək olar, Sovetlər Birliyi dövründən sonra başlayıb və bu mənada hamının bir kəndi var. Mingəçeviri sevmişəm, hər cəhətdən gözəl şəhər olub, hətta bir çox infrastruktur cəhətdən məncə, Bakıdan da gözəl bir şəhər olub.

Lakin mən həmişə fikirləşirəm ki, uşaqlıq xatirələri deyəndə yadımda nə qalıbsa, geriyə doğru baxanda hamısı kəndlə əlaqəlidir. Uşaq vaxtı bizim üçün tətil kənd demək idi, Məlikli kəndi demək idi. Bizim üçün ondan daha gözəl bir şey ola bilməzdi. Əlbəttə, tətil olduğuna görə. Bir şagirdi ən çox sevindirən şey tətildir. Eyni zamanda da babamızın, nənəmizin hədsiz sevgisini duymaq, hiss etmək, kitabda oxuduğumuz heyvanları həyətdə görməyimiz, ağaclardan meyvə yığmağımız, nənəmizi inək sağarkən görmək və s. bizim üçün çox sevindirici və maraqlı idi. Bütün bunların hamısı gözümüzün qarşısında olması mənə dəhşətli dərəcədə zövq verirdi. Bundan əlavə, sərbəstlik olurdu, o vaxt dediyimiz kimi ifadə eləsəm, qaçıb çimməyə gedirdik.

Yenə deyirəm, uşaqlıq xatirələri deyəndə yadımda nə qalıbsa, hamısı kəndlə əlaqəlidir. Babama yalvarardıq ki, bizi qoyun otarmağa aparsın. Heç unuda bilmirəm.

– Mən atamdan sizin qohumlarınız barədə soruşdum, həm babanızı, həm də atanızı tanıdığını söylədi.

 – Ana babam Xalid Xancanov olub. Ata babamın adı isə Cəlildir. Onu görməmişəm, ikinci dünya müharibəsində şəhid olub. Atam Zabit Soltanovdur. 70-ci illərin tanınmış qarmon ifaçısı olub. Məşhur “Gecələr” mahnısının müəllifi atamdır, lakin bu günədək atamın müəlliflik hüququ bərpa olunmayıb. Atam təkcə rayonumuzda yox, o dövrdə əksər rayonlarda tanınıb. Mingəçevirdə 16 nömrəli məktəbdə musiqi müəlliməmiz var idi, bir dəfə mənə dedi ki, Zəngilanda yaşamışam, biz biləndə ki, sənin atan Zabit Soltanov rayonumuza gəlib, onun ifasına qulaq asmaq üçün kəndimizdən rayon mərkəzinə gedirdik.

Mən sonradan bildim ki, atam o dövrdə ən yaxşı qarmon çalanlardan biri sayılırdı. Atam çox erkən – 54 yaşında rəhmətə gedib. Onun “Gecələr”dən başqa mahnıları da var idi. Amma nə baş verib? Atamın qəribə taleyi olub. Mənim böyük qardaşım, yəni ailəmizin ilk övladı 10 yaşında vəfat edib. Çox qəribə uşaq imiş, 10 yaşı olmasına baxmayaraq, bir neçə dildə danışırmış. Bu gün də onun oxuduğu məktəbə getsəniz, müəllimləri onu xatırlayırlar. Qardaşımın vəfat etməsi atamı çox sarsıdıb və karyerası beləcə sonlanıb. Atamda küskünlük yaranıb, bəlkə də, belə olmasaydı, karyerasına davam edərdi.

– Elnur müəllim, rayonumuzla bağlı hansı fikirdəsiniz?

 – Ümumiyyətlə, mən heç kimdən, heç vaxt soruşmaram ki, haralısan. Yerlibazlıq mənasında yox, amma mən də doğma Zərdabımızın həmişə inkişafını arzulamışam, düşünmüşəm.

– Niyəsə hər kəsdə belə bir fikir var ki, bizim camaatımız çox sadədir…

 – Mən də bu fikirləri tez-tez eşidirəm və deyilənlərin şahidi oluram. Bizim regionun insanı sadədir, ürəyitəmizdir, zəhmətkeşdir və s.

– Siz professorsunuz, elmi araşdırmalarınız var, Azərbaycanın ən nüfuzlu akademiyalarından birində çalışırsınız. Bir elm adamı olaraq rayonumuzda təhsil baxımından nələri görmək istərdiniz?

 – Mən çox istəyirəm ki, Zərdab rayonunda bütün ailələr arasında əsas mübarizə, əsas yarışma övladlarının təhsili üçün olsun. Qohumlar, qonşular arasında belə bir düşüncə formalaşsın.

– Maraqlı fikirdir, inşallah, elə də olar.

 – Mən çox istəyirəm ki, Zərdab rayonunda bütün ailələr düşünsünlər ki, mən övladıma mümkün ola biləcək ən yaxşı şəkildə necə təhsil verə bilərəm. Bu fikir onların həyatının qayəsi olsun. Bu olsa, bundan sonra qalan şeylər daha asandır.

– Amma bizdə uşaq dünyaya gələn kimi valideynlər qızlar üçün cehiz, oğlanlar üçün ev, maşın barədə düşünürlər.

 – Mənim fikrimcə, ailələr evə, maşına, cehizə pul yığmaqdansa, həmin yatırımı övladlarının təhsilinə qoymalıdırlar. Çünki yüksək təhsili olan adam bunlara onsuz da sahib olacaq. Mükəmməl təhsil, savad olandan sonra ev də olacaq, maşın da olacaq, xaricə də gedə biləcək, hər yerdə də yaşaya biləcək. Mən istəyirəm ki, Zərdabda insanlar arasında bu, fikir olaraq, düşüncə olaraq tam formalaşsın. Həm qızlarımız üçün, həm də oğlanlarımız üçün. Bundan böyük yatırım ola bilməz, bundan böyük xalqımızı, cəmiyyətimizi irəli apara biləcək heç nə ola bilməz. Dediyim kimi, Zərdab mənim üçün çox doğmadır. Vətənimi, Azərbaycanımı, Zərdabımı çox sevirəm. Təhsil mövzusunda keşkə, ən aparıcı yer Zərdab olaydı. Universitetə girən uşaqlar arasında zərdablılar faiz olaraq birinci yeri tutaydılar. Qalan şeylər hamısı ondan sonra düzələcək.

– Elnur müəllim, müsahibə üçün sizə təşəkkür edirik.

Mən də sizə təşəkkür edirəm. Bu məsuliyyətli işinizdə sizə uğurlar arzulayıram.

Nicat, Zerdab.com

6 ŞƏRH

  1. Nicat qardasim cox sag ol gozel musahibe ucun….Elnur heqiqeten bizm fexrimizdir…..neyinki bizim rayonun hetda Azerbaycanin fexridir…cunku qazandigi butun naliyetleri oz alin teri ve zehmeti ile qazanib…duzdu tale olari cox sinaga cekib….Qardaslari ile mende bir yerde saheye qoyun quzu otarmaga getmisik……ax o gozel gunler…

  2. Cox sagolun daha bir fexr edilesi oglanin Zerdabli olmasini bizlere bildirdiniz.Elnur beyi biz cox yaxsi taniyiriq amma onun Zerdabdan oldugunu bilmirdik.Cox talandli istedadli sade oglandi.Ilk ali tehsilini Turkiyede almis ve sonradan bu ardicilligi Amerkanin adli sanli unversitetlerinde davam etdirmisdir..Allah komeyinde olsun Elnur muellim size bu yolda ugurlar arzulayiriq.Sizi daha yuksekliklerde goreceyimize bizim subhemiz yoxdur.Iqtisad unversiteti.

  3. Məktəb illərindən Elnur istedadı ilə hər kəsin diqqətini cəlb etmişdi və həyatda uğur qazanacağı məlum idi.

  4. Elnur muellim tekce Zerdabin deil ,butun Azerbaycanimizin fexridi . Insallah Elnur muellimin ugurlari devam eder.

  5. ELNUR MUELLIM ANAMIN DAYISI NEVESIDIR VE BIZIM SEVIMLI QARDASHIMIZDIR.BIZIM FEXRIMIZDIR.TEKI AZERBAYCANDA ELNUR MUELLIM KIMI ISTEDADLI,LEYAQETLI OVLADLAR SAYSIZ,HESABSIZ OLAYDI.INSHAALLAH,ONUN UQURLARI DAHA DA EHATELI OLAR.AMIN.

Comments are closed.